RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Avropa Şurasında dahi şair Nəsiminin Suriyadakı məqbərəsi ilə bağlı məsələ qaldırılıb May 01, 2017 | 13:51 / Mühüm hadisələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin yaz sessiyasındakı son iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov təşkilatın başlıca fəaliyyət istiqamətləri arasında insan haqlarının qorunmasının birinci yerdə dayandığını nəzərə alaraq ölkəmiz və xalqımız üçün əhəmiyyət kəsb edən bir problemə toxunub. Azərbaycanlı deputat Suriyada şiddətli qarşıdurmaların mövcud olduğu, ölkənin müharibə alovuna büründüyü dövrdə dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin Hələb şəhərində yerləşən və dünya əhəmiyyətli mədəni sərvət sayıla biləcək məzarının qorunmasının həm mədəniyyət, həm insan haqları, həm də bütövlükdə siyasət problemi olmasına diqqəti çəkib.

Rafael Hüseynov əvvəlcə komitə üzvlərinə İmadəddin Nəsiminin şəxsiyyəti, onun dünya ədəbiyyatı və düşüncə tarixinin müstəsna simalarından biri olması haqqında ətraflı məlumat verib. Azad sözünə, düşüncələrinə, mübarizələrinə görə 1417-ci ildə Suriyada, Hələb şəhərində dərisi soyularaq qətlə yetirildiyini qeyd edib.

Rafael Hüseynov Nəsiminin müharibə bölgəsində yerləşən məzarının qorunması və həmin mədəni irs nümunəsinin gələcək taleyi ilə bağlı mədəniyyət, elm, təhsil və media komitəsinin dəstəyini istəyərək deyib: “Sizi nəcib bir çağırışınızla Azərbaycan Respublikasının milyonlarla insanının mühüm bir haqqını qorumağa dəvət edirəm. Suriyanın Hələb şəhərində dünya ədəbiyyatının zirvə şəxsiyyətlərindən sayılan, Azərbaycanın dahi şairi və filosofu, böyük humanist Nəsiminin məzarının yox olmaq təhlükəsi qaçılmazdır. Azərbaycanın təşəbbüsü ilə hələ 1973-ci ildə UNESCO Nəsiminin 600 iliyini qeyd edib, bu ilin mayında isə 650 illik yubileyini keçirəcək. Parisdə, UNESCO-nun baş qərargahında təntənəli Nəsimi tədbiri təşkil ediləcək. Azərbaycan ictimaiyyəti “Mədəni sərvətlərin hərbi münaqişələr zamanı qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına əsaslanaraq öz böyük övladının müharibənin alovlarına bürünmüş Suriyadakı məzarının məhv olma təhlükəsindən xilas edilərək Bakıya köçürülməsi, öz Vətənində onun mavzoleyinin yaradılması üçün kompleks işlər başlamaq əzmindədir. Bakıda Nəsiminin möhtəşəm abidəsi ucalır, Azərbaycanda onun adına ayrıca rayon, elmi-tədqiqat institutu var, əsərləri tədris və tədqiq edilir. Azərbaycan bu irsin sahibidir və bu gün də Nəsiminin son yadigarı olan məzarını qorumaq əzmindədir. İndiki halda Avropa Şurasının, mədəniyyət, elm, təhsil və media komitəsinin bu istiqamətdə Azərbaycan xalqına dəstək olan çağırışı həmin ideyanın gerçəkləşməsi işinə layiqli töhfəniz olar”.

Komitə rəhbərliyi və deputatlar bu məsələyə müsbət münasibət bildirərək, mədəni irsin belə nadir nümunələrinə xüsusi qayğı göstərilməsinin vacibliyinə toxunublar. Bu məsələnin Avropa Şurasının sənədinə daxil edilməsi qərara alınıb.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook