RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Fev 16, 2018 | 22:50 / Axşam görüşləri
Kədərli səadət: "Axşam görüşləri" verilişinin əməkdar rəssam Rais Rəsulzadə ilə bağlı buraxılışının anonsu

Əlbəttə ki, Əlimərdan bəy Topçubaşovun ailəsinin üzvü olmaq bir səadət idi. Əlbəttə ki, Rəsulzadə soyadını daşımaq şərəf idi. Əlbəttə ki, dünyaya Həsən bəy Ağayevin ailəsində göz açmaq tale töhfəsi idi. Əlbəttə ki, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Xəlil bəy Xasməmmədovun, Xudadat bəy Rəfibəylinin, Əhməd bəy Pepinovun, Ədil xan Ziyadxanovun, Nağı bəy Zıxzamanlının, Şəfi bəy Rüstəmbəylinin... və neçə-neçə belə şanlı Vətən övladının doğması, qohum-əqrəbası olmaq iftixar idi. Həm də bu ləyaqətli soyadları daşımaq yalnız fəxr mənbəyi deyildi. Bu soyadlar səslənincə sadəcə həmin nəslin övladı olduğunçün artıq üzünə çox qapılar açılırdı, ilk dəfə görüşdüyün insanda belə tanış soyadın sənə ehtiram oyadırdı, möhtərəm soyadın sənə hər addımında zamin durmağa hazır idi.
Amma fırtınalar qopdu, qasırğalar qalxdı, zaman sanki ləngərindən çıxdı, tarixin məntiqi pozuldu. 
Qəddar zəmanə parlaqlara, ucalara, şərəflilərə qənim kəsildi. Qələm və hökm əzazillərin, nadanların, cılızların, kirli varlıqları ləyaqətlilərə, əsilli-nəsəblilərə həqarətlə aşıb-daşanların əlinə keçdi.
Allah bu dünyanı gözəl yaratmışdı.Və seçkin insanları da zaman-zaman ona görə xəlq etmişdi və edir ki, təməlindən gözəl olan dünyanın gözəlliklərinin üstünə gözəlliklər artırsınlar.
XX əsrin iyirminci, otuzuncu, qırxıncı illəri isə İblisin meydan suladığı çağlar idi. 
O böyük simalar ki, onları Tanrı bu dünyaya xalqları irəli aparmaq, yurdları yüksəltmək, insanlıq tarixində əbədi qalacaq uğurlara imza atmaq üçün xəlq etmişdi, onlar “xalq düşməni” elan edildilər, həbslərə atıldılar, sürgünlərə göndərildilər, gülləyə tuş gəldilər, olmazın müsibətlərə, çəkilməz işgəncələrə, bitməz qəribliklərə mübtəla oldudular. 
İblis xislətlilər onların adını tarixdən silməyə cəhd etdi, nəsillərini yer üzündən silməyə çalışdı. 
Millətin baş ucalığı olanların qanına susamış siyasətlər mahiyyətlərinə yaraşan şərəfsizliklə o şərəflilərin əzizlərinə qarşı “səlib sürüşü”nə başladılar, pak, məsum insanlara cəhənnəm əzabını bu dünyada yaşatdılar.
Məhəmmədəmin Rəsulzadə bir millət aşiqi idi. Lakin milləti sevmək, onun məcnunu olmaq azdır. Gərək bu millət və yurd naminə müstəsna işlər görmək qüdrətin də ola. 
Lap ilk gəncliyindən Məhəmmədəmin Rəsulzadəyə atəşin Vətən məhəbbəti də nəsib oldu, o məhəbbətdən güc alaraq Azərbaycanı xoşbəxt edəcək xariqüladə əməllər sahibi olmaq da! 
Bu millət fədaisi xalqına istiqlalın şirin dadını qismət edənlərin önündə gedənlərdən oldu.
Məhəmmədəmin Rəsulzadə bu yurdun bütün tarixi boyunca ən ali sərvətimiz olan müstəqil dövlətimizin “doğum şəhadətnaməsi”ni yazanların ilkləirndən idi. 
Ona və məsləkdaşlarına biz, yeni nəsillər həmişə borcluyuq!
Bu yurda və millətə sevgilərinin müqabilində, Azərbaycana bəxş etdiyi müstəqil dövlət olmaq səadətinin qarşılığında qazancı təqiblər, təhdidlər, mühacirət sıxıntıları, ata-baba yurduna həsrət qalmaq, istəklilərinin onun ucbatından məşəqqətlərə uğraması oldu. 
Özünə birbaşa dəyən zərbələrə tab gətirmək dözülən dərddir. Sənə görə qanı, canı səndən olanların əzablara məruz qalmasına təhəmmül etmək çox müdhişdir .
Məhəmmədəmin Rəsulzadənin özü kimi ömrünün sonunancan Vətən həsrətlisi qalan (və yalnız qəbri ilə doğulduğu bu torpağa qovuşan) oğlu Azər söyləyirdi ki, o anadan olanda artıq atası qaçhaqaçdaymış. 
Adını Əliheydər qoymaq istəyirmişlər. Məhəmmədəmin xəbər göndərir: “Yox, Azər qoyun adını!”. 
Və simsar bir mənzildə ikiaylıq körpə balası ilə görüşməyə də fürsət tapır. Qaldırıb öpür onu. Qulağına pıçıldayır: “Sənin adın Azərdir!”.
Təbii, bunu Azər Rəsulzadə həmin anın şahidlərinin sözlərindən xatırlayırdı. 
Nəvəsi Rais Rəsulzadə isə babasının qadağan surətini birinci dəfə cavan yaşlarında, doğulduğu qürbətlərdən Bakıya köçüb gələndən sonra görmüşdü. Gedib lazımı yerə xəbər çatdıracaq kiminsə xəbər tutmaması üçün ona xəlvəti göstərilən bu fotonun hər kəsə görünəcəyi, Rais bəyin babasının adını ucadan, qorxusuz-hürküsüz dilə gətirə biləcəyi, müstəqilliyin təzədən qayıdacağı günlərə o zaman hələ uzun onillər qalırdı.
Yaxşı, heç olmazsa ürəkdəki tikanları çıxaran bu məsud günlərə şahid kəsilmək ahıl çağında olsa da Məhəmmədəmin Rəsulzadənin rəssam nəvəsi Rais Rəsulzadəyə müyəssər oldu. 
Paylarına Rəsulzadənin, Topçubaşovun, Xanxoyskinin, Yusifbəylinin, Rəfibəylinin, Ziyadxanovun, Rüstəmbəylinin... doğması olmaq kimi kədərli səadət düşmüş onlarla, yüzlərl, minlərlə insansa bu bəxtiyar əyyamlara çatmadan dünyadan üryi yaralı, gözləri ümidli getdi.
Nigaran ruhlarına Allahın mərhəməti və şəfqəti hər zaman pənah olsun!
Azərbaycan Cümhuriyyəti yaradılmasının 100 illiyi münasibətilə hazırladığımız veriıişlər silsiləsindən fevralın 18-də saat 21.30-da Rəsulzadələr ailəsinin taleyi ilə bağlı əməkdar rəssam Rais Rəsulzadə ilə söhbətimizi dinləyəcəksiniz. Azərbaycan Radiosunda FM 105 tezliyində təqdim olunacaq həmin veriliş fevralın 20-də saat 23-də təkrar səslənəcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook