RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Fev 08, 2019 | 22:06 / Axşam görüşləri
Ürək körpüləri: "Axşam görüşləri" verilişinin Kərkükün ədəbi-mədəni həyatına həsr edilmiş buraxılışının anonsu

Yollar bağlı olanda sanki məsafələr artır, ölkələr, ellər, şəhərlər bir-birindən daha çox uzaqlaşır.
Zaman olub ki, atla, dəvəylə, gəmiylə insanların bu eldən o elə səyahətləri maneəsizmiş, sərhədlər elə şərti olaraq mövcudmuş və o səbəbdən də insanları birləşdirən cəhətlər onları ayıran cəhətlərdən qat-qat çoxmuş.
Sonra siyasətlər ortaya girib, ölkələrdən ölkələrə rahat açılan qapılara kilidlər vurulub, tədricən neçə-neçə ana baladan, qardaş bacıdan ayrı düşüb, dogma yuvalara aparan tanış cığırları ot-alaq basıb.
Bu kövrələn bayatı Azərbaycanda yox, burardan çox uzaqda yaranıb:

Əslim qarabağlıdır,
Sinəm çarpaz dağlıdır.
Kəsilib gəlib-gedən,
Yoxsa yollar bağlıdır?

Bu nisgilli nəğmə İraqda, Kərkük elində qoşulub. Yəqin ki, XVIII əsrin sonlarında. Hələ ümid çırpınır o bayatıda. 
Bu şeiri söyləyən qərib insan dədə-baba yurduna qayıdacağına hələ inanır, yolların tam bağlı, ya açıq olmasına da, belə anlaşılır ki, 
tərəddüdlüdür. Bəlkə qayıtdıq?
Qayıda bilmirlər. Ümidləri, istəkləri gözlərindəcə qalır. Onlarçün Qarabağ elə oradalarda yaratdıları bir məhəllə boyda olur.
Bu qoşqulardasa Gəncə həsrəti nəbz kimi vurur:

Hər aylar;
Hər həftələr, hər aylar.
Qul qardaşım Bağdaddan
Gəncə deyib haraylar.

Bağdad yolu Gəncədir,
Gülü pəncə-pəncədir.
Demə sizdən uzağam,
Bu sevda ölüncədir.

Gəncə, Qarabağ, Təbriz, Mərənd, Xoy və Azərbaycanın adı çəkildikcə ürək sıyıran, göz yaşardan daha neçə şəhəri nəğmələrin qanadında, şeirlərin misralarında yaşamaqda davam edir, qalaya, küçəyə, məhəlləyə çevrilir, Vətəndən uzaqlarda Vətən əks-sədasına dönür.
Vaxtın təlatümlərində parçalanan, təqiblərə, təzyiqlərə məruz qalan, adı dönə-dönə dəyişdirilən, əlifbası şəkildən-şəklə salınan bu xalqı ağır imtahanlardan salamat çıxaran, xilas edən, bütöv qalmasına kömək göstərən əsas qala, qoruyucu qalxan dil olub.
Şeiri ilə, nəğməsi ilə, ata sözüylə, nağılı, əfsanəsi, məsəllləriylə xalq dilini qoruyub, dil də xalqı.

Dilim, dilim;
Kəs qovun dilim, dilim.
Mən dilimnən vaz keçməm,
Olursam dilim-dilim.

Bizə burda – Qafqazda “tatar” da deyiblər, gözəl dilimizə təkəbbürlə “müsəlman ləhcəsi” adı da veriblər, kərküklü qardaşlarımızı “türkman” da adlandırıblar.
50 milyondan artıq bir xalq param-parça olub, ayrı-ayrı dövlətlər içərisində yaşamaq qisməti ilə üzləşib.
Amma minillərcə bölünməyən, parçalanmayan, bütövlüyünü qoruyub-saxlayan milli ruhumuz, mənəvi dünyamız, dilimiz, sözümüz olub ki, bu sərvətin sayəsində də varıq, yaşayırıq, güclüyük, yekdilik və həmişə də bu birikdə, bu gücdə qalacağıq.
Könüllərdən könüllərə uzanan körpülər heç zavala uğrayarmı?!

Fevralın 10-da saat 21.30-da və ayın 12-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi Kərkük ellərinə, o yerlərin ədəbi-mədəni həyatına həsr ediləcək, qardaş eldən gələn qonaqlarımız düşüncələrini bölüşəcəklər.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook