RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
May 20, 2018 | 16:04 / Axşam görüşləri
Musiqiçinin qətli: "Axşam görüşləri" verilişinin Azərbaycanın ilk peşəkar qadın pianoçusu Xədicə xanım Qayıbovanın xatirəsinə həsr edilmiş buraxılışının anonsu

...17 iyul 1937-ci ildə Azərbaycan təhlükəsizlik orqanlarının o çağkı amansız başçısı Borşov məhbus Əsgər Fərəczadənin ona təqdim edilmiş ifadəsini oxuyandan sonra dərkənar qoymuşdu: “Xədicə Qayıbovadan da belə bir ifadə almaq lazımdır”.
Əsgər Fərəczadə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində tədarük müvəkkili işləmişdi. O da tutulmuşdu, o da güllələndi. Zahirən başqa repressiya zərərdidələri ilə eyni olan taledir. Amma ölümdən ölümə də, o ölüməcən özünü kimin necə aparmasında da çox ciddi fərqlər var.
O illərdə istənilən ifadəni verən, özünə və digərlərinə hər türlü böhtanı atan bir sıra zəif iradəli məhbuslar olub ki, bir silsilə mətin insanın məhvi üçün əsas sənəd, mənbə olaraq onların ifadələri götürülüb. Elələri olub ki, hətta onları vadar etməyə belə ehtiyac qalmayıb. Öz xislətlərindəki naqislik onları qulluq göstərməyə, yarınmağa, təşəbbüskarlığa sövq edib. Bunu təsdiq edən arayışlar da qalır. Və onlar haqqında hətta KQB əməkdaşları da iyrənə-iyrənə yazıblar.
Fərəczadə “etiraf edir” ki, o, Türkiyə və Almaniya kəşfiyyatının agenti imiş, Azərbaycanın iqtisadi vəziyyəti ilə bağlı Türkiyə kəşfiyyatına məlumatlar ötürürmüş, guya onun yanında 1929-cu ildə Xalq Komissarları Sovetinin sədri Dadaş Bünyadzadə də Türkiyənin Bakıdakı baş konsulu doktor Nurəddinə casus informasiyası verib və Bünyadzadə xarici kəşfiyyatla əlaqələrini şəxsi katibi Muravyov, bir də Xədicə xanım Qayıbova vasitəsilə qururmuş.
Fərəczadəyə deyiblər belə ifadə ver, bu adların çəkildiyi ifadəni imzala, o da edib.
Dadaş Bünyadzadəni dindiriblər. İstintaq dövründə bircə dəfə də Xədicə xanımın adını çəkməyib. Öz üstünə işgəncələr altında çox günahları götürsə də, 1938-ci il aprelin 21-də keçirilən Hərbi Kollegiyanın məhkəməsində ilkin istintaq zamanı dediyi bütün sözlərdən imtina edib, təqsirsiz olduğunu söyləyib və həmin gün güllələnib.
Başqa sözlə, Xədicə xanım faktik olaraq heç bir əsas olmadan həbsə alınmışdı.
Onun hər hansı cinayət törətdiyini sübut edəcək bircə dənə belə əşyayi-dəlil, hətta şahid ifadəsi yoxdu.
Amma kim idi buna baxan?!
“Hökm onun hökmüdürür, fərman onun fərmanıdur”.
Göstəriş yuxarıdan gəlmişdi.
Mircəfər belə istəmişdi, nəticə belə də olmalıydı..

...Cinayət işindəki bu dörd səhifəlik bioqrafiya ki, Xədicə xanım onu öz əliylə yazıb, ondan parçaları sətirbəsətir köçürürəm. Həm ən doğru ömür tarixçəsi olduğu üçün, həm də Xədicə xanımın son yadigarı olduğuna görə: “...Atam – Torpaq və Dövlət əmlakı idarəsində yerölçən işləyən Osman Müftizadə, anam – qızlıq familiyası Terequlova olan Züleyxa xanım. Valideynlərimin 6 uşağı olub – 3 oğlan, 3 qız. Böyükləri mən idim. Atam mənə təhsil vermək istəyirdi. Amma maddi vəziyyətimiz çox aşağı idi. Ona görə də atam qapalı təhsil müəssisələrindən birində dövlət hesabına oxumağım xahişi ilə ən yüksək məqama ərizə ilə müraciət etdi. 2 boş yer, 200 ərizəverən vardı. Dövrün qaydalarına görə püşkatma keçirildi və mən püşkatmanın nəticəsinə görə qapalı “Müqəddəs Nina” müəssisəsinə düşdüm. Beləliklə də orta təhsilimi başa vura bildim. 12-13 yaşım olardı ki, atam vərəmdən vəfat etdi. Az sonra bacılarımdan biri, ardınca kiçik qardaşım da vərəmdən öldü. 1911-ci ildə məktəbi bitirdiyim gün ərə getdim. Çünki təhsilimi davam etdirməyə heç bir imkanım yox idi və üstəlik ailəmizi də dolandırmalıydım. Dul qalmış anam əmim İsmayıla ərə getmişdi. Lakin İsmayıl da tezliklə dünyasını dəyişdi və ailəmizdə o izdivacdan bir bacım da artdı. Mənimlə rastlaşanacan Rusiyada şose yollarının tikintisində işləmiş, ixtisasca texnik-praktikant olan ərim Nadir Qayıbov Qafqaza dönüşündən sonra uzun müddət peşəsinə uyğun işə düzələ bilməmişdi. Nəhayət, 75 rubl maaşla bankda işləməyə başlamışdı. Onun Qafqaz müftisi olan atası artıq qoca idi və biz bir müddət qayınatamgillə birlikdə yaşadıq. Sonra mən tatar məktəbinə 400 rubl məvaciblə işə düzəldim və biz qayınatamgildən ayrılıb müstəqil yaşamağa başladıq...
“Müqəddəs Nina” məktəbində oxuduğum vaxtlarda mən eyni zamanda musiqini öyrənirdim.
...Ərə gedəndən sonra da mən musiqini öyrənməkdə davam edirdim. Xalq yaradıcılığına ciddi maraq göstərirdim və bu da mənim sonrakı bütün həyatımın qayəsini təşkil etdi...”.

...Xədicə xanımın birinci əri Nadir Qayıbov Azərbaycan boyu hörməti olan bir nəslin övladı idi, ziyalı insandı. O, 1874-cü il təvəllüdlü idi. Evlənəndə Xədicə ilə arasındakı 19 illik fərq sən deyən gözə girmirdisə, illər ötdükcə bu fərq “artır”, daha qabarıq nəzərə çarpırdı.
Nadir bəy Qıraq Salahlıdandı. Ana tərəfdən Vəkilovlarla qohum idi. Anası İbrahim ağa Vəkilovun əmisi qızı idi. Şəcərələrinin bir ucu gedib Molla Vəli Vidadiyə çatırdı.
Nadir bəyin atası söz tariximizdə “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı 4 cildlik təzkirənin müəllifi kimi qalan görkəmli maarifpərvər, Qori seminariyasında Azərbaycan bölməsinin açılmasının əsas təşəbbüsçülərindən biri, çar hökumətində yeddinci dərəcəli mülki rütbə olan saray müşavirliyinə layiq görülmüş, 1881-ci ildən ömrünün sonunadək Zaqafqaziya müftisi olmuş Hüseyn Əfəndi Qayıbov (1830-1917) idi.
Nadir bəy hökumət hesabına Tiflis gimnaziyasında oxumuşdu, Leninqradda yol mühəndisliyi institutunda təhsil almışdı, ömrü boyu Rusiyada və Azərbaycanda şose yolları salınmasında iştirak etmişdi.
(Nadir bəyin yolçuluğu ilə bağlı qızı Alanqu xanımın bir təsirli yaddaşı da var.
Atasından ipək üzərində çap olunmuş divar boyu yol xəritələri qalıbmış. “Kasıbçılıq idi, uşağa əski düzəltməyə də imkanım yox idi. O xəritələri isladırdım, yuyub təmizləyir, qurudur, hissə-hissə kəsir, uşağı bükürdüm”).
Nadir bəyin qardaşları Bahadur və Cahangir də elmli insanlar olmuşlar.
Alanqu xanımın söyləməsincə Nadir bəy 10-dan çox dil bilirmiş.
Onu ilk dəfə 1926-da tutmuşdular. 3 il sürgün cəzasına məhkum kəsilsə də, görünür köhnə bolşeviklərlə olan münasibətləri karına gəlmişdi – buraxmışdılar. 1933-də bir də tutdular. Bu dəfə daha tez buraxdılar – 16 saat sonra. Daha ona dəymədilər.
1933-də Xədicədən ayrılmışdı...

...Xədicə xanım 1934-cü ildə Rəşid Qayıbova ərə getdi.
Və Nadir bəyi təqib edən xata buludları o çağdan yönəldi Rəşidə sarı.
Nadir bəylə Rəşidin soyad eyniliyi sadəcə uyğunluq deyil. Qohumluqları varmış. Rəşid Nadir bəyin evində də yaşayıb bir müddət.
O, Nadir bəydən xeyli cavan idi – 1898-ci il təvəllüdlüydü.
Xədicə xanımla aralarındakı sevda münasibətləri belə görünür ki, çox köhnəymiş, Nadir bəy ola-ola da varmış. Xədicə xanım özü yazır bunları: “Rəşid Qayıbovu mən hələ Tiflisdə gimnaziyada oxuduğu vaxtlardan tanıyırdım. Bakıya işləməyə gəldiyim vaxtlarda da onunla görüşlərimiz olmuşdu. Sonra o, Moskvaya oxumağa getdi. Davamlı yazışırdıq. Yolum Moskvaya düşəndə görüşürdük. Rəşidgil 2 qardaş idilər. Valideynlərini erkən itirdiklərindən özləri özlərinə yol açmalı olmuşdular. 1926-cı ildə o biryolluq Azərbaycana qayıtdı və biz artıq tez-tez görüşməyə başladıq”.
Xədicəyə sevgisini Mircəfər onun da burnundan gətizdirir.
Rəşidi 1937-ci il dekabrın 5-də “içəri” atırlar. Şamxor rayon partiya komitəsinin birinci katibiymiş.
Alanqu xanım xatırlayır: “Anam onun uzaqbaşı bir həftəyə buraxılacağına ümid edirdi. Ayın 12-də seçkilər olmalıydı. Rəşidin həbsinin uzandığını görüncə anam özünün də lap yaxın vaxtlarda aparılacağını gözləməyə başladı. Həmin il dekabrın sonundan çamadanı hazır idi. Hər gün gözləyirdi ki, ardınca gələcəklər...”.

...Xədicə xanıma simpatiyalar bəsləyən və Xədicə xanımın simpatiyasını gizlətmədiyi kişilər, Xədicə xanımgilin mənzilindəki şənliklərdə iştirak edənlər bir-bir gizli qara əllə dənlənib: Mirzə Davud Hüseynov, Dadaş Bünyadzadə, Əliheydər Qarayev, Həmid Sultanov...
O 5 otaqlı ev ki, onun 1 otağında Xədicə xanımgil yaşayırdılar (qonaq otağı ilə mətbəx ortaq idi), qalan 4-ü Bəha Səidinkiydi.
Bəha Səid köhnə bolşeviklərdən idi və əslində 18-20-ci illərdə onun evi Bakı bolşeviklərinin konspirativ mənzilinə çevrilmişdi, orada çoxlu məxfi görüşlər keçirilirdi. Xədicə xanımın həmin mənzildə təşkil etdiyi musiqili axşamlar da zamanında neçə dəfə o inqilabçı görüşlərinin pərdəsinə çevrilmişdi.
“Gizli əl” başda Bəha Səid olmaqla bir-bir həmin əski bolşevikləri də yox edir.
Xədicə xanımın dindirməsindən:
“Sual: Siz daha kimin həbsdən azad olunmasını xahiş etmisiniz?
Cavab: – 1925-ci ildə yaxın tanışım, “Kommunist” qəzetinin əməkdaşı Yu¬sifzadə həbs olundu. Mən Mircəfər Bağırovdan onun azad olunmasını xahiş etdim. Bağırov söz verdi ki, məsələylə tanış olar, əgər Yu¬sifzadənin təqsiri yoxdursa, həbsdən buraxdırar”.
İzlədiyim hadisələr zəncirinin məntiqi aşkar söyləyir ki, bu xahişlə əslində Xədicə xanım, Yusifzadənin quyusunu dərinləşdiribmiş. Bağırov onun rəğbət göstərdiyinə yumşaqlıq edərdimi? Xədicə xanıma 1 il sonra bəlli olur ki, Yusifzadəyə 10 il iş veriblər.

***

1954-cü ildə Xədicə Qayıbovanın 1938-ci il oktyabrın 19-da baş vermiş qətlindən 16 il keçirdi.
16 il idi ki, balaları, doğmaları Xədicə xanımın həyatda olmadığından xəbərsizdilər. Tək onun yox, yüzlərlə başqa repressiya qurbanının da ailələrini belə namüəyyənlikdə saxlamaq sovet cəza sisteminin şakərlərindən idi. Öldürdüklərinin əzizlərindən öldürməsini gizli saxlayırdı. Niyə? Məgər qorxurdumu onlardan? Yox, sadəcə, bu da sistemin iblisanəliyinin daha bir təzahürü idi (görən bəraətlər olmasaydı bu ört-basdıretməni recim nə zamanacan davam etdirəcəkmiş?).
1954-cü il oktyabrın 24-də, artıq bəraətlər dalğasının qalxdığı, amma hələ Xədicə xanıma çatmadığı ərəfələrdə qızı Alanqu Sultanova Azərbaycan Daxili İşlər Nazirinin adına ünvanladığı ərizəsində xahiş edirdi: “Anamın həbsə alındığı gündən bəri onun haqqında heç bir məlumatım yoxdur. Anamın sonrakı taleyindən xəbərsizəm. O vaxt bir görüş icazəsi ala bilmiş nənəmin sözlərinə görə anama yazışmaq haqqı olmadan 10 il iş kəsiblərmiş. Anam xalama deyibmiş ki, tutulmasının səbəbi Mircəfər Bağırovun onunla şəxsi ədavətidir”.
1955-ci ildə Xədicə xanımın qətlindən 17 il ötürdü.
Bunu qızı bilmirdi, oğlu bilmirdi, qohum-əqrəbası, dost-tanışı bilmirdi. Təhlükəsizlik orqanlarınasa, təbii ki, hər şey bütün dəqiqliyiylə bəlli idi. Amma onlar da Xədicə xanımın cinayət işinə yeni-yeni ifşa sənədləri əlavə etməkdən usanmırdılar. Sovet belə sovet idi. İmkanı olsaydı Xədicə xanımı dirildib təzədən tutardı, yenidən güllələrdi.
1955-ci il aprelin 29-da hazırlanmış tam məxfi qrifli bu sənəd Azərbaycan Xalq Cümhuriyyəti zamanında Daxili İşlər Naziri olmuş Mustafa Vəkilovla əlaqədardı və həmin sənəd Xədicə xanımın vaxtilə Vəkilovun qaçmasına kömək göstərməklə nə qədər antisovet bir əməl törətməsinə yeni əyani sübutdu: “...M. Vəkilov 1942-ci ilin noyabrınadək Xosrov bəyin faşist qrupunda olub. İkinci dünya müharibəsindən sonra Azərbaycan mühacirətinin digər nümayəndələri ilə yanaşı Türkiyənin hərbi-siyasi dairələri və İngiltərə kəşfiyyatı ilə bağlı olmuşdur. Türkiyədə mühacirlərin antisovet “Vahid Milli Mərkəz”ini qurmaq üçün tədbirlər görür”.
Elə həminki tarixlə daha bir sənəd artırılıb Xədicə xanımın qovluğuna. Bu ondan daha “ifşaedici”.
Əlbəttə “haqlı tutulub” bu qadın. Belə qəddar düşmənlərlə oturub-dururmuş. Qalsaydı bəlkə bunlardan da dağıdıcı olardı (Sovet insanı yalnız etdiyinə görə yox, edə biləcəklərindən ötrü də cəzalandırırdı).
Bu arayış Hüseynzadə Sultan bəy Mirzə İsmayıl oğlu haqqındadır. Oxuduqca bunu da hiss edirəm ki, sovet kəşfiyyatı hər halda yaxşı işləyirmiş, Türkiyədəki düşmənlərinin bütün mühüm antisovet addımları nəzarətindəymiş: “S. Hüseynzadə 1895-ci ildə Salyanda doğulub.
1917-ci ilədək çar ordusunun zabiti olub. Oktyabr inqilabından 1920-yə qədər Müsavat ordusu Lənkəran alayının komandiri. Aprel inqilabından sonra müxtəlif sovet idarələrində işləyib. Türkiyənin Bakıdakı vitse-konsulu Nadim bəylə əlaqədəymiş və Nadim bəy hazırda Türkiyə Milli Əmniyyət Hizməti bölgə təşkilatlarından birinin rəhbəridir. 1926-27-ci illərdə Azərbaycan Dövlət Bankı Salyan şöbəsində mühasib işləyərkən böyük miqdarda dövlət pulunu mənimsəyərək İrana qaçmış, müsavatçı mühacirlərə qoşulmuş, oradakı monarxist ROVS təşkilatı ilə birləşərək yapon, polyak, ingilis, türk, alman kəşfiyyatının nümayəndələri ilə birlikdə SSRİ-yə casusluq və təxribat tapşırıqları almış müsavat emissarlarını göndərməklə məşğul olmuşdur. Sovet qoşunları İrana girərkən repressiyalardan çəkinərək Türkiyəyə qaçmış, əldə olan məlumatlara görə 1950-ci ilin avqustunda İrana qayıtmışdır. Ərdəbil quberniyasında mütəmadi olaraq sərhədimizə gəlmiş, orada sərhəd komissarları ilə şübhəli əlaqələr yaratmış, Şahsevən tayfasının ağsaqqalları ilə təmas qurmuşdur və oradakı Sarxanbəylilərin SSRİ-dəki Sarxanbəylilərlə əlaqələri vardır. Moskvadan 1952-ci il sentyabrın 21-də bizə göndərilmiş məlumata görə S. Hüseynzadə keçmiş müsavatçı mühacir – salyanlı Fətulla Əliyevlə 1952-ci il avqustun əvvəllərində Amerika kəşfiyyatının göstərişi ilə İranın şimal rayonlarına getmiş, Azərbaycandakı gizli antisovet təşkilatla iş birliyi qurmaq məqsədi daşıyan agentlərin SSRİ-yə atılması üçün əməliyyat aparmışdır. Moskvadan 1953-cü il fevralın 5-də alınmış digər operativ məlumata görə S. Hüseynzadə Təbrizdə Amerika hərbi missiyasının müşaviri polkovnik Kimbol ilə işləyir və içərisində radioötürücü olan maşınla onlar sistemli şəkildə sərhədimiz boyu reydlər edir, SSRİ ərazisindəki bizə məlum olmayan gizli radio ilə seanslar aparırlar.
Hazırda S. Hüseynzadə Ərdəbil şəhərindədir və orada müqavilə əsasında Amerika hərbi missiyasının administrasiyası ilə Trümen proqramının 4-cü bəndinə uyğun olaraq tikinti aparır”.
Bütün bu məlumatların sənət tariximizdə əbədi izi qalmış Xədicə xanıma nə həmin arayışın hazırlandığı 55-ci ildə dəxli vardı, nə bu gün aidiyyəti var. Amma bir təhlükəsizlik xidməti məmurunun hazırladığı bu arayışın tariximizə dəxli var. Sənəti də, həyatı da nəciblik örnəyi olan Xədicə xanımın öləndən sonra nəciblik edə bilməsinin bir təsdiqi də elə bu arayışdır. O mənada ki, niskilli mühacirət illərində nəhəng düşmənə – SSRİ-yə qarşı mübarizələrini daim davam etdirmiş, amma heyflər ki, indi unudulmuş dəyərli vətənpərvər Sultan Hüseynzadə haqqında bizə soraqlar çatdırır. Bu gizli sənəd olmasaydı biz nə bilərdik Sultan bəy nə işlərlə məşğulmuş! Və onu da düşündüm ki, gələcəkdə Xədicə xanımın haqqında yazan hansı araşdırıcısa bu qovluğu vərəqləyəndə Xədicə xanımla bilavasitə bağlı olmadığından ola bilsin həmin arayışa heç məhəl qoymayacaq. Köçürdüm ki, kimisə izə salsın.
Bu həmin Sultan bəy Hüseynzadədir ki, Azərbaycanı da çox sevirdi, bu yurdun musiqisini də, o musiqinin mahir ifaçısı Xədicə xanım Qayıbovanı da.
Sevdiklərindən əbədi ayrı düşmək acısını çəkmişlərə rəhmət olsun!

***

1955-ci ilin aprelində bir başqa sənəd də tərtib edilmişdi. Bəraət asta-asta Xədicə xanıma da yaxınlaşırdı və cinayət işini bir də araşdıraraq qərara gəlmişdilər: “İttiham əsassız sayılsın və güllələnmə hökmü ləğv edilsin”.
Xədicə xanımın qətlindən 17 il keçirdi və 17 il əvvəl icra edilmiş hökmün ləğvini mümkün sayan baş sahibləri də işləyib həmin KQB-də.
Bu cür boş başların yiyələri, onların ata-babaları, sonra da nəvələri, nəticələri nə qədər evlər yıxdılar, nə qədər başlar kəsdilər!..
***
Bunlar qəmli və şərəfli tariximizin səhifələridir.
Daha onları nə dəyişmək olar, nə yox etmək!
Olan olub, keçən keçib...
Amma unutmayaq.
Dünənimzdəkiləri bilək, yaddan çıxarmayaq, dərs alaq...

May ayının 20-də saat 21.30-da və mayın 22-də saat 23-də Azərbaycan Radiosunda, FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” Azərbaycanın ilk peşəkar qadın pianoçusu Xədicə xanım Qayıbovanın xatirəsinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook