RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Azərbaycanlı deputat Avropa Şurasını əsl hüquq müdafiəçiləri ilə bu statusla maskalananları eyni tutmamağa səslədi İyun 27, 2018 | 19:39 / AŞPA məruzələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ikinci iş günündə müzakirəyə çıxarılmış “Avropa Şurasının üzv dövlətlərində insan hüquqları müdafiəçilərinin müdafiəsini təmin etmək” adlı qətnamə layihəsinin müzakirəsi geniş fikir mübadiləsi doğurub.

Müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov insan hüquqları müdafiəçiləri anlayışının yeni müstəqillik əldə etmiş ölkələrin həyatında son onillərdə formalaşan bir təsisat olduğunu qeyd edərək deyib: “Yeni demokratik ölkələrdə insan haqları müdafiəçiləri təsisatı yeni hadisədir. Kommunist rejimi dönəmində cəmiyyətə bu düşüncə aşılanırdı ki, bütün hüquqları müdafiə edən dövlətdir. İnsanların və bütövlükdə cəmiyyətin hüquqlarını müdafiə etməyə cəsarət göstərən tək-tək mübarizlər isə dissidentlər sayılırdı. Onların səsi çox keçmədən ya həbsxanadan, ya psixi xəstələr üçün müalicəxanalardan gəlirdi. Lakin yenidən bərpa edilmiş müstəqillik illərində insan hüquqları müdafiəçiləri artıq cəmiyyətdə öz əhəmiyyətli işini görür və layiqli yerini də tutub. Azərbaycanda da bu sahədə səmərəli fəaliyyət göstərən həm ayrı-ayrı hüquq müdafiəçiləri, həm də eyni istiqamətdə çalışan fəalları qovuşduran müxtəlif qeyri-hökumət təşkilatları var. İndi elə təsəvvür yaranır ki, sanki bütün bunlar həmişə olub. Daha artıq – düşünürsən ki, hüquq müdafiəçiləri olmadan cəmiyyətin həyatı necə davam edirmiş?”.

Rafael Hüseynov cəmiyyət həyatı üçün son dərəcə əhəmiyyətli olan bu təsisata özünü hüquq müdafiəçisi elan edən bəzi saxtakarların ləkə vurduğunu yada salıb. Bildirib ki, bütün gərəkliliyi və uğurları ilə yanaşı, bu sahədə bəzi narahatedici məqamlar da var. Əlbəttə ki, işini vicdanla icra edən, insanların hüquqlarının müdafiəsi kimi nəcib və məsuliyyətli vəzifəni ləyaqətlə yerinə yetirənlər özləri də mütləq qorunmalıdır. Lakin təəssüf ki, bəzən hüquq müdafiəçisi adından sui-istifadə hallarına da təsadüf edilir. Hüquq müdafiəçisi pərdəsi arxasında gizlənərək tam başqa, çox zaman qanunazidd fəaliyyətlər göstərənlərə də rast gəlinir. Adını hüquq müdafiəçisi elan etmiş elələri də olur ki, cəmiyyəti onların özlərindən müdafiə etmək lazımdır.

R.Hüseynov deyib: “Əminəm ki, hüquq müdafiəçisi adı ilə möhtəkirlik edənlər yalnız bizdə deyil, digər dövlətlərdə, xüsusən yeni müstəqillik əldə etmiş ölkələrdə də vardır. Söz yox, vaxt özü bu arzuolunmaz təmayülləri tədricən islah edəcək. Hər həqiqət öz rəngində görünəcək. Hər bir kəs də maskası ilə deyil, real siması ilə tanınacaq. Belə həssas məsələlərdə yalanı uzun müddət ayaq üstə saxlamaq çətindir”.

Azərbaycanda bu istiqamətdə işlərin uğurla aparıldığını diqqətə çəkən Rafael Hüseynov bir sıra həssas məqamlar üzərində dayanıb: “Bu gün Azərbaycanda müxtəlif siyasi baxışları olan yüzlərlə hüquq müdafiəçisi var və onlar normal fəaliyyət göstərirlər. Lakin son illərdə müəyyən səbəblərdən xarici ölkələrə mühacirət etmiş, çox vaxt hansısa cinayətlər törədərək ölkədən qaçmış bir sıra şəxslər də var ki, özlərini hüquq müdafiəçisi kimi təqdim edirlər. Yəni, əvvəllər onların əksəriyyəti Azərbaycanda hüquq müdafiəçisi, yaxud jurnalist, ya da seçilən müxalifət təmsilçisi kimi tanınmayıblar. Doğrudur, elə mühacirlər arasında da həqiqi hüquq müdafiəçiləri ola bilər və var. Lakin öz ölkəmin nümunəsində deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin yaxşı tanıdığı bir sıra mənfi ünsürlər var ki, xarici ölkələrdə naməlum auditoriya qarşısında və ya sosial şəbəkələrdə mütəmadi olaraq cəmiyyəti çaşdıran çıxışlar edirlər. Azərbaycan dövlətinə qarşı qərəzli fəaliyyətlərini insan hüquqlarının müdafiəsi kimi təqdim edən belə psevdo hüquq müdafiəçiləri iki baxımdan təhlükəlidirlər. Birincisi, belə həssas mövzu ilə bağlı dezinformasiya yayırlar. İkincisi, onlar öz bəd əməlləri ilə elə onlar kimi mühacirətdə olan, lakin onlardan fərqli real və vicdanlı fəaliyyət göstərənlərin də işinə və adına xələl gətirir, kölgə salırlar”.

Azərbaycanlı deputat Avropa Şurasını və həmkarlarını bu məsələdə daim diqqətli olmağa, həqiqi hüquq müdafiəçiləri ilə saxtakarları dəqiq ayırd etməyə, bu yolda aşkarlanan zərərli qüvvələri qətiyyətlə ifşa etməyə səsləyib. “Ona görə də biz hüquq müdafiəçilərinin qorunmasından bəhs edərkən hökmən bu nüansları nəzərə almalıyıq. Yaxşı araşdırmalıyıq ki, qorunmalı olan əsl hüquq müdafiəçiləri kimlərdir. Qorunmalı olduğumuz saxta hüquq müdafiəçilərini də cəmiyyət həyatının sürətli axarında yaxşı tanımalı, hamıya tanıtmalı, əyriləri düz yolumuzdan kənarlaşdırmalıyıq”, -deyə R.Hüseynov vurğulayıb.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook