RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Komitə sədri: Kinoda sıçrayış istəyiriksə, imtiyazlar nəzərə alınmalıdır Yan 19, 2019 | 09:30 / Mətbuatda çıxışlar

Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov adıçəkilən komitənin yanvarın 17-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, qanun layihəsi artıq bütün müzakirələrdən keçib: 

 

“Əslində, bu sənəd son payız sessiyasında müzakirələrə çıxarılmalı idi, amma bəzi səbəblərdən yubandı. Odur ki, bu layihənin artıq yaz sessiyasının müzakirələrinə çıxarılmasının vaxtıdır. Bu baxımdan, hesab edirəm ki, nəhayət, bu sessiyada bu sənədin müzakirələri baş tuta bilər”.

R.Hüseynov qeyd edib ki, aşıq sənəti ilə bağlı ayrıca qanun layihəsinin olmasına ehtiyac var.

O, “Aşıq sənətinin qorunması və inkişaf etdirilməsi” ilə bağlı qanun layihəsinin hazırlandığını da söyləyib.

Komitə sədri deyib ki, gələcəkdə “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunda teatrda, kinoda, efir məkanında bu məsələnin məhdudlaşdırılmasının hüdudları ilə bağlı dəqiq parametrlər müəyyənləşdirilə bilər.

R. Hüseynovun sözlərinə görə, ötən payız sessiyasında “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı müzakirələr keçirilib: 

“Bununla bağlı bizim çox ciddi düzəlişlərimiz var. Bunlar ilkin mərhələdə müzakirə edilərək onun qəbul edilməsi ilə bağlı qərar qəbul edilmişdi. Sonra subyektiv mülahizələrə görə onlar kənara qoyuldu.

Düşünürəm ki, o məsələlərə yenidən qayıdılacaq. Burada təklif edilən dəyişikliklər obyektiv səbəblərdən irəli gəlirdi, real vəziyyəti əks etdirirdi. Məsələlərə daha realist yanaşmaq lazımdır, sonradan ortaya çıxan məsələlər nəzərə alınmalıdır”.

R.Hüseynov qeyd edib ki, “Kinematoqrafiya haqqında” yeni qanuna ehtiyac var və bu qanunun gələcəkdə işlək olması üçün də orada müəyyən güzəştlər, imtiyazlar nəzərdə tutulmalıdır: 

“O imtiyazlar olmasa, kinematoqrafiyanın inkişafında ciddi problemlər olacaq. Əgər biz Azərbaycan kinosunda sıçrayışın olmasını istəyiriksə, imtiyazların və güzəştlərin nəzərə alınması vacibdir. Bizim müraciətlər nəzərə alınarsa, bununla bağlı təklifləri plenar iclasa təqdim edəcəyik”.

Oxu.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook