RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəQonşu otaqdakı Bülbül

Özünü görmək mənə nəsib olmadı, yaşım çatmadı. 
Amma dostları, tələbələri, müasirləri ilə Bülbül haqqında o qədər söhbətləşdim, oxularını o qədər dinlədim, yazdıqlarını o qədər oxudum, yolunu, irsini o qədər araşdırdım ki, o mənə doğmadan-doğma bir insana çevrildi. 
Niyazinin, Şəmsi Bədəlbəylinin, Tofiq Quliyevin, Rəşid Behbudovun, Bəhram Mansurovun, Mirzə Babayevin və neçə-neçə başqalarının məhrəm yaddaşları axıb keçir hafizəmdən, sanki Bülbül haqqında bir filmə baxıram.
Film demişkən, elə onun macəralarla dolu ömrü qurulu filmdir, ayrı-ayrı epizodları, süjetləri ilə o kinolenti də təsəvvür edirəm. 
Qərb məşhur opera ulduzları, seçkin bəstəkarları haqqında neçə dəyərli bədii film çəkib, niyə Bülbül haqqında olmasın!
Özü də indi, Qarabağ yaramızın sızladığı çağlarda lap məqamıdır.
Bədii film bir tərəfə, canayatan sənədli, publisistik film də çəkilmədi vaxtında. Doğrudur, 1968-ci ildə çəkilmiş bir sənədli film var. Di gəl, Bülbül o filmə sığmır. Təbii, sənədli filmi indi də çəkmək olar. Fəqət mühüm bir fürsəti heyhat ki, qaçırmışıq. 
Əsl danışa bilən, xatirə söyləyəsi insanların çoxu artıq özləri xatirəyə çevriliblər. Bülbülü 1961-də itirmişik. 
Tay-tuşları lap çoxdan gedib, cavan müasirlərinin də yarpaq tökümü 1970-lərdə - 80-lərdə artıq başlamışdı.
Bülbül çağının xırda uşaqları indi ağsaqqallardır. Onlardan Bülbülü necə sorasan?!
Bütün səs incilərindən savayı millətimizə ərməğan eydiyi ən vacib ixtirası – italyan vokalının təməlində nəzəri əsaslarını yaratdığı Azərbaycan oxuma məktəbinə görə biz Bülbülə həmişə minnətdar olmalıyıq.
Onun haqqında bir neçə yazım olub. Ancaq gərək kitab yazam. Çünki indiyədək bu nəhənglikdə sənətkar haqqında böyüklüyünə layiq, onu bütün möhtəşəmliyi ilə göstərə biləcək sanballı əsər də yazılmayıb.
...Bu iyun günlərində növbəti dəfə Bülbülün evinə getmişdim. 
Bir vaxtlar yaşadığı, indi muzey olan evinə.
Həyat yoldaşı Adilə xanımdan sonra olmamışdım orda.
Oğlu Çingizlə əyləşmişdik bir zamanlar Bülbülün oturduğu masanın arxasında, onu anırdıq.
Çingiz divarları, tavanı göstərərək: “Görürsən, çoxdandır əl dəymir, təmirə ehtiyac var”, -- deyirdi.
Həqiqətən, hər qarışında Bülbülün nəfəsi duyulan bu mənzil yaxşı təmir edilsə, pis olmaz. Hər halda muzeydir, daim qonaq-qarası var. Ancaq nədirsə mənə bu mənzilin elə xeyli illər əvvəl gördüyüm bu nimdaş görkəmi, hətta bir qədər köhnəlmiş divar kağızları, solan rənglər daha məhrəm gəlir. 
Bu könəliyin özündə nurani adamın bəyazlaşmış saçları kimi elə bil vaxtın sığalı, Bülbülün içində olduğu günün havası var.
Bülbülün illərcə isti yuvası olmuş bu mənzildə Çingizlə oturmuşuq və qəfilcə xəyalımdan keçir ki, qonşu otaqdan gələn məlahətli səsi kimi Bülbül özü də yan otaqdan bu tərəfə keçə, bizə yaxınlaşa, indi çay içdiyimiz, söhbət etdiyimiz, bir zamanlar özünün də bizim kimi asudəcə oturaraq çay içdiyi, çörək yediyi, fikrə daldığı bu masanın böyründə dayana, ürəyi göynədəcək qədər yaxın, mehriban səsiylə, tanış sözlərini dilə gətirə bilər: “Necəsən, gülüm?”.
Və qətiyyən təəccüblənmərəm.
Axı mən onu elə daim canlı kimi qavrayıram!..

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook