RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Sen 07, 2018 | 16:24 / Axşam görüşləri
Zülmət içrə bir nur: "Axşam görüşləri" verilişinin şeirimizin və musiqimizin əbədi məhəbbət qəhrəmanı Məcnuna həsr edilmiş buraxılışının anonsu

“Nur” adi söz deyil. “Nur” kəlməsində müəqəddəslik var. 
Çünki NUR ordan gəlir – Onun məkanı sandığımız Dibsiz Göylərdən – Pərvərdigarın dərgahından.
Axı elə Onun Özünə də NUR deyiblər –
ALLAHUN NURU!
Tanrı – İşıqdır!
Və bir insan övladının adı həqiqətən “nurlu” bağlanmağa layiq olursa, o bəşər övladında hökmən qutsallıq izi arayın.
Çünki nuru varsa, deməli, Xudavəndin istəkli bəndələrindəndir, onda nur görünürsə, o, nurlu görünürsə, demək, İlahi öz şəfəqindən və şəfqətindən ona da bir zərrəcə olsa belə pay verib.
Dünyanın ən dəqiq işləyən tərəzilərindən biri Məhəmməd Füzulinin qəlbindəymiş. 
O, könül tərəzisində sözləri çəkirmiş və hər kəlmənin əsl əyarını da, xalis çəkisini də ondan dürüst bilən olmayıb.
O nəhənglikdə söz tərəziçisi, o ən möhtəşəm süxənsənc Leylini də sevirdi, Məcnunu da. 
Onu da öyürdü, bunu da vəsf edirdi.
Təsvir etdiklərinə o özü də heyran idi. 
Çünki təsvir etdiklərini o qədər yaxşı öyrənmişdi, onları o qədər yaxşı tanıyırdı ki, bu surətlərə könül bağlamaya, vurulmaya bilmirdi.
Hər ikisini sonsuz məhəbbətlə tərənnnüm edirdi.
Amma çəki məsləsində vasvası idi.
Məcnununa NUR deyirdi, Leyliyə sadəcə HUR!
Hur cənnət təmilçisidir.
İndi Ustadın Məcnuna olan pərəstişi və eşqinə baxın ki, ona NUR deyir, deməli, onu cənnətdən daha ucaya aid bir məxluq mərtəbəsində tutur.

Məcnunə müqabil oldu Leyli, 
Bəhr-i qəmə yetdi dərd seyli. 
Leyli demə - şəm'-i məclisəfruz, 
Məcnun demə - atəş-i cigərsuz. 
Leyli demə - cənnət içrə bir hur, 
Məcnun demə - zülmət içrə bir nur. 
Leyli demə - övc-i hüsnə bir mah,
Məcnun demə - mülk-i eşqə bir şah. 
Leyli demə - bir yegane-yi dəhr, 
Məcnun demə - bir fəsane-yi şəhr.
Leyli - çəmən-i bəla nihalı, 
Məcnun – fələk-i vəfa hilalı.
Leyli - məh-i asiman-i həşmət, 
Məcnun - şəh-i kişvər-i məlamət. 
Leylidə vüsal-i dust meyli, 
Məcnunda həm arizu-yi Leyli. 
Ol iki səhiqədü səmənbər 
Bir-birinə oldular bərabər.

Rəhmətlik Mikayıl Abdullayev, Füzulinin “Leyli və Məcnun”una bir-birindən gözəl şəkillər çəkmiş o fırça sehrkarı mənə söyləyirdi ki, bu eşq dastanına 100-ə yaxın rəsm yaradıb, amma eskizləri bundan 2-3 dəfə çox olub. Təəccüblə söyləyirdi ki, nədirsə hər dəfə Məcnunun rəsmini çəkməyə başlayanda elə bil içərimdə nəsə tərpənir, sanki hansısa bir bədii əsərə illüstrasiya deyil, son dərəcə doğma, illərdən bəri tanıdığım sevimli, əziz insanın şəklini çəkirəm.
1004-cü ildə anadan olmuş, 1088-də həyatdan getmiş, Xorasandan çıxaraq 7 il boyunca Məkkəyə qədər olan yolu piyada getmiş və məşhur “Səfərnamə”sini yaratmış Nasir Xosrov həmin kitabında yolçuluğu əsnasında Leyli ilə Məcnunun qəbirlərini də gördüyünü yazırdı.
Dünyadan ayrılıqlarından təqribən 300 il keçərkən onların xatirəsi hələ diriymiş Yəni indi əfsanə kimi uzaq, qərib sandığımız bu iki eşq göyərçininə X yüzilin-sonlarının XI əsrin əvvəllərinin insanları hələ ədəbi qəhrəmanlardan daha əvvəl elə bizim kimi – Yer insanı olaraq baxırmışlar. Hələ məsafəcə yaxındaymışlar.
Sonra zaman axıb keçib, Leyli ilə Məcnunun qəbri belə asta-asta torpağa qarışıb, qeyb olub, ruhları kimi səmaya dikəlib və onlar çevrilib olublar mələk.
Eşq fəzasında əbədi pərvaz edən qoşa mələk!

Sentyabrın 9-da saat 21.30-da və sentyabrın 11-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” şeirimizin və musiqimizin əbədi məhəbbət qəhrəmanı Məcnuna həsr ediləcək.

göyərçininə X yüzilin-sonlarının XI əsrin əvvəllərinin insanları hələ ədəbi qəhrəmanlardan daha əvvəl elə bizim kimi – Yer insanı olaraq baxırmışlar. Hələ məsafəcə yaxındaymışlar.
Sonra zaman axıb keçib, Leyli ilə Məcnunun qəbri belə asta-asta torpağa qarışıb, qeyb olub, ruhları kimi səmaya dikəlib və onlar çevrilib olublar mələk.
Eşq fəzasında əbədi pərvaz edən qoşa mələk!

Sentyabrın 9-da saat 21.30-da və sentyabrın 11-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” şeirimizin və musiqimizin əbədi məhəbbət qəhrəmanı Məcnuna həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook