RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Okt 27, 2017 | 22:10 / Axşam görüşləri
Əbədi qayıdış haqqı: "Axşam görüşləri" verilişinin 135 yaşı tamam olan dahi Hüseyn Cavidin xatirəsinə həsr edilmiş buraxılışının anonsu

Sağlığında Cavidə hansısa yubileyinin təntənəsini yaşamaq nəsib olmadı. 
O, 1882-ci il oktyabrın 24-də doğulmuşdu. Yubiley keçirilməsinə münasib gələn 50 yaşı tamam olanda 1932-ci il idi. 
Cavid hələ göz qabağında, hörmət-izzət sahibi idi. Kitabları çıxırdı, əsərləri səhnədəydi, dərs deyirdi, amma artıq mətbuatda ona qarşı mütəmadi hücumlar da başlanmışdı. 
O nəslin adamları üçün 50 yaş sanballlı bir tarix idi, ancaq həmin onillərin qəzet-jurnallarını vərəqləyirəm və bu qənaətə gəlirəm ki, deyəsən o dövrdə heç hələ sağ ədiblərin təntənəli yubilyelərinin keçirilməsi dəbi ictimai həyatda oturuşmayıbmış. Daha çox bu şərəf ömür yollarını başa vurmuş şəxsiyyətlərə şamil edilirmiş
Cavidin 60 yaşı tamam olanda 1942-ci il idi və o, artıq hlaəyatda yox idi. 1 il öncə, 1941-ci ilin 5 dekabrında həbs düşərgəsinin xəstəxanasında rəhmətə getmiş, Sibir buzlaqlarında dəfn edilmişdi. 
Dünyada ən şərti anlayışlardan biri xoşbəxtlikdir. Ölümlə, özü də zillətlər içərisində, doğmalarından uzaqlarda, Vətənə bir daha dönəcəyinə bütün ümidləri qırılmış, adının üstündə “xalq düşməni” damğası dünyadan ayrılan insan haqqında “xoşbəxtlikdən həbs düşərgəsinin xəstəxanasında keçindi” yazmağım o əyyamların acı gerçəklərindən xəbərsizlərə əcaib görünə bilər. Amma neyləməli ki, həqiqət belədir və böyük şairimizin məhz belə ürək göynədən şəraitdə vəfat eərək ayrıca məzarda dəfn edilməsi həqiqətən bizimçün xoşbəxtlik sayılmalıdır.
Həbs düşərgəsinin ərazisində hər gün onlarca vəfat edən olurdu. Onları elə ümümi çuxur qazaraq topa ilə basdırırdılar. Həbs düşərgəsinin xəstəxanası isə yenə xüsusi nəzarət altında olan, lakin dustaqların saxlandığı kameralardan kənardakı ərazidə, həbsxana nəzarətçilərinin də yaşadığı sahədə yerləşirdi. Bir ara elə orda ölənləri də ümümi qəbir qazaraq qardaşlıq məzarlarında basdırarmışlar. Lakin nəzarətin nisbətən zəif olduğu belə yerlərdən guya ki, “ümimi məzarda basdırldı” adı ilə bəzi dustaqların aradan çıxarılması halları müşahidə ediləndən sonra sayıqlıq artmış, Moskvadan bütün həbs düşərgələrinə sərəncam gəlmişdi ki, cəza müəssisələrinin xəstəxanalarında dünyasını dəyişənlər ayrıca nömrə altında fərdi qəbirdə basdırılsın. Məhz belə olduğuna görə də Cavidin vəfatından 41 il sonra, 100 yaşının tamamında İrkutsk vilayəti Tayşet rayonunun Şevçenko kəndində onun məzarını tamaq, nəşini Vətəninə qaytarmaq mümkünləşdi. Ortaq məzarda basdırılmış olsaydı, əlbəttə ki, bunu edə bilməyəcəkdik. Ona görə də ən müdhiş dərdlərin, ən ağır faciələrin də içərisində həmişə bir işıq şöləsi olmamış deyil.
Cavidin 70 yaşı tamam olanda 1952-ci il idi.
Hələ bəraətlər fəsli qarşıdaydı və Cavidin adı da, əsərləri də Azərbaycanda yasaq altında idi.
Ustadın ilk yubilyeyi 1962-ci ildə keçirildi. Cavidin 80 illiyi münasibətilə onun əsərlərindən ibarət iri cild buraxıldı və hələ o vaxtadək şairin əsərlərinin bu həcmdə nəşri baş verməmişdi. Böyük yubiley mərasimi də keçirildi. Lakin Cavidin özünün və ailsəinin üstündən “xalq düşməni” damğası rəsmən götürülmüşdüsə də, onun adı hələ də ağır idi, ona “turançı” yarlığı yapışdıraraq məfkurəcə sovet rejiminə zidd yaradıcı kimi qavaramaqda davam edirdilər, bir çox əsərləri hələ qadağan idi və bir zamnlar əleyhinə şər-böhtan dolu sıra-sıra məqalələr yazanlar da meydanda idilər. 
Belə buqələmunların bir qismi elə həmin yubiley mərasiminə də qatılmışdı. 
Yəni istər bu, istərsə də 10 il sonra baş tutan 90 illik yubileyi Cavid əzəmətinə yaraşmayan tərzdə, yetərincə soyuq yola verildi.
Cavid yadigarı Turan xanım atasının yubileylərindən danışarkən 1977-ci ildə keçirilmiş 95 illiyi hər halda məmnunluqla xatırlayırdı. Rəsul Rzanın, Adil İskəndərovun, Qulam Məmmdəlinin, Mehdi Məmmədovun və digər Cavidsevənlərin məhəbbəti ilə isinmiş o geçə keçmişdə baş tutmuş bütün Cavid ildönümlərindən səmimiyyəti ilə seçilmişdi.
Hüseyn Cavidin millətinə, yurduna əbiyyatımıza və səhnəmizə qayıdışının əsl təntənəsinə çevrilən 100 illik yubileysə, sözün əsl mənasında qeyri-adi tarix hadisəsi idi.
Unudulmaz Heydər Əliyevin dövlətçi qətiyyəti və vətəndaş qeyrəti sayəsində gerçəkləşmiş bu yubileydən sonra Cavidin əbədi ömründə büsbütün yeni səhifə açıldı.
Hərçənd 10 il sonra dünya qarışdı, Azərbaycan xeyli nigaran günlər yaşadı və ictimai-siyasi həyatda bütün dünya boyu, o sıradan Azərbaycanda elə mürəkkəb hadisələr meydana çıxdı ki, sanki Cavid keçdi arxa plana.
Cavidin 110 illiyi rəsmən qeyd edilmədi.
Yalnız Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə yubiley mərasimi keçirildi və Bakıda da mən üstündən sovet çekisti Feliks Dzerjinskinin adı yenicə götürülmüş keçmiş Dövlət Təhlükəsizlik Komitəsinə məxsus və artıq Şəhriyarın adı ilə adlanmış klubda, soyuq bir gündə Cavidə məhəbbətləri heç zaman azalmamış sadiq insanları topladım. 
Həmin həzin axşamda şeir də vardı, musiqi də, xatirələr də... 
Televiziya üçün də veriliş hazırlamışdım. Lakin onu da oktyabrın 24-də, Cavidin 110 yaşının tamam olduğu gün efirə vermək istəmədilər, ekrana bir az gec çıxdı. Ona görə də veriıişin adını dəyişərək “111-ci şam” qoydum... 
...135 yaşını başa vurdu Cavid, adladı 136-sına. 
İndi yada salıram həmin 110 illiyi qeyd etdiyimiz günü, yarıqaranlıq zalda toplaşmış insanları, Cavidi görmüş, ona sevgini və ehtiramı ömür boyu qəlbində daşımışları. 
Təəssüflər ki, indi onlar özləri də xatirəyə çevriliblər, dünəndə qalıblar. Cavidin qızı Turan xanım da, Ömər Faiqin qızı Bəxtli xanım da, Həsən bəy Ağayevin nəvəsi, Əhməd Peinovun qızı Sevda xanım da, Əhməd Cavadın oğlu Yılmaz Axundzadə də... 
Cavidi görənləri görmüşlərin də növbəsi çatacaq. 
Hamı vaxtı yetişdukcə gedəcək. Tək Caviddən başqa. O daha heç vaxt getməyəcək, həmişə qayıdacaq və hər dəfə də yeni cilvədə, yeni cazibədə qayıdacaq, yeni-yeni ürəkləri və nəsilləri fəth etməkçün qayıdacaq.
Oktyabr ayının 29-da saat 21.30-da və oktyabrın 31-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi dahi Hüseyn Cavidə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook