RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Musiqişünaslığımıza dəyərli töhfə Fev 01, 2018 | 22:44 / Nəşrlər
“Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi
lüğəti” 49 ildən sonra yenidən nəşr olunub

 

 

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycan musiqisi, incəsənəti tarixinə adı böyük həriflərlə yazılan bənzərsiz simalar sırasında Bədəlbəylilər nəslinin özünəməxsus yeri və xidmətləri var. Onların yaratdığı bənzərsiz sənət inciləri və əsərlər musiqi xəzinəmizi zənginləşdirməklə yanaşı, bu gün öz aktuallığı və orijinallığı ilə diqqəti cəlb edir. “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti”nin 49 ildən sonra yenidən nəşr olunması bunun əyani təsdiqi sayıla bilər.

 

Azərbaycan musiqişünaslıq leksikoqrafiyasına aid ilk kitab

Haqqında söhbət açılan lüğətin müəllifi ilk Azərbaycan baleti “Qız qalası”nın yaradıcısı, bəstəkar, dirijor, musiqişünas və ictimai xadim kimi tanınan və əsərləri ilə milli musiqimizə dəyərli töhfələr verən Əfrasiyab Bədəlbəylidir.

AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərinin sonunda çap edilən lüğətin 472 səhifəlik yeni nəşrində dövrlə bağlı ictimai və elmi fikirdə baş verən dəyişikliklər nəzərə alaraq bir sıra redaktə işləri aparılıb. Azərbaycan musiqi elminin qiymətli abidələri sırasına daxil olan bu kitab janrı və yazılış üslubu etibarı ilə bənzəri olmayan ciddi tədqiqat əsəridir. O, Azərbaycan musiqişünaslıq leksikoqrafiyasına aid birinci kitab olmaqla yanaşı, təkcə musiqi terminologiyasına dair məlumatları əhatə etmir. Ensiklopedik bilik sahibi olan müəllif Azərbaycan folkloru, etnoqrafiyası və mədəniyyəti tarixinin müxtəlif sahələri barədə musiqi ictimaiyyətinə az bəlli olan səhifələri işıqlandırıb. Eyni zamanda, Azərbaycan musiqişünaslığı və muğam ifaçılığının bir sıra görkəmli simaları ilə bağlı ilk məxəzləri araşdırıb, öz şəxsi müşahidələri və yaddaşına əsaslanan əhəmiyyətli mülahizələr irəli sürüb. Birinci dəfə 1969-cu ildə nəşr edilmiş “İzahlı monoqrafik musiqi lüğəti” musiqi maarifçiliyi işinə yarım əsrə yaxın bir müddətdə mühüm fayda verməklə bərabər, Azərbaycan muğamşünaslığının ilk mənbələr əsasında öyrənilməsinə də müsbət təsir göstərib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yenidən nəşr olunan bu kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə işıq üzü görüb. Akademiyanın “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasında çapa hazırlanan kitabın elmi redaktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov “Əfrasiyab Bədəlbəyli universitetinin köhnəlməyən dərsliyi” sərlövhəli yazısında lüğət və onun müəllifi haqqında bir sıra məqamları oxucularla bölüşür.

Görkəmli bəstəkarın həyat yoluna və yaradıcılığına nəzər salan akademik onun Azərbaycan mədəniyyəti tarixindəki müstəsna yeri və xidmətləri ilə bağlı vacib məqamlara diqqət yönəldir, yarım əsr öncə müəllifin lüğəti çapa hazırlayarkən üzləşdiyi çətinliklərdən, kitabın nəşrindən sonra ona qarşı təşkil edilən qərəzli hücumlardan da bəhs edir. İlk nəşrin 20 çap vərəqi həcmində olmasına baxmayaraq, 5 çap vərəqi azaldıldığı və cüzi tirajla buraxıldığı diqqətə çatdırılır. Rafael Hüseynov böyük ədib Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin ülvi dostluğuna kölgə salmaq istəyənlərə təkzibolunmaz faktlar vasitəsilə tutarlı cavab verir.

Nəşrin elmi redaktoru bildirir ki, Əfrasiyab Bədəlbəylinin ən böyük xidmətlərindən biri də zəngin məxəzlərə söykənərək özündən əvvəlki musiqişünas alimlər, xüsusən orta əsrlərdə yaşayıb-yaratmış Əbu Nəsr Farabi, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, onların yolunu davam etdirmiş Mir Möhsün Nəvvab və digərləri barədə ətraflı bilgi verməklə yanaşı, onların əsərlərini də iqtibaslar gətirərək bu mühüm qaynaqları ilk dəfə tədqiqata cəlb etməsidir.

 

Əfrasiyab Bədəlbəyli həm böyük musiqiçi, həm də böyük alim idi

Musiqişünaslığımızda, muğamşünaslığımızda Əfrasiyab Bədəlbəyli irsi ayrıca bir mərhələdir. Akademik Rafael Hüseynov yazdığı müqəddimədə belə bir həssas məqama da diqqət yönəldir ki, o dövrdə xalq musiqimizin nəzəri problemləri ilə məşğul olanların əksəriyyəti təhsilcə rusdilli və zövqləri də daha çox Qərb və rus musiqi mədəniyyətinə bağlı idi. Haqlı olaraq vurğulayır ki, Əfrasiyab Bədəlbəyli şərqşünas olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dilinin ustası idi və milli ruh onun mahiyyətində, cövhərində idi. Ona görə də Əfrasiyab Bədəlbəylinin musiqişünaslarımız arasında ilk dəfə olaraq bilavasitə Şərq dillərindəki mənbələrə əsaslanaraq muğamlarımızla bağlı apardığı tədqiqatlar bir örnək, qəlib səciyyəsi daşıyırdı və müəyyən mənada müasirlərinə və özündən sonra gələnlərə həm də elmi yaradıcılıq istiqaməti göstərirdi.

Rafael Hüseynov yazır: “Müxtəlif illərdə Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçən xeyli universitet olub və var. Onlardan hansısa fəaliyyətlərini davam etdirməkdədir, hansılarınsa yolu müəyyən səbəblərdən yarımçıq qalıb. Amma bir Azərbaycan universiteti də olub və var ki, onun təsis edilməsi ilə bağlı nə hansısa sərəncam imzalanıb, nə də hökumət məxsusi bir qərar çıxarıb. Bu universitet 1960-cı illərdə yaranıb və bütün başqa universitetlərdən fərqli olaraq onun dinləyiciləri, müdavimləri, tələbələri cavanlı-qocalı bütün Azərbaycan əhalisi idi. Bu qeyri-adi təhsil ocağının, Azərbaycan televiziyası və radiosu vasitəsilə bütün xalqa səslənən və görünən “Mədəniyyət universiteti” adlanan həmin alidən ali məktəbin yaradıcısı və tək müəllimi böyük musiqiçi və alim, canlı klassik Əfrasiyab Bədəlbəyli idi”.

 

Musiqi elmində bir çox tədqiqatlara təkan verən əsər

Kitabı Azərbaycan musiqişünaslığında öz elmi-təcrübi əhəmiyyətini təsdiqləmiş qiymətli məxəzlərdən hesab edən nəşrin redaksiya heyətinin sədri, SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəyli fikirlərini belə ümumiləşdirir: “Bu kitabda ilk dəfə olaraq, Azərbaycan və xarici musiqi terminləri toplanmış, Orta əsrlər dövrünün musiqişünas-alimləri və XIX-XX əsrlərin görkəmli xanəndə və tarzənləri haqqında geniş məlumat verilmişdir. Ə.Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti” oxuculara bu qədər qiymətli məlumatı belə böyük həcmdə çatdıran ilk nüfuzlu mənbədir. Əsər musiqi elmində bir çox tədqiqatlara təkan vermiş və bu günə kimi öz dəyərini qoruyub saxlamışdır”.

Lüğət yaratmağın çətin və məsuliyyətli bir iş olduğunu vurğulayan nəşrin ideya müəllifi və məsul redaktoru Əməkdar İncəsənət Xadimi, professor Tariyel Məmmədov yazır ki, bu abidə-kitab 100 illik yubileyi 2021-ci ildə qeyd olunacaq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyüklüyünü, Azərbaycan musiqi elminin, mədəniyyətinin və təhsilinin tarixi yolunu öz insani və yaradıcı taleyində əks etdirən görkəmli alimlərin, pedaqoqların, professorların elmi nəşrləri seriyasından birincisidir.

“Şərq-Qərb” mətbəəsində nəfis şəkildə çap olunmuş “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” kitabının redaksiya heyətinə Fərhad Bədəlbəyli, Rafael Hüseynov, Nərminə Quliyeva, Gülnaz Abdullazadə, Arif Məlikov, Ülviyə İmanova, Şəhla Həsənova, Gülzar Mahmudova və Leyla Məmmədova daxildirlər. Nəşrin rəyçiləri Aida Tağızadə və Tofiq Bakıxanovdur.

Əsər musiqişünaslar, musiqiçi və musiqişünas ixtisası verən universitetlərin tələbələri, orta ixtisas musiqi məktəblərinin, eləcə də orta ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook