RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İbadətlərin ən gözəli - təhsil Yan 24, 2020 | 20:48 / Görüşlər

Abadlığı artan Abdulabad

O yerdə ki yanvarın 23-də Abdulabad və Kolanı sakinləri ilə görüşümüz keçirilirdi, vaxtilə ora həmin saatlarda uşaqlarla dolu olardı. Çünki bir neçə il əvvəl bura məktəb həyəti idi.
Sevinirəm ki, Hacıqabulda yeniləşən Azərbaycanın yeni məktəbləri sisiləsindən ən ilklərindən birinin Abdulabadda ucaldılması, həmin tikintinin plana salınması, vaxtında və keyfiyyətlə inşa edilərək başa çatması üçün mən də bacardığımı etmişəm. Dönə-dönə müxtəlif məqamlara yazılı və şifahi müraciət etmişəm, ləngimlərin olmamasına səy göstərmişəm.
İstənilən işinsə canıyananı, ardınca düşəni olanda uğurla başa çatır.
Və Abdulabaddakı görüşümüzün mənimçün bir əziz cəhəti də bu idi, sakinlərdən biri mənim doktorantımdır.
İnişil Təbrizi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin doktoranturasına qəbul etmişik və inanıram ki, yaxın illərdə Abdualabad onun adının Azərbaycanın alimləri sırasında yer almasına sevinəcək.
Təbriz Əhədə araşdırma mövzusunu elə öz adına uyğun vermişəm.
O, Azərbaycan şeirində Təbriz şəhərinin surətinin zaman-zaman necə əks edildiyi tarixçələri öyrənməklə məşğuldur.

Təhsil və təzə məktəb uman Talış kəndi

Qışa bənzəməyən yaz havalı bu qışımızın 23 yanvarında Talış kəndinə qonaq olanda bu hissimi seçicilərimlə bölüşmədim ki, nə yaxşı ilin soyuq olmalı bu fəsli belə yumşaq keçir.
Əslində mən hər fəsli öz rəngində, öz ətrində, öz olmalı olduğu biçimində görməyi arzulayıram. Ancaq Talış kəndinin məktəbinin dərdini də bilirəm axı. 1974-də tikilən həmin bina yarım əsrə çatan müddətdə bircə dəfə olsa belə əsaslı təmir edilməyib.
Talış kəndinin uşaqları isitmə sistemi olmayan, nimdaş, darısqal, hər baxımdan köhəlmiş bu məktəbdə təhsil alırlar və indi ölkə boyu ən ucqar kəndlərdə, həm də elə Hacıqabulun özündə də yüzlərlə müasir, geniş, təminatlı məktəbin istifadəyə verilməsindən də radio-televiziya, mətbuat vasitəsilə xəbər tuturlar.
Məktəbliləri, xüsusən də aşağı sinif şagirdlərini xırdaca əllərini, üşüyən barmaqlarını nəfəsləri ilə qızdıraraq yazıya başlayan görmək məni daxilən incidir.
Qış qış kimi keçsəydi, hava şaxatalı-sazaqlı olsaydı bu uşaqların işi bir az da ağırlaşardı.
Və kim bilir bəlkə elə sabah qar səpəcək, soyuq küləklər əsəcək, şaxta kəsəcək?
Biz böyüklər hər çətinliyə öyrəncəliyik. Bəs balalar dözə-dözə necə dərs oxusun?!
Neçə kənddə, elə bundan qabaq qonaq olduğum Meynimanda yenə məscid söhbəti düşmüşdü.
Əlbəttə, o da lazımdır. Amma mənim fikrimcə məcsidılər sayca az, həcmcə böyük olsalar, daha yaxşıdır. Məscidin bir mühüm gücü birləşdirməkdir. Məscidlərin sayı artdıqca əslində ibadət edənlər bir-birindən daha artıq aralanırlar.
Məktəbsə bir başqa məbəddir. Və bu məbədin sayı nə qədər çox olsa, o qədər yaxşıdır. Çünki məktəblərin miqdarı çoxaldıqca təhsilin keyfiyyəti də artır, yaxşı bilik alan insanlarsa, bir-birinə doğru daha artıq can atırlar.
Bilik birləşdirəndir!
Talışa təzə məktəb qazanmaqçün gərək döyülməli qapıların hamısını döyək.
...Talışa gəlmişkən bir neçə ailəyə də qonaq oldum.
Hamısı səmimi, mehriban, mehmannəvaz, hərənin də öz problemi, öz qayğıları...

Meynimana yeni gəliş arzusu

Hacıqabulun Meynimanına mən çox dəfələr gəlmişəm və bunlar bir-birindən xeyli fərqli səfərlər olub.
Elə indi, yanvarın 23-də olan kimi, bir neçə dəfə seçkilər gedişində baş tutan səfərlərim olub. Meynimanın, xatırlayanda indi də ürək ağrıdan qəmli günlərində gəlişlərim olub – buralar palçıq-su içində, insanlar evsiz-eşiksiz, yol qırağında müvəqqəti sığınacaq üçün tələsik qurulmuş çadırlarda ağlayan körpələr...
Meynimanlıların sel fəlakəti ağrılarını canlarından çıxaran gəliş – Prezident İlham Əliyevin meynimanlıların çətin günlərində olnalra hayan olması, uçulub-dağılmış evlərinin əvəzində qısa bir zaman içərisində tikilərək onlara hədiyyə edilən gözəl mənzillər...
...Meynimanın məktəbi qocalıb. Bu işin bir tərəfi. Amma digər əngəl də odur ki, zamanında 320 nəfər uşaqçün inşa edilmiş həmin məktəbdə indi 550 uşaq dərs alır.
Sabahsa, təbii ki, onların sayı bir az da artacaq.
Bir tərəfdən arxayınçılıqdır – yeni və müasir, hər tələbata cavab verən məktəb tikintisi 2019-2023-cü illərin Dövlət Proqramında artıq nəzərdə tutulub.
Gərək çalışaq ki, həmin tikinti nə qədər mümkündür o qədər tez başlasın.Elə bu ilmi, ya növbəti ildə?
Çox arzulayıram və səylər də qoyacağam ki, ən uzaq olmayan gələcəkdə Meynimanın daha bir xoşbəxt günündə onlarla həmin yeni məktəbin açılışı sevincini bölüşməyə gələ biim...

 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook