RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasına dair iş planı təsdiqlənib Sen 19, 2019 | 22:00 / Mühüm hadisələr

Sentyabrın 17-də Mədəniyyət komitəsi Milli Məclisin 2019-cu il payız sessiyasında ilk iclasını keçirib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Rafael Hüseynov öncə Azərbaycanda mədəniyyət sahəsində görülən işlərdən söz açaraq, bu sahənin inkişafı ilə bağlı ölkə Prezidenti İlham Əliyevin imzaladığı sərəncamları yada salıb.

Sonra iclasda gündəlikdəki məsələlər şərh olunub. Əvvəlcə parlamentin 2019-cu il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülmüş işlərin hesabatı təqdim edilib. Bildirilib ki, yaz və növbədənkənar sessiyalar dövründə Mədəniyyət komitəsində 8 iclas keçirilib, 15 məsələyə baxılıb, onlardan 11-i qanun layihəsi olub.

Nəzərə çatdırılıb ki, hesabat dövründə Mədəniyyət komitəsinə rəsmi qaydada daxil olmuş 175 təklif, ərizə və şikayətə baxılıb. Onlardan 121-i tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib, 54 müraciət isə işə alınaraq həll edilib. Sessiyalar müddətində komitə sədri 30 vətəndaşı qəbul edib. Komitə üzvləri parlamentdə və yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçiriblər.

Sonra iclasda Mədəniyyət komitəsi sədrinin müavini Jalə Əliyeva və komitənin üzvü Elmira Axundova çıxış edərək rəy və təkliflərini diqqətə çatdırıblar.

Komitə üzvləri hesabatı məqbul sayıblar.

2019-cu ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri barədə məlumat verən Rafael Hüseynov bildirib ki, iş planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında parlamentin payız sessiyasına təqdim edəcəkləri qanun layihələrinin müzakirəsi ilə yanaşı, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında” və “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihələri daxil edilib. Nəzərə çatdırılıb ki, qarşıdakı sessiyalarda parlamentin müzakirəsinə təqdim etmək üçün komitədə “Aşıq sənəti haqqında” qanun layihəsi də hazırlanıb.

İclasda Mədəniyyət komitəsinin payız sessiyasına dair iş planı təsdiqlənib. Sonra gündəlikdəki növbəti iki məsələyə baxılıb.

Bildirilib ki, birinci oxunuşda müzakirəyə çıxarılmış bu layihələr qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, eləcə də “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi bu sənədlərin 30 oktyabr 2018-ci ildə qəbul olunmuş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna uyğunlaşdırılması üçün hazırlanıb.

Baxılan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook