RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: İkili standartlar olan yerdə nə obyektivlikdən, nə də ədalətdən danışmaq mümkündür Okt 08, 2018 | 13:47 / AŞPA məruzələr

Əlamətdar tarixi hadisə ilə aramızdakı məsafə bir az da qısalır. Düz 6 ay sonra biz buraya Avropa Şurası Parlament Assambleyasının 70 yaşını bayram etməyə toplaşacağıq. Həmin mühüm ildönümü ərəfəsindəki bu sessiyaya az qalmış – iyun ayında Assambleya belə bir məlumat yaydı ki, 70 illik dövr ərzində burada çıxış etmiş bütün dövlət və hökumət başçılarının 263 nitqini öz saytında yerləşdirəcək.

Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov bildirib.

Rafael Hüseynov qeyd edib ki, bu, çox yaxşı bir ideyadır və keçilmiş böyük yolu bir daha yaxından seyr etmək üçün əlavə imkan yaradır. Lakin burada ciddi suallar doğuran və xoş olmayan vəziyyət də ortaya çıxır.

Son illərdə Avropa Şurasının fəaliyyətindəki əsas narahatlıq doğuran nöqsan kimi ikili standartların mövcudluğu göstərilir. Bu, həqiqətən təşkilatı içəridən yeyən, eroziyaya uğradan ağır bir xəstəlikdir. İkili standartlar olan yerdə heç vaxt nə obyektivlikdən, nə də tam ədalətdən danışmaq mümkündür. Lakin artıq Assambleyanın üzərində işlədiyi və hazırladığı, fəlsəfəsi etibarilə nəcib layihədəki bir məqam istər-istəməz ikili standartlar xəttini davam etdirir, hətta həmin çərçivədən də kənara çıxır. Bəlkə də bu yanaşmaya yeni ad tapmaq, yaxud onu “üçlü standart” adlandırmaq lazım gələcək.

Deputat bildirib ki, AŞPA-da nitq söyləmiş 216 prezident arasında Ermənistanın iki sabiq prezidentinin də çıxışları var. “Biz burada son 18 il ərzində konkret faktlara və sübutlara əsaslanaraq mütəmadi olaraq işğalçı Ermənistanda cinayətkar rejimin mövcudluğunu, orada terrorizmin dövlət siyasətinə çevrildiyini vurğulamışıq. Sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın öz xalqına və qonşulara qarşı ağır cinayətlərdə bilavasitə iştirak etdiklərini dönə-dönə söyləmişik, ölkədəki prezident seçkilərini hər dəfə, sadəcə, qanun pozuntuları ilə deyil, ağır dövləti cinayətlər törətməklə gerçəkləşdirdiklərini bəyan etmişik. Burada səslənən inkişaf haqqında hesabatlarda isə hər dəfə həqiqətin əksinə olaraq işğalçı və terrorçu Ermənistan ittiham edilməyib, hər dəfə seçkilərin də qanuni keçirildiyi təsdiqlənib”, - deyə R.Hüseynov diqqətə çatdırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü deyib ki, Ermənistanda xalq ayağa qalxdı, deyilənləri təsdiq edərək sabiq prezidenti diktator elan etdi və devirdi. Avropa Şurası da Ermənistanda demokratik proseslər baş verdiyini təsdiqlədi, yeni hakimiyyətin qələbəsini məhz demokratiyanın təntənəsi kimi dəyərləndirdi. Ermənistanın yeni rəhbərliyi isə hər iki sabiq prezidenti cinayət məsuliyyətinə cəlb etmək istiqamətində qəti addımlar atır.

“Yaxşı, indi necə başa düşək? Standartlar, qiymətvermələr elə qarışıb ki, normal məntiqlə ondan baş çıxarmaq müşküldür. Avropa Şurasının vaxtilə dəstək göstərdiyi, indi nitqlərini öz saytında yerləşdirmək istədiyi iki sabiq prezidenti Ermənistan dövlətinin özü cinayətkar sayır. Ermənistan o cinayətkar şəxslərlə bağlı mövqeyini açıq bəyan edib. Avropa Şurası isə bilməzlikdən, ya bilərəkdən buraxdığı həmin səhvləri etiraf etmək fikrində deyil. Avropa Şurası indi Ermənistandakı yeni hakimiyyəti demokratik sayır və lap az öncə elə bu yeni hakimiyyətin devirdiyi Sarkisyanın seçkilərini buradaca necə təqdir və vəsf etdiyini isə sanki unudub. Belə bir çıxılmaz vəziyyətin yaranması qanunauyğundur. Çünki bir ədalətsizlik adətən başqa bir ədalətsizliyi doğurur. İkili standartların tətbiq edilməsi mütləq fəsadlar yaradır və üstündən zaman keçəndən sonra zərbəsi gəlib elə ona tətbiq edənə də dəyir”, - deyə deputat bildirib.

Azərbaycanlı deputat Türkiyə-Avropa Şurası münasibətlərinə toxunaraq deyib: “Yetmiş yaşa çatanda keçmişə baxmaq, keçilmiş yolu, yaşanmış ömrü təhlil etmək təbiidir. Bir insan üçün də, bir təşkilatdan ötrü də. Avropa Şurası kimi Türkiyənin də bu təşkilatdakı fəaliyyətinin 70 ili tamam olmaq üzrədir. Bu müddətdə Türkiyə bir demokratik ölkə kimi inkişafda çox uğurlara nail olub. Düşünürəm ki, indi-indi özünün arxada qalan illərdəki fəaliyyətlərini təhlil edən Avropa Şurası Türkiyəyə münasibət məsələsinə də bir qədər tənqidi yanaşmalı, müəyyən korrektələr etməlidir. Son dövrdə burada ən müxtəlif məsələlərlə bağlı Türkiyəyə yanaşmalarda ifrat sərt mövqe hiss edilməkdədir. Zənnimcə, Türkiyəyə münasibətdə daha həssas, daha ədalətli olmaq, ikili standartlardan uzaqlaşmaq lazımdır. Türkiyədəki prezident seçkiləri namizədlərin ən gərgin mübarizəsi şəraitində cərəyan edirdi. Yetərincə demokratik, azad, şəffaf, xalqın iradəsinin dolğun ifadəsi olan seçki də keçirildi. Əlbəttə, həqiqəti hər kəs öz arzuladığı kimi görməyə, öz istədiyi kimi yozmağa cəhd edə bilər. Lakin bu, mahiyyəti dəyişməz. Mən inanıram ki, Türkiyə demokratiyanın inkişafı yolunda daim ardıcıl olacaq, yeni nailiyyətlər də qazanacaq. Elə arxada qalan prezident seçkilərinə də bu baxımdan yanaşmaq lazımdır”.

R.Hüseynov qarşıdan böyük yubileyin gəldiyini qeyd edərək bildirib ki, yubileylər yalnız bayram etmək, sevinmək üçün deyil. Həm də olub keçənlərə tənqidi gözlə baxmaq, təhlil etmək, buraxılmış acı səhvlərdən dərs almaq fürsətidir. Səhvlərdən ibrət götürmək, dərs almaq, nəticə çıxarmaq isə heç vaxt gec deyil. Nə cavandan ötrü, nə də yetmiş yaşlı ağsaqqaldan ötrü.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook