RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Bütün eyvanlardan milli bayrağımızın asılmalı olduğu gün May 28, 2019 | 12:37 / Yubileylər

Əziz həmvətənlərim, dəyərli Azərbaycan insanları!
Bu sualı hamınıza verirəm. İstisnasız olaraq hamınıza!
Sizin evdə Azərbaycan bayrağı varmı?
Bayrağın hansısa kitabda, qəzetdə-jurnalda olan şəklini demirəm, böyüklüyündən-kiçikliyindən asılı olamayaraq gerçək bayrağın özü?
Bəs niyə yoxdur?
Axı bu gün bayramdır! 
Bu gün bu yurdun, bu millətin ən əziz, ən müqəddəs, ən ali bayramıdır axı!
Bu bayram – istiqlaliyyət, müstəqillik bayramımız, Respublika günümüz il boyu qeyd etdiyimiz bayramaların hamısından artıqdır axı!
Əvvəllər, sovet dönəmində müşkül idi, ancaq indi vəziyyət başqadır – bilirəm, əksər insanımızın evində “Quran” var. 
Olsun, lap yaxşı!
Müqəddəs bildiklərimizi həmişə gözümümün önündə tutmalı, ürəyimizin başında saxlamalıyıq.
Amma ay qardaşlar, ay bacılar, ay əzizlərim axı bir millət üçün, bir yurddan ötrü onun istiqlalı elə “Quran” qədər müqəddəs bilinməli alidən ali dəyər, ən qiymətəsığmaz sərvətdir!
Bəs ona qarşı niyə belə soyuğuq?
Hanı evinizdəki üçrəngli bayrağımız, hanı bu gün balkonlarınızdan asılmalı olan bayrağınız?
Anlayıram, bu bayramı bizə çox görənlər az deyil.
Xatırlayın sovet əyyamlarını. 
Əsrlərin sınağından keçib gəlmiş o mərasimləri, o bayramları ki, xalq ürəyinə yaxın sayırdı, onları heç bir məhdudiyyətə, təzyiqlərə, hədələrə məhəl qoymadan, hətta cəzalardan belə çəkinmədən qeyd edirdi.
Dünən 27 may idi, bu gün 28 maydır. Dünən bayram axşamı idi, bu gün bayram.
Novruzda olan kimi evlərinizdə plov dəmləndimi dünən, bu gün mənzillərinizdə bayram süfrəsi açacaqsınızmı?
Söz yox, hər ailənin imkanı fəqlidir. Süfrənizin təmtərağı seçilə bilər. Ancaq süfrənin zənginliyi və kasıbyanalığından asılı olmayaraq ürəkdəki təmtərağı nə təhər qurmaq insanın öz mərifətindən, öz qabiliyyətindən, öz xislətindən, özünün məhəbbət, istək, qeyrət, təpər səviyyəsindən asılıdır.
Gənclər, müstəqillik dövründə dünyaya gəlib-böyüyənlər bilməz, amma yaşlılar ki xatırlayır bizləri necə yönəldirdilər, 7 noyabrı, “Böyük Oktyabr Sosialist İnqilabı”nın baş verməsinin, sovet dövlətinin yaranmasının hər ildönümünü hansı təntənə, hansı həşəmət, hansı vurçatlasınla keçirirdilər.
Küçələr, eyvanlar, xiyabanlar, meydanlar bayraq selinə bürünərdi. Sovet bayrağı hər guşədə dalğalanardı. Nümayişə çıxarılan minlərlə insana irili-xırdalı bayraqlar paylanardı ki, hər kəsin əlində bu rəmz dalğalansın.
Uğrunda ən igid, ən yurdsevər, ən millətpərvər Vətən övladlarının can qurban etdikləri, ucalması naminə talelərini vaxtın səmumlarına qarşı qoyduqları üçrəngli müqəddəs bayrağımıza segimiz, ehtiramımız içərimizdə ürək kimi çırpınmalıykən hanı o hissiyyat?!
Hər il dekabrın son günü, təqvimlərimizin yeni ili yaxınlaşanda ilin axırıncı ayının ilk günlərindən başlayaraq Bakının mənzərəsi asta-asta dəyişməyə üz qoyur. 
Həm də yalnız paytaxt Bakının deyil, elə rayon və şəhərlərimizin də. 
Mağazalarda, idarə və müəssisələrdə, məktəblərdə, meydanlarda küknarlar, şam ağacları bəzənir, üstündən əlvan oyuncaqlar asılır.
Bu bayram əskilərdə bizdə olmayıb, gəlmə bayramdır. 
Onun mənşəyini, dini tərəfini qoyuram bir qırağa. 
Yola salınan iş ilimizin, başlanan təzə təqvim ilimizin bayramı kimi keçirilir, heç bir etirazım yoxdur, yaxşı da bayramdır, uşaq-böyük hamı sevinir, olsun!
(Fəqət bu da unudulmasın ki, yeni il bayramı elə öz-özünə belə fərəhli, möhtəşəmi alınmır. 
Əgər yeni il bayramı hamını sevindirə biləcək şəkildə gerçəkləşirsə, bunun arxasında təşkilatçılıq dayanır. 
Elə bayramın nəfəsi gendən duyulcağın radio-televiziyalar müvafiq proqramlar hazırlamağa başlayır, uyğun filmlər, musiqilər bir-birini əvəz edir. 
Bütün xristian dünyası bayrama köklənir, Avropa, Moskva televiziyaları bu ritmdə işləyir, istər-istəməz başqa ölkələr və xalqlar da həmin ahəngə uyğunlaşır.
Şükür ki, indi Novruz rəsmi bayramlarımız sırasındadır.
Novruz ərəfəsində də hansı evə gedirsən, hansı mağazaya girirsən, hansı vitrinə baxırsan, yaxınlaşan bayramın ab-havası sezilir. 
Hara nəzər salırsan səmənilər göyərdilib, göz oxşayan yaz görüntüləri, rəsmlər sayrışır. Radio-televiziyalar, mətbuat da o ərəfələrdə işini novruz dalğasında qurur.
Bu da gözəl! 
Xalqın bayramıdır, təbiətin oyanan çağlarıdır, gözəlliyin, təzəliyin artan dəmləridir, niyə də bayram ovqatı hər nöqtədə duyulmasın?!
Dövlətin nəvazişi, diqqəti, qayğısı onsuz da sevimli olan Novruzun cəlalını, şan-şövkətini dəfə-dəfə artırır.
Amma əziz yurddaşlarım, İstiqlal, müstəqillik bayramımız, Respublika günümüz o bayramların hamısından qat-qat artıq, müqəddəs, dəyərli ola-ola bu təntənəni, bu ümumxalq sevincini, bu elliklə bayrama bürünmək ovqatını könül istəyən genişlikdə görmürük.
İstiqlal günümüzü, müstəqillik bayramımızı biz XX əsrin başlanğıcında, 1920-ci ilin aprelində əldən verərək sonra düz 70 il həsrətini çəkmişik.
Qürbətlərdə üçrəngli bayrağımızı qaldıran, göz yaşları içərisində Vətəndən uzaqlarda həmin 28 may günlərində ürək sıyıran xiffətlə millət şərqimizi— himnimizi oxuyan mühacirlərimiz bu əziz günün qayıdışı üçün bütün var-yoxlarını verməyə hazır olublar, talelərini həmin mübarizəli yolda fəda da ediblər.
Belə müqəddəs dəyərlərlə zarafat olmaz, əziz vətəndaşlarım!
Tarix, tale üzümüzə güldü, müstəqilliyimiz təzədən geri döndü və nə bəxtiyarıq ki, artıq yenidən qayıtmış müstəqilliyimizin 27 ilini yaşayıb 28-cisini başlamışıq.
Bəli, hər yaz gələndə novruzgülülər baş qaldırır, ağaclar tumurcuqlayır, qaranquşlar da uçub getdikləri qərib ellərdən qayıdır.
İstiqlalımız da bu millətin, bu yurdun qaranquşu kimidir.
Qaranquşlar adətən hər növbəti gəlişində ötən illərdə ünvan seçdikləri evə, yuva qurduqları tanış eyvanlara qayıdırlar. 
Amma incidilmiş, qəlbinə dəyilmiş qaranquşların hərdən-hərdən köhnə ünvana qayıtmaması da olur.
Allah belə qisməti, belə küsməkliyi hər evdən, hər xalqdan, hər məmləkətədən, ən əvvəl bizdən iraq etsin!
İstiqlal bayramımızı, Respublika günümüzü hər dəfə ən azı Novruz kimi gözləyib elə o sayaq da bayram etmədiyimiz çağlaracan, bu bayramı ürəyimizə ən azı Novruz kimi yaxın bilmədiyimiz günlərəcən onu itirmək təhlükəsi başımızın üstündən çəkilməyəcək.
Mən çox istəyirəm ki, bu bayram ən böyük salonlarda ən dərin coşqu ilə qeyd edilməklə yanaşı hər 28 mayda millətin birliyinin, ortaq şadlığının ifadəsi olan izdihamlı xalq gəzintiləri də ənəyə çevrilsin.
Umuram ki, dövlət başçısı, hökumət üzvləri, millət vəkilləri, xalqın seçkin ziyalıları Novruzda olduğu kimi camaatla birgə Bakıda və ölkə boyu ümumxalq gəzintisinə çıxsınlar, birgə deyib-gülsünlər, sevinc bölüşsünlər.
XX üzilin əvvəllərində, istiqlalın şirin dadını ilk dəfə duyduğumuz, üçrəngli bayrağımızı bir daha enməyəcəyi arzusu ilə ucaltdığımız dönəmdə , 23 aylıq müstəqillik çağlarımızda 28 mayı bayram etmək bu xalqa bircə kərə müyəssər olmuşdu.
1919-cu ilin 28 mayı İstiqlal günümüzün, Müstəqilliyimizin, Respublika quruluşumuzun yaddaşlara əbədi həkk olunan təntənəsinə çevrilmişdi.
Təfərrüatları həmin illərin mətbuatı olduğu kimi bizə çatdırır.
...Bakının küçələri bayramla daşırmış. 
Bütün şəhər bir bayram meydanı imiş. Eyvanlardan xalılar, bayraqlar asılıbmış. 
Vətən şərqiləri oxuyan Bakı məktəbliləri dəstə-dəstə küçələrdən keçirmiş və onların oxuduğu istiqlal nəğmələri anaların, ataların, babaların, nənələrin boğazını qəhərlə yandırırmış, gözlərini yaşardırmış...
Nə xoşbəxtdir o millət, o məmləkət ki, belə ifixarlı, sonsuz sevincli, qürur dolu anların qəhəri, göz yaşları ilə duyğulana bilir.
Bu bayramı bizə bağışlamış qurucu babaları ən dərin sayğı və məhəbbətlə yad etmək, böyük ruhlarına salamlar göndərmək hər birimizin borcudur.
Bu bayram günlərində, təntənələrdə heç adlarını da ürək dolusu dilə gətirmirik. Olarmı belə? 
2019-cu ilin bu saatlarında, bu dəqiqələrində, istiqlalımızın 101-ci ilinin başa çatıb, 102-ci ilinin başladığı əsnada bağır basıb baş əyək, minnətdarlıqla anaq, bircə-bircə yad edib rəhmətlər söyləyək onlara.
Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Pepinov, Xudadat bəy Rəfibəyov, Xudadat bəy Məlikaslanov, Behbud ağa Cavanşir, Firidun bəy Köçərli, Xəlil bəy Xasməmmədov, Aslan bəy Səfikürdski, Məmmədbağır və Nağı bəy Şıxzamanlılar, İsmayıl Ziyadxanov, Məhəmmədhəsən Hacınski, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Məhərrəmov, Cavad bəy Məlikyeqanov, Xosrov bəy Sultanov, Mirhidayət Seyidov, Səməd bəy Mehmandarov, Teymur bəy Makinski, Məmmədyusif Cəfərov, Üzeyir və Ceyhun Hacıbəylilər, Şəfi bəy Rüstəmbəyli, Əli bəy Zizikski, Məhəmməd xan Təkinski, Əkbər ağa Şeyxülislamov, Həmid ağa Şaxtaxtinski...
Və bütün silahdaşlar, bütün məsləkdaşlar!
Halal edin haqqınızı bu millətə və bu məmləkətə!
Bayramınız mübarək əziz həmvətənlərim!
Həmişə istiqlal, müstəqillik içərisində olasınız!
Bu millət və yurd bütün səadətlərə layiqdir və haqq etdikləriniz zaman-zaman daim qismətiniz olsun!
Və yadınızdan çıxmasın deyə əvvəldəki sualımı bir də təkrar edirəm: 
EVİNİZDƏ AZƏRBYACAN BAYRAĞI VARMI?
Bu bayram növbəti ildə yenə gələcək!

Rafael Hüseynov

28 may, 2019-cu il 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook