RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Sen 30, 2017 | 15:00 / Axşam görüşləri
Həbib Sahir sehri: "Axşam görüşləri" verilişinin Həbib Sahirin xatirəsinə həsr edilmiş I buraxılışının anonsu

Bu söz, kökünü “sehr”dən alır. 
Yəni “sehr edən”, “sehrbaz”, “cadugər” deməkdir. 
Amma Sahir nə sehr edən idi, nə sehrbaz, nə cadugər. 
Sadədən sadə, səmimidən səmimi bir insan idi, sehrə, caduya, tilsimə də sən deyən inanan deyildi
Ona valideynlərindən qalan əsl adı Həbib idi.
“Həbib” isə “dost”, “”sevilən”, “istəkli” deməkdur.
Bax bu ona daha çox yaraşır.
Lakin ömrü uzunu “Sahir” “Həbib”in yanında idi axı!
Həbib Sahir! Sehrləyən dost!
Di gəl, “sahir” kəlməsinin azacıq fərqli anlamı da var – “cəzb edən”, məftun qoyan”.
Məhz bu məna çaları ona münasibətdə daha uyğun daha yerinə düşəndir.
Həbib Sahir – Məftun edən Dost!
Çünki şair Həbib Sahir saf duyğularının, məhrəm arzularının, yurduna, millətinə, insana bağlı munis diləklərinin ifadəsi olan şeirləri ilə həqiqətən hər kəsə sirdaş, dost idi və yaratdıqları ilə cəzb etməyi, məftun qoymağı bacarırdı.
Özü çoxdandır həyatda yoxdur, fəqət şeirləri həmin çəkiciliyini, əski valehediciliyini yalnız əvvəldəki, onun sağlığında olduğu təki hifz etməyib, bəlkə vaxt ötdükcə daha da artırıb.
O hər yurddaş üçün – istər Cənubda, istər Şimalda əsl Həbib – sadiq dost, etibarlı könül həmdəmi qiymətini saxlamaqda, Sahir – çəkici olmaq, yeni-yeni sevənləri müdam sözünün cazibə dairəsinə yığmağı davam etdirməkdədir.
“Çox işlə, ana dilində çox oxu, çox yaz, yazdıqların yaxşıdır, sən şairlərin ən yaxşılarından olacaqsan” ümidini ona uzaq 1940-cı illərdə Cəfər Xəndanla Osman Sarıvəlli vermişdi. 
Bakıdan Təbrizə o zaman böyük bir ziyalı dəstəsi – yazıçılar, şairlər, alimlər, jurnalistlər, musiqiçilər getmişdi. Mədəni quruculuq işləri ilə məşğul idilər, orda qəzet-jurnal buraxırdılar, ətraflarında Güneyin parlayan qələm sahiblərini toplayaraq ədəbi məclis yaratmışdılar.
1903-cü il doğumlu Həbib Sahir həmin çağlarda 40-nı yenicə adlamışdı, hələ qarşıda qələmlə ürək-ürəyə olacağı 40 ildən də artıq möhlət dururdu.
Lap uşaqlıq dövründən həm farsca, həm ana dilində şeirlər qoşsa da, Həbib, ümidlə, coğqun həvəslə, gözəl gələcəyə inamla daşan 1940-cı illərdə həyatdakı ali məqsədi və məramının şeir olmasına bütün varlığıyla əmin kəsilmişdiə
Cənubda yaşasa da, həmişə bir gözü Şimalda olmuşdu, əsas dil, üslub, yazı tərzi məktəbini də bu tayda tapmışdı.

Şeir dili odlananlar içindir,
Şeirin dili atəşlidir, dərindir.

Həbib Sahirin bu misraları çox zaman məcazi qavranılan, elə gəlişi gözəl, sadə şair sözü deyildi, onun daim sadiq qaldığı sabit meyar, qələmini və ruhunu yönəldən dəyişməz ülgü idi.
Cənubi Azərbaycanda anadilli sərbəst şeirin təməlini qoyan Həbib Sahir oldu.
Bu incə ruhlu şair bütövlükdə yetərincə narahat, düyünlü, enişli-yoxuşlu olmuş həyatında 2 dəfə müdhiş xəyal qırıqlığı yaşayıb.
Birincisindın sonra yenidən dikələ, dirçələ bilib, ikincidən sonra isə sadəcə ömür tükənib, içəridən güc yığaraq yenidən sabaha ümidlənməyə vaxtı qalmayıb.
Birincisi baş verib 1946-cı ildə.
XX əsrin qırxıncı illərinin birinci yarısında İranda, Cənibi Azərbaycanda milli düşüncənin oyanışı, hərəkatçlığın qüvvətlənməsi, ana dilinin layiq olduğu hüququ rəsmən qazanması, Pişəvərinin başçılığı ilə Milli Hökumətin qurulması Həbib Sahiri elə coşdurmuş, elə ilhamlandırmışdı ki, şahidlərin təsdiqincə, elə doğmaca oğlu Həmidin ən yaxın məsafədən müşahidə etdikləri əsasında söyləməsincə, o, bir yox, bir neçə adamın görə bilcəyi işlərin altına çiyin verirmiş, qələmi, ürəyi və zəkası ilə fədakarlıqla gecə-gündüz çalışırmış.
Ancaq Milli Hökumət qəddarlıqla devrilir, sevincin, səadətun yerini qan-qada, müsibətlər, əbədi kimi görünən ayrılıqlar, həsrətlər tutur, böyük ümidlər, niyyətlər puça çıxır.
Lakin Həbib o vaxt hələ cavan idi. 
Doğmuş günəş bir də doğar ümidilə bütün əzablara, məşəqqətlərə, sarsıntılara tab gətirir, saysız acılara rəğmən yenə qapıların açılacağı, xoş günlərin qayıdacağına inam bəsləyir.
Və əbəs də deyilmiş.
1970-ci illərin sonlarında şahlıq səltənəti devrilir, İran İslam İnqiabı baş verir.
Sanki şair onillərcə qəlbində yaşatdığı əziz diləklərinə çatır.
Lap 1945-ci ilin 21 Azərindən sonra olduğu kimi ana dili yenə qol-qanad açır, elə oçağkl kimi bir-birinin ardınca ana dilində bolluca qəzet-jurnallar nəşr edilməyə başlayır, milli mədəni mühit 1940-cı illərin ortalarındakı sayaq coşmağa üz qoyur.
Həbib Sahir Cənubdakı Yazarlar Birliyinə rəhbərliyə başlayır, gənc qələmlərin ən yaxın dostuna, havadarina, istəklisinə çevrilir.
Heyhat!..

Çoxları –
həyatın şirinliyindən,
ölümdən deyəndə –
fəryad qoparır.
Sahir də dərdinin dərinliyindən,
Həyatdan ölümə pənah aparır...

Son saat yetişəndə 83 yaşı vardı. 
Yorğun Sahir özümü ölümə pənah apardı, ya ona bu yolda bələdçilk, “yardım” edənlər oldu?
Bu, cavabı indi axıracan məlum omayan bir sirri-xudadır.
Bədən nədir ki! Yaşayır, il-il köhnəlir, qocalır, nimdaşlaşır və istədin-istəmədin bir gün köçmək növbəti çatır.
Mühüm olan ruhdur, sənin doğurduqlarının içərisindəki işıqdır, onlardan saçan gücdür.
Bu dəyərlərsə, vaxtın zavalına tabe deyillər, qocalıq, ölüm-itim onlara yaxın düşən halda deyil.
Həbib Sahir özü yoxdur, sözü diridir.
Və o canlı, nəfəs alan sözlərin nə sürgündən, həbsdən-zindandan, asılmaqdan qorxusu var, nə ümidsizlikdən, xəyal qırıqlığından hürküsü. 
Çünki Sözün üzü həmişə Gələcəyə sarıdır, Sözün pənahı ən dar macalda belə ölüm deyil, HƏYATdır!
Sübutu Həbib Sahirin ömrü və Şeiri!
Bu isə artıq elə sehrdir!
Oktyabrın 1-də saat 21.30-da və oktyabrın 3-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” görkəmli sənətkar Həbib Sahirin xatirəsinə həsr ediləcək iki verilişimizdən birincisidir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook