RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nəsiminin həyatı və yaradıcılığı “Ənəlhəqq” tamaşasında İyun 24, 2019 | 15:14 / Yubileylər

İyunun 20-də “Aktyor Evi”nin səhnəsində Yeni Azərbaycan Partiyası, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyinin “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı” və “Nəsimi ili” çərçivəsində təşkil edilib.

Tədbiri Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov açaraq Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratmış Nəsimi yaradıcılığından söhbət açıb.

Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini mədəniyyətə, şeirə, sənətə göstərilən dövlət qayğısı kimi qiymətləndiriblər.

İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğunu söyləyən natiqlər 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında şairin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda və Şamaxı şəhərlərində, habelə Moskvada Nəsimi, şeir, incəsənət, mənəviyyat Festivalının keçirilməsi və hazırda Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu ilin “Nəsimi ili” elan edilməsini şairin yaradıcılığına göstərilən ehtiramın nəticəsi kimi dəyərləndiriblər.

Nəsimi irsinin təsir dairəsindən söz açan Milli Məclisin deputatı, akademik Rafael Hüseynov tarixə nəzər salaraq sovet dövründə Nəsiminin 600 illik yubileyi ərəfəsində görülən işlərdən danışıb. Azərbaycan ədəbiyyatşünaslarının tədqiqatlarını qeyd edən akademik həmin dövrdə Nəsimi yaradıcılığı ilə bağlı ölkəmizin mədəni mühitində bir çox işlərin görüldüyünü, şairin sözlərinə mahnılar bəstələndiyini xatırladıb. Vurğulayıb ki, Nəsimini sadə Azərbaycan insanına “Nəsimi” filmi tanıdıb.

Tədbirdə Xalq artisti Rasim Balayev ona böyük populyarlıq qazandıran “Nəsimi” filmindəki məşhur rolundan danışıb, böyük mütəfəkkir barədə öz fikirlərini bölüşüb.

Daha sonra YAP Səbail rayon Könüllülər Birliyinin incəsənət qrupu tərəfindən nəzmlə hazırlanan və Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin həyatı, yaradıcılığı və ictimai-siyasi fəaliyyətinə həsr olunan “Ənəlhəqq” teatr tamaşası nümayiş olunub. Nəsimi fəlsəfəsi, onun ideologiyasının dünyəviliyi, o vaxtkı qəddar rejimə, tökülən qanlara, insanın öz həqiqi mənliyindən çıxıb vəhşiyə dönməsinə qarşı Nəsiminin üsyankarlığının əsas götürüldüyü, mürid və mürşid, despot şah və həqiqət tələb edən şair, xeyir və şər, aşiq və məşuq münasibətlərinin ifadə olunduğu “Ənəlhəqq” tamaşasının layihə rəhbəri Rəşad İmanov, ssenari müəllifləri Rəhman Mirzəlizadə və Fehruz Rzayev, quruluşçu rejissor Cavidan Kəsəmənlidir.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook