RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ədəbiyyat Muzeyində elmi sessiya: İstiqlal uşaqları İyun 10, 2019 | 15:09 / Mühüm hadisələr

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 28 May - Respublika Günü və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “İstiqlal uşaqları” adlı elmi sessiya keçirilib. Muzeyin Elmi inkişaf və tədris layihələri şöbəsi ilə Qadınlar Təşkilatının birgə layihəsi çərçivəsində reallaşan tədbirdə AMEA Qadınlar Təşkilatının üzvləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “İstiqlalımızı sabaha daşıyan yük” mövzusunda məruzə ilə çıxış edib. O, 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, cəmi 23 ay yaşamış Cümhuriyyət zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz iz qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb. Məruzəçi Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, onların diplomatik fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun kəsb edib, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb.

Elmi sessiyada, həmçinin muzeyin kiçik elmi işçisi Dilbər Hüseynovanın “Ölkəmizdə dövlət uşaq siyasəti” və “İşıq” jurnalının məsul redaktoru, muzeyin dissertantı Əsəd Süleymanovun “Azərbaycanın ilk qadın mətbuatı – “İşıq” mövzularında məruzələri dinlənilib.

Tədbirdə “Aytam” Uşaqların Mədəni Maarifləndirməsi İctimai Birliyinin gənc istedadlarının ifasında şeir, musiqi, rəqslər ifa olunub, qaliblər fəxri fərmanla təltif edilib.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook