RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Avropada qaçqınlarla bağlı böhranın şiddətlənməsi səbəblərindən biri Avropa Şurasının vaxtında Azərbaycanın səsinə səs verməməsidir İyun 28, 2017 | 12:29 / AŞPA məruzələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının üçüncü iş günü qaçqın və məcburi köçkünlərin müxtəlif problemlərinə həsr edilib. “Qaçqınların kəskin böhranlar zamanı inteqrasiyası: mövcud vəziyyətin öyrənilməsi və yaxşı təcrübə nümunələri” adlı məruzənin müzakirəsinə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da qatılıb.

Rafael Hüseynov qaçın və məcburi köçkün faciəsi ilə bağlı Azərbaycanın Avropa Şurasında illərdən bəri mütəmadi olaraq sənədlər hazırladığını, çıxışlar etdiyini, təkliflər irəli sürdüyünü diqqətə çatdıraraq deyib: “Təəssüf olsun ki, insanların köhnə və sağalmayan pis vərdişlərindəndir- öz başına gəlməyincə faciənin, dərdin, ağrının haqqında tam dolğunluğu ilə fikirləşə bilmir. Onun doğura biləcəyi yeni təhlükələri nəzərə almır, bu barədə düşünməkdə, əməli addımlar atmaqda qətiyyətli olmur, elə ümumi sözlərlə vicdanını sakitləşdirir. Zənn edir ki, mənəvi məsuliyyətdən azad olmaq üçün elə bu da yetər. Bir də onda ayılır ki, başqasında görüb biganə qaldığı bəla artıq onun öz qapısını döyür. Buna bariz nümunə göz önündədir. Bu gün Avropanı ciddi narahatlıqlarla üz-üzə qoymuş qaçqın və miqrant problemi, onların ardı-arası kəsilməyən xaotik axının yaratdığı və yaratmaqda davam edəcəyi yüz cür sıxıntılar silsiləsi artıq hamımızı bu haqda ardıcıl müzakirələr aparmağa, böhranlı vəziyyətdən çıxış yolları axtarmağa vadar edir”.

O bildirib ki, 2001-ci ildən Azərbaycan nümayəndə heyətinin üzvləri qaçqınlıq, miqrasiya, terrorizm və separatizmin necə dəhşətli təmayüllər olduğunu, dərhal təsirli tədbirlər görülməsə hansı fəsadlar ortaya çıxaracağını söyləyir. Ermənistan və onu dəstəkləyən mürtəce qüvvələrin gerçəkləşdirdiyi deportasiya və işğal siyasəti nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevriləndə, Azərbaycan nümayəndə heyəti bu məsələni bütün kəskinliyi ilə burada qaldırmağa başlayanda yalnız bir üzv dövlətlə digər üzv dövlət arasında hərbi münaqişə var idı. Ancaq azərbaycanlı parlamentarilər səslərinin qaldıraraq, köməyə, səyləri birləşdirməyə, müştərək mübarizə aparmağa, Avropa Şurası ailəsində belə arzuedilməz halların yaranmasına imkan verməməyə çağırırdı.

“Biz hər sessiyadakı çıxışlarımızda, hazırladığımız sənədlərdə dəfələrlə bəyan edirdik ki, ayıq olaq, qarşısını almasaq, bir neçə il sonra bu xoşagəlməz nümunə digər üzv ölkələrə sıçrayacaq. Beş, on il keçdi və Avropa Şurasının çağırışlarımızla bağlı təsirli tədbirlər görməməsi kədərli bəhrələrini verdi. Digər üzv ölkələr arasında hərbi münaqişələr də başlandı, işğal və separatizm də tədricən adiləşdi, qaçqın və köçkünlərin sayı da sürətlə artdı”, -deyə R. Hüseynov diqqətə çatdırıb.

Avropa Şurasını bu gün qitədə ciddi problemə çevrilən qaçqınlıq, terrorizm, separatçılığın belə geniş miqyas almasında müəyyən mənada günahkar olduğunu, vaxtında təsirli addımlar atmadığını vurğulayan Rafael Hüseynov deyib: “Belə ağır vəziyyətlərin yaranmaması üçün bizdən asılı olan bircə tələb var idi. Biganə qalmamaq və bu qəbil problemlərin situasiya gərginləşənə, böhran həddinə çatana qədər həll edilə bilməsinə çalışmaq. Münasib həll üsulu da mövcuddur. Bunun üçün bircə şey tələb olunur ki, böyük problemlərlə təkbətək qalmış insanları və dövlətləri görəndə sakitcə baxıb keçməyəsən. Özünü onların yerində təsəvvür edərək düyünün açılmasına dərhal mümkün köməyini göstərəsən. Bunları etməyə imkan olduğu halda hərəkətsiz qalanda çox keçmir ki, laqeydliyin cəzası özü səni tapır. Bu gün Avropa qaçqın və köçkünlərin fasiləsiz axının doğurduğu problemlərlə, addım-addım irəliləyən terrorizmlə, get-gedə daha artıq dirçələn separatizm meylləri ilə qarşı-qarşıyadır. Vaxtilə başqalarında müşahidə edilən fəlakətlər asta-asta Avropanın üstünə axır”.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoymaq, problemin həllinə nail olmaq üçün cavabdehlik daşıyan qüvvələrin süstlüyünə toxunan deputat Rafael Hüseynov belə davam edərsə Avropanın gələcəkdə də daha ciddi problemlərlə üzləşəcəyini söyləyib.

“25 ildən artıqdır ölkəmizdə hər 10 nəfərdən biri qaçqın, yaxud məcburi köçkündür. Biz bu faciəyə bütün çalarları ilə bələdik. Bu illər ərzində Avropa bizim bu ümdə problemin həllini ATƏT-in Minsk qrupunun üzərinə atıb. Minsk qrupunun isə bu illər ərzində heç bir real, səmərəli nəticəsi olmayıb. Belə münasibət davam etdikcə bilin və hazır olun ki, yeni bəlalar Avropaya, üzv dövlətlərə doğru gəlməkdə davam edəcək”, -deyə R. Hüseynov əlavə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rafaelhuseynov.com saytına istinad zəruridir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook