RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov Xalq artisti Habil Əliyevlə görüşündən yazdı Sen 08, 2015 | 13:11 / Görüşlər

Bu gün – 2015-ci il sentyabr ayının 7-də, axşam saat 8-də böyük sənətkarımız Habil Əliyevgilə getdim.

Rahat mənizlindəki o böyük otaqda ki, adətən orada Habil müəllimlə xörək yeyərdik, dərdləşərdik, sənət söhbətləri edərdik, zarafatlaşrdıq, indi bura çarpayı qoyulmuşdu və Habil müəllim yataqda idi. 

Yanında ixtisasca həkim olan qızı, gecə-gündüz xidmətində dayanan şəfqət bacıları, tibb mütəxəssisləri.

Bir neçə gündür komadadır və həkimlər də vəziyyətini sabit ağır kimi dəyərləndirirlər.

Olsun ki, tibbi baxımdan həqiqətən də belədir.

Ailəsi də “ümidimiz Allahadır” deyir.

Burası düzdür, onsuz da həmişə bütün ümidlərimiz, ən munis arzularımız Allaha bağlıdır.

Amma indi çarpayıda uzanan, tibbi qurğulara qoşulu bu insan sadə xəstə deyil axı!

Bu, Allahın sevimli bəndəsi, seçib-əzizlədiyi, Öz İşığından bir topa nur bağışladığı, içərisini istedadla, ilhamla doldurduğu qeyri-adi yavrusudur.

Ömrü boyu Allahla birbaşa bağlantısı olmasaydı, Habiı o möcüzələri yarada bilərdimi?!

Siz onun fiziki vəziyyətini də adi insanlarınkı ilə tutuşdurmayın.

Ondan hər möcüzəni gözləyin. 

Cəsarətlə, inamla gözləyin və həmin möcüzəni həyatı boyu saysız sehrkarlıqlar göstərmiş Habil Əliyev sizə mütləq bəxş edəcək.

Habil Əliyev 88-i başa vurub, 89-a adlayıb. Amma bu halında da öz yaşından xeyli cavan görünür, rəngi-rufu, ümumi görünüşü də məni xeyli ümidləndirdi. 

Əllərindən yapışdım, sığalladım, bu əllər heç üzgün, xəstə adamın əlləri deyildi, taqətsizlik yox, güc hiss olunurdu o əllərdə.

Söhbət etməyə, həmişəki kimi zarafatlaşmağa başladım onunla.

Əmin idim ki, eşidir məni. Çünki bilirəm gəlişimi gözləyirdi. 

Vəfalı, sədaqətli, nəvazişkar, səbirli həyat yoldaşı Şərqiyyə xanım da bu gümanımı heç mən ehtimalımı dilə gətirməmiş təsdiqlədi: “Komaya düşməzdən bir müddət əvvəl televiziyada Habilin 85 illiyinə həsr edilmiş, sənin apardığın yaradıcılıq gecəsini verirdilər. Habil dedi ki, telefonu götür, Rafaelə zəng vur, danışacam onunla. Səni tapa bilmədik, xaricdə idin”.

…Danışırdım Habil müəllimlə, "xəstəliyə mütləq qalib gəlməlisiniz, 90 illiyinizi də birgə qeyd eləməliyik" deyirdim.

Əli əlimdə, barmaqlarım nəbzində idi. Gözüm də monitorda. Yüz faiz əmin oldum ki, indi zahirən bayılmış biz vəziyyətdə olsa da, məni duyur, eşidir. Sadəcə, cavab verməyə heyi yoxdur.

Həyəcanlanmasını yeyinləşən nəfəsində də, sürətlənən nəbzində də, ekranda dəyişən rəqəmlərdə də aşkarca hiss etdim, gördüm.

Bu günlərdə gecə-gündüz sərhədçilər kimi onun yastığının yanında olan, pərvanə kimi başına hərlənən övladlarına da, həkimlərə də söylədim ki, siz xəstə Habil Əliyevin deyil, Azərbaycanın qulluğunda durmusunuz. Bunca şərəfli və məsuliyyətli, həm də ümummilli savab olan işdir sizin xidmətiniz.

Habil ailəsi Prezident İlham Əliyevdən, Mehriban xanımdan yerdən-göyə razılıq edir, bu qayğıkeş insanların mütəmadi olaraq ustadın səhhəti ilə maraqlandıqlarını, həm də yalnız telefonla soruşmadıqlarını, adam göndərib halından bilavasitə xəbər tutduqlarını deyir.

Habil müəllimi çox həyəcanlandırmamaq üçün qonşu otağa çay içməyə keçdik. Bu ara İrandan şair Xosrov Sərtibi zəng vurdu mənə, Habil müəllimin vəziyyətini soruşdu, “nigaranıq, internetdə ziddiyyətli xəbərlər yayılır” dedi. 

Söylədim ki,ürəyiniz düzdür, elə bu dəqiqələrdə Habil müəlimgildəyəm, Şərqiyyə xanım da yanımdadır. 

Habil müəllimin durumu ürəyimizcə olan kimi deyilsə də, ümidliyik. 

Xosrov bəy qayıtdı ki, onlarca başqa dostlar da var, Habil müəllimin halından xəbər tutmaq istəyir, hamısı salam göndərir: "Hamımızın da əllərimiz göydədir, dualar edirik".

“Dualarınızı edin, hər xoş niyyətdə bir fayda var, dualarımız nə qədər çox olarsa, Allaha da tez yetişər”, -- dedim”.

İranın böyük müğənnisi Şəcəriyan da Habil müəllimin səhhətindən narahatdır. Qərarımız vardı ki, bu gün, sentyabrın 7-də onunla da Habil müəllimin ailəsinin telefon bağlantısını quraq. Heyf ki, bu gün ustad Şəcəriyanın özünün də halı sən deyən babat olmadı, xəstəxanaya düşdü. Yəqin sabahda-birigündə o da ürək sözlərini çatdırar.

Habil Əliyev məhz budur – Azərbaycanın Birinci ailəsindən, Prezidentlə Xanımından başlamış Azərbayacanın ən ucqarındakı ən sadə vətəndaşlara qədər heç kəs bu böyük sənətkarın səhhətinə biganə deyil, ona şəfa arzulayır.

Bu Habilin millətə həyatı boyu bağışladığı gözəlliklərin müqabilində qazandığı hörmətdir, minnətsiz sevgidir.

Habilə sevgi sərhədləri də yox edib, Arazın o tayı ilə bu tayını qovuşdurub, oradakı Habilsevərlərin də yarı canı indilərdə burada, Ustadın yanındadır.

Son 2-3 ildə müxtəlif vaxtlarda Habil müəllimlə çoxlu çəkilişlər etmişik, niyyətim var ki, 2 seriyalı publisistik film hazırlayaq.

Filmi tamamlamaq üçün bir neçə çəkiliş etməyə də ehtiyac duyuram.

Bu axşam 2015-ci il, sentyabrın 7-də artıq axşam saat 11 radələrində Habil müəllimdən ayrılarkən yenə əlindən tutdum, yenə dedim ki, mütləq gözünüzü də açacaqsınız, ayağa da qalxacaqsınız, filmi bitirməçün gərək olan parçaları da elə bu otaqdaca çəkəcəyik.

Dünyada bir-birindən dəhşətli minlərlə xəstəlik var. O xəstəliklərin ən ağırlarından biri ermənilikdir.

Habilin millətimiz qarşısında ən müstəsna xidmətlərindən biri budur ki, o, təkbaşına bir sürü ermənini və erməniçiliyi susdura, kamançamızı onların əsarətindən qurtara, erməni mərəzinə qalib gələ bilib.

İndi də azar-bezara hökmən qalib gəlməlidir Habil!

Yaşadığı onillər ərzində daim Habilin içərisində nəbz kimi çırpınan Böyük Ruh olub.

Bu gün onu yaşamaq uğrunda mübarizəyə yönəldən də, ölümə məğlub olmağa qoymayan da həmin Yenilməz Ruhdur.

Əziz doktorlar, şəfqətli bacılar!

Mən sizin hamınıza minnətdarm ki, bu çətin günlərində əsgər kimi Habil müəllimin varlığı üçün anaban çalışırsınız, can qoyursunuz.

Amma bağışlayın məni, sizin bir az ümidsizlik saçan “sabit ağır” deyiminizi qəbul edə bilməyəcəyəm.

Bəlkə də bədəninə münasibətdə bu ifadə həqiqətə oxşaya bilər.

Lakin Habil müəllimi bizim hamımızdan seçdirən, onu qüdrətli, sarsılmaz edən Böyük Ruhu sönməyib axı. 

Dipdiridir.

Siz gümanınızda qalın.

Buna da Habil deyərlər!

Habil müəllimə onların hamısının yanında dedim ki, mütləq ayılacaqsınız, qalxacaqsınız, bütün həyatınız boyu səhnələrdə göstərdiyiniz möcüzələrdən daha birini nümayiş etdirəcəksiniz, təbibləri mat qoyaraq sübut edəcəksiniz ki, Habil yalnız məcazi mənada deyil, elə gerçəkdən də ölməzdir.

Bir gün sonra yenidən gələcəyimi boyun olaraq Habil müəllimdən rica etdim ki, məni bunların yanında pərt etməsin, çıxsın komadan.

Əli əlimdə idi, gözüm monitiorda, danışırdım və yenə həyəcanlandığını, ekranda da dəyişilkilərin keçdiyini görürdüm.

...Habil hər dəfə kamançasını dizinin üstünə qoyub çalmağa başlayanda mən həmişə heç ilk sədalar ucalmamışdan əmin olmuşam ki, saniyələr, dəqiqələr ötüncə yenə növbəti MÖCÜZƏ baş verəcək.

Və indi də ən böyük arzum odur ki, bir gün sonra Habil müəllimgilə təşrif aparanda bəlkə də indiyəcən ondan umduğum möcüzələrin ən çox, ən həyəcanla, ən səbirsizliklə gözlədiyimi göstərsin: məni oyaq baxışları, təbəssümü ilə qarşılasın, özünəməxsus şuxluqla: “Qayıtdım, ölümqarışıq bunların hamısın pərt eləmişəm, arxayın gəl”, - desin.

Bu axşam hiss edirdim ki səhhət böhranlarının keçəcəyi ilə bağlı qətiyyətlə, inamla dediyim sözlərə Habil müəllim inanır.

Və mən də Habil müəllimə inanıram. 

İnanıram ki, şərtimizə əməl edəcək!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rafaelhuseynov.com saytına istinad zəruridir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook