RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Avropa Şurasının nüfuzunun azalmasının əsas səbəbi ikili standartlardır Apr 08, 2019 | 22:02 / AŞPA məruzələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə qurumun Bürosunun və Daimi Komitəsinin hesabatı dinlənilib.

AZƏRTAC xəbər verir ki, hesabatın müzakirəsi zamanı erməni deputat yenə öz çirkin əməllinə başlayaraq yalanlarla dolu çıxış edib.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxışına ölkəmiz əleyhinə böhtanlar yağdıran erməni deputatın saxtakar çıxışını rədd etməklə başladı. R.Hüseynov bu sessiyanın əlamətdar tarixi dövrə təsadüf etdiyini yada salaraq bildirib ki, 70 il əvvəl Avropa və dünya mühüm bir hadisənin astanasında idi. O günlərdə baş vermiş hadisə sonralar Avropanın və dünyanın siyasi mənzərəsinin dəyişməsində silinməz izlər qoydu. 70 il əvvəl bu günlərdə Avropa Şurasının rəsmən fəaliyyətə başlaması üçün son hazırlıq işləri görülürdü. Mövcud olduğu illər ərzində Avropada və dünyada demokratik dəyərlərin bərqərar olması üçün misilsiz töhfələr vermiş Avropa Şurası dəhşətli dünya müharibəsindən sonra yaranmışdı. Avropa və dünya sabaha böyük ümidlərlə baxırdı, bütün istiqamətlərdə ahəng, nizam yaratmağa ehtiyac vardı. Yubiley yaşına çatmış Avropa Şurasının ciddi problemlərlə üz-üzə qaldığını söyləyən Rafael Hüseynov belə bir böhranlı vəziyyətin yaranmasının səbəblərini açıqlayıb. Diqqətə çatdırıb ki, 70 il keçib və Avropa Şurası tamam fərqli reallıqlarla qarşı-qarşıyadır və daha əvvəlki Avropa Şurası deyil. Avropa Şurası bu gün yeni reallığın ortaya qoyduğu mühüm problemlərin əksəriyyətini həll etmək, ya onların həllinə əhəmiyyətli təsir göstərmək gücündə deyil. Səbəb də sadədir. Çünki bu təşkilat əvvəlki Avropa Şurası deyil. Avropa Şurasının özünün daxilində bir-birinin ərazisinə təcavüz etmiş dövlətlər varsa, nəhəng miqyaslar almış qaçqınlıq və məcburi köçkünlük faciəsi ortadadırsa, terrorizm, müxtəlif dini və milli fobiyalar baş alıb gedirsə, bütün bunlarla effektli mübarizə aparmaq tələb olunur. Heç bir əməli nəticə isə yoxdur.

Avropa Şurasının nüfuzunun aşağı düşməsi, sözünün kəsərinin azalmasının əsas səbəblərindən danışan deputat təşkilatın normal fəaliyyətinə mane olan mərəzlərdən xilas olmağa çağırıb: “Niyə 1950, 60, 70-ci illərdə Avropa Şurasının sözü daha kəsərli, nüfuzu daha böyük, addımları daha təsirli və hamılıqla qəbul edilən idi? Çünki o vaxtlar ikili standartlar bu təşkilata yad idi. Çünki o vaxt bu təşkilatda müxtəlif qruplaşmalar yox idi. Çünki o vaxt bu təşkilata kənardan subyektiv təsirlər, korrupsiya, sifarişli çıxışlar və məruzələr yad idi. Tədricən bu təmayüllər gəldi və həmin viruslar Avropa Şurasına çatlar saldı. Ona görə də illərdir ki, burada islahatların zəruriliyindən bəhs edilsə də, bu istiqamətdə nələrisə dəyişməyə cəhdlər edilsə də, arzulanan nəticəyə gəlib çatmırıq. Çünki bundan ötrü ən vacib olan amil – səmimiyyət çatmır. Çünki sözlə əməlin birliyi yoxdur, dünən buraxılmış qüsurları mərd-mərdanə etiraf etmək qətiyyəti yoxdur.

Rafael Hüseynov AŞPA sədrinin sessiya ərəfəsində Ermənistana səfəri və verdiyi bəyanatlara toxunaraq burada da yanaşmaların birtərəfli olduğunu qeyd edib: “Bu sessiya ərəfəsində Parlament Assambleyasının sədri xanım Liliane Maury Pasquier Ermənistanda oldu və Yerevandakı son nitqində ölkədə cərəyan edən demokratik prosesləri yüksək qiymətləndirdi. Bütün bunlar ola bilsin yaxşıdır, amma bəs bir il əvvəl buradan Avropa Şurasının rəsmi mövqeyi olaraq artıq rədd edilmiş keçmiş cinayətkar Ermənistan idarəediciliyi haqqında da çox müsbət fikirlər söylənirdi, onlar təqdir olunurdu. Axı bütün bunları unutmamışıq. Heç olmazsa etiraf edin ki, səhv etmişik, Ermənistanda xalqın imtina etdiyi cinayətkar rejimi haqsız olaraq dəstəkləmişik. Araşdırılmalıdır ki, bunu kimlər edib, nəyin qarşılığında edib”. Son olaraq azərbaycanlı deputat Avropa Şurasının indiki müdriklik yaşında daha şəffaf, daha ədalətli olmasının zəruriliyini vurğulayıb: “Bizim inkişaf barədə məruzələrimizdə belə təhlillər və tənqidlər mütəmadi yer almağa başlayanda biz əsl islahatları keçirməyə daha yaxın olacağıq. Avropa Şurası 70 yaşına çatdı, müdriklik yaşına yetişdi, indi dəyişməyə, müasirləşməyə, daha şəffaf və ədalətli olmağa hər zaman olduğundan da çox ehtiyac duyulur”.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook