RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəElanlar
Sabir Mustafanın arzusu: Azərbaycan Televiziyası şair Sabir Mustafanın 80 illiyi münasibətilə veriliş hazırlayır İyul 08, 2019 | 17:36

Azərbaycan Televiziyası şair, tərcüməçi, müəllim Sabir Mustafa haqqında ayrıca veriliş hazırlayır. 
Səbəbsiz deyil. Sabir Mustafa 80 yaşın zirvəsinə yetişib və bu uzun ömür yolunu 20-yə yaxın dəyərli kitabı ilə qət edib.
Mən Sabir müəllimlə neçə onillərdir ki, təmasdayam. Ona görə də köhnə dostum, tanınmış telerejissor Məhərrəm Bədirzadə çəkəcəyi veriliş üçün mənim də çıxışımı yazmaq istədiyini bildirəndə tərəddüdsüz razılıq verdim.
Sabir Mustafa qaçqınlığın acı dərdini ilk uşaqlıq illərindən yaşamış insandır və bu ömür faciəsi həyatı boyu onun yaradıcılığında əks-sədalar verib.
Koroğlu dağı, Qorçulu, Altundağ, Duzçala, Qoşabulaq, Dərəyurd, həmişə xəyallarında sayrışan doğma kəndi Dərəçiçək və neçə-neçə unudulmaz mənzərə 80 illik ömrünün 70 ili boyunca onun yuxularından əskik olmayıb.
Siz adlara fikir verin! Dilimizin bulaq suyu kimi saflığı, duruluğu var hər birində!
Nələri itirmişik! Nələrsiz qoyublar bizləri!
İndi həmin adları düşmən çoxdan silib atıb, o əziz yurdlarımızdakı məskənlərə öz qart dilinin qatanqaz kəlmələrini culayıb.
Bu misralar Sabir Mustafanın itkin ellərə ağılarındandır. Amma içində niskilli arzu da var:

Mən Vətən itirdim, yox, ola bilməz!
Bu sözü dilimə qıya bilmirəm.
Gözəl Dərəçiçək, ruh ölə bilməz!
Hüsnünün rəngitək boya bilmirəm,
Heç cürə mən səndən doya bilmirəm.
Öləndə palıdın başdaşım olsun,
Kötüklü bulağı göz yaşım olsun!

Ölüm-itim söhbətləri hələ tezdir, Sabir meüəllim!
Mən sizə azad edilımiş, təzədən bizlərin nəfəsi ilə isinmiş həmin dədə-baba yurdlarımıza böyük qayıdışı arzulayıram!
Kötüklü bulağın bumbuz suyundan ovuc-ovuc içərək illərin həsrət yanğısını ovutmağınızı, elə o bulağın böyründəki çəmənə uzanaraq həmin həndəvərdə ötmüş uşaqlıq illərinizin şirin xatirələrinə dalmağı diləyirəm!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook