RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Xalq Artisti Mikayıl Mirzənin anadan olmasının 70 illiyi qeyd edilib Noy 29, 2017 | 20:54 / Mühüm hadisələr

Noyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bədii qiraət ustası, tanınmış aktyor, Xalq Artisti Mikayıl Mirzənin 70 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan gecədə tədbirin aparıcısı, akademik Rəfael Hüseynov çıxış edərək sənətkarın ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb.

Bildirib ki, Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olan, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi Məmmədbəyov kimi görkəmli səhnə ustalarından dərs alan Mikayıl Mirzə 1969-cu ildə institutu bitirərək dram və kino aktyoru ixtisasına yiyələnib. İnstitutun səhnə danışığı kafedrasında müəllim, eyni zamanda, Tədris Teatrında çalışan sənətkar bir qədər sonra Azərbaycan Dövlət Akademik Milli Teatrında işə qəbul olunub.

Oynadığı rolları təbii, inandırıcı şəkildə tamaşaçılara çatdıran sənətkar emosionallığı ilə özünəməxsus ifa üslubuna malik idi. O, “Azərbaycanfilm” kinostudiyasında lentə alınan bədii filmlərdə, onlarla dram əsərində yaddaqalan obrazlar yaradıb. Mikayıl Mirzə teatrda Kürd Musa, ("Vaqif"), Fərhad ("Fərhad və Şirin"), Muratov ("Qəribə oğlan"), Eyvaz ("Bizim qəribə taleyimiz"), Aslan ("Kəndçi qız"), Zahid ("Fəryad"), Elxan ("Od gəlini"), Cinli Mustafa ("Dəli yığıncağı"), İxtiyar ("İblis") rollarını ustalıqla oynayıb.

Mikayıl Mirzə Azərbaycan Dövlət Televiziyasının ədəbi-dram verilişləri baş redaksiyası ilə də sıx əlaqə saxlayırdı. Ötən əsrin 80-ci illərində məhz onun təşəbbüsü ilə Azərbaycan televiziya məkanında “Bir aktyorun teatrı” verilişi ekrana çıxıb. Onun ifasında Aleksandr Puşkinin “Motsart və Solyer”, “Qaraçılar”, Hüseyn Cavidin “Azər”, Rəsul Rzanın “Qızıl gül olmayaydı”, Xəlil Rzanın “Məhəbbət dastanı”, Cabir Novruzun “Qərbi Berlin” ekran əsərləri “Qızıl fond”da dəyərli sənət əsərləri kimi saxlanılır. O, Mehdi Məmmədov, Əli Zeynalov, Səməndər Rzayev kimi sevilən, tanınan bədii qiraət ustaları ilə bir sırada dayanırdı. Əli Kərimin, Səməd Vurğunun, Məmməd Arazın, Xəlil Rza Ulutürkün əsərlərini əzbər bilirdi.

Tədbirdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Xalq Artisti Nurəddin Mehdixanlı, Əməkdar Rəssam Rais Rəsulzadə və başqaları çıxış edərək, görkəmli sənətkarın həyat və yaradıcılığından, onunla bağlı xatirələrindən söz açıblar.

Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecədə Mikayıl Mirzəyə həsr olunmuş videoçarx nümayiş olunub, müxtəlif bədii kompozisiyalar təqdim edilib.

Mərasimdə mərhumun ailəsi adından çıxış edən oğlu Mətin Mirzə atasının xatirəsinin əziz tutulduğuna görə təşkilatçılara minnətdarlığını bildirib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook