RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Təhlükə altında olan dəyərləri qorumaq Avropa Şurası və UNESCO-nun ali vəzifəsidir May 25, 2018 | 11:25 / AŞPA məruzələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası yaxınlaşdıqca qurumun komitələrində plenar iclaslara çıxarılacaq məruzələrin qətnamə layihələrinin son müzakirələri keçirilir, hazırlanmaqda olan hesabatlar üzrə ekspertlərin iştirakı ilə geniş müzakirələr aparılır.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın Parisdəki ofisində qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak edib.

“Yeni media mühitində peşəkar təhsil”, “Demokratik cəmiyyətdə mədəni irsin dəyəri” kimi hesabatların müzakirəsindən sonra “Avropa qeyri-maddi mədəni irsinin qorunması və inkişafı” mövzusu üzərində geniş fikir mübadiləsi aparılıb. Dünyanın bu sahədə tanınmış ekspertlərinin qatıldığı bu mövzu ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov qısa müddətdə qeyri-maddi irs nümunələrinin rəsmən qeydiyyata alınması sahəsində əldə edilmiş uğurlardan bəhs edib.

Bildirib ki, mahiyyəti etibarilə qeyri-maddi mədəni irs bilavasitə xalqın ruhu ilə bağlı dəyərlər silsiləsidir. Qeyri-maddi irs nümunələri bir xalqın, millətin simasını, özlüyünü müəyyənləşdirən incilərdir. Eyni zamanda, ortaq qeyri-maddi mədəni irs nümunələri də var. Belə nümunələr məhz xalqlar arasındakı yaxınlığın, bənzərliyin, tarixi ortaqlığın göstəricisidir. “Mənim ölkəmin – Azərbaycanın bu gün UNESCO-da rəsmən qeydiyyatdan keçmiş 11 qeyri-maddi mədəni irs nümunəsi var. Daha 2-si qeydəalınma prosesindədir və ehtiyat siyahıda da daha 3 nümunə var. Bütövlükdə isə, əlbəttə ki, Azərbaycanın bu qəbildən olan, yəqin ki, gələcəkdə rəsmi qeydiyyata düşəcək onlarla digər qeyri-maddi irs nümunələri mövcuddur.

Azərbaycan UNESCO-ya 1992-ci ildən, müstəqillik illərinin lap əvvəlindən üzv olsa da, birbaşa sıx əlaqələri yalnız 1996-cı ildən başlanır. Məhz həmin il Azərbaycanla UNESCO arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Tarixi baxımdan çox da böyük olmayan müddətdə yalnız bir istiqamət üzrə bu qədər mədəni irs nümunəsinin rəsmi qeydiyyata düşməsi, təbii ki, sıx işbirliyinin nəticəsidir”, - deyə R.Hüseynov vurğulayıb.

O, qeyri-maddi mədəni irslə bağlı Avropa Şurası və UNESCO-nun xüsusi diqqət yetirməli olduğu 2 məqam üzərində dayanaraq deyib: “Qeyri-maddi mədəni irs nümunələri, ilk növbədə, bizim fərdiyyətimizi nümayiş etdirir. Deməli, bizim bir-birimizi daha yaxından tanımağımızda körpüyə çevrilir. Eyni zamanda, bəzən mübahisələrin yaranmasına bais olan qeyri-maddi mədəni irs nümunələri də var ki, zənnimcə, onlara münasibətdə baxış dəyişməlidir. Eyni sərvətə iddialı olan 2, 3 və daha çox xalq, ölkə varsa, etiraz etmirəm, hər biri ən əvvəl bu sərvətin əsl sahibinin məhz özünün olmasının isbatına çalışsın. Amma bununla yanaşı, onu da düşünsün ki, həmin sərvətin digər xalqda da olması heç də həmişə mənimsəmənin, qəsbin nəticəsi deyil, bəlkə daha əvvəl, ruh və düşüncə yaxınlığının, doğmalığın yaratdığı haldır. Yəni, bizi yaxınlaşdıran amili bizi bir-birimizlə üz-üzə qoyan cəhətə çevirməyək. Xatirimdədir ki, 2000-ci illərin ortalarında İran Novruz bayramını öz tərəfindən müstəqil bir nominasiya kimi irəli sürmüşdü. Ciddi fikir müxtəlifliyi, mübahisələr, müzakirələr yaranmışdı. O vaxt mən UNESCO-ya müraciət etdim, geniş tarixi arayışla müşayiət olunan məktub ünvanladım. Bildirdim ki, bu qeyri-maddi mədəni irs nümunəsi, bu bayram tarixən bir silsilə Asiya və Avropa xalqlarına aiddir və onlardan hər biri bunu sırf özününkü sayır. Çox mübahisələr getsə də, çıxış yolu tapıldı, UNESCO həmin müxtəlif xalqların təmsilçilərinin iştirakı ilə İranda və Parisdə 2 böyük beynəlxalq konfrans keçirdi. Novruz ortaq nominasiya kimi qeydə alındı. Yekunda, rəsmi qeydiyyatdan sonra da onların hamısının iştirakı ilə böyük bayrama çevrilən, unudulmayacaq gözəl konsert-tamaşa təşkil edildi. Mübahisələr, qarşıdurmalarla başlanan müzakirələr bir-birinə doğru uzanan əllərlə başa çatdı. Bu çox qəlbəyatan bir modeldir ki, ondan getdikcə daha artıq yararlanmağa ehtiyac var”.

Toxunmaq istədiyi digər istiqamətin çox narahatedici olduğunu vurğulayan Rafael Hüseynov diqqəti Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı məsələsinə yönəldərək söyləyib: “Təəssüf olsun ki, indi dünyanın ən müxtəlif guşələrində, o sıradan Avropada sonu görünməyən hərbi münaqişələr, qarşıdurmalar davam edir. Qaçqınların, öz daimi yaşayış yerini itirən insanların sayı durmadan artır. Mən bunu öz xalqımın taleyindən bütün acısı ilə dərindən bilirəm. 300 mindən çox azərbaycanlı artıq 30 ilə yaxındır ki, Ermənistan ərazisində tarixən yaşadığı torpaqlardan deportasiya edilib. 700 minə yaxın insan yenə ermənilər və onlara dəstək olan xarici qüvvələr tərəfindən Azərbaycanın işğal edilmiş 20 faiz torpağındakı daimi yurdlarını itirib, məcburi köçkünlərə çevrilib. Bu gün yüz minlərlə belə tale yaşayan insan ortaq evimiz olan Avropanın başqa ölkələrində də var. İnsan öz doğulub böyüdüyü mühitdən uzun illər boyu ayrı düşəndə, axı həm də onun ənənələri, milli-mədəni dəyərləri, qeyri-maddi irsinin misilsiz nümunələri tədricən eroziyaya uğrayır, dağılır, məhv olur. Ona görə də düşünürəm ki, UNESCO münaqişələr nəticəsində zədələnmək, itmək, yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qalan qeyri-maddi mədəni irs nümunələrinin qeydə alınması, mühafizəsi, bərpası və inkişafı istiqamətində də ciddi iş aparmalıdır. İndi dünyada çoxlu ölü dillər var. Hansısa xalqlar, tayfalar yaşayıb, yox olub gedib, dillər də ömrünü başa vurub. Lakin münaqişələr nəticəsində vətənini, doğma yerlərini itirən insanlar ömrünü hər halda davam etdirir. Onlar mədəni irsin yaşadığı mühitləri itirirlər. Hərəsi müxtəlif yerlərdə sığınacaq tapmalı olduğundan bir-birləri ilə daimi təmasları qırılır. Bu minvalla tədricən ortaq mühitdə, onların daimi sıx ünsiyyətində yaşaya bilən qeyri-maddi mədəni irs nümunələri də tədricən yoxluğa qovuşur. Elə həmin ömrünü başa vuran dillər kimi ölür. Gözəlliklər ölür. Bu, acınacaqlıdır. Yaşamaq haqqı olan belə inciləri qorumaq isə hər birimizin vəzifəsi, insanlıq borcudur”.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook