Milli Məclisin (MM) 2019-cu il payız sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin ilk iclası öz işinə başlayıb.
Etikxeber.az xəbər verir ki, tərkibinə görə, parlamentin ən böyük komitələrindən olan Mədəniyyət komitəsinin iclasının gündəliyinə 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında görülən işlərin hesabatı, o cümlədən, payız sessiyasının qanunvericilik işləri planı daxil edilib.
Qeyd edək ki, uzun illərdir komitənin gündəmində olan qanun layihələri arasında muğam, aşıq sənətinin qorunması, kinematoqrafiya, yazılı abidələr, adlar və soyadlar ilə bağlı və sair layihələr var.
Həmin layihələrin ilkin variantının da əksəriyyəti adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov tərəfindən hazırlanıb.
Həmçinin, komitənin üzvü, Mətbuat Şurasının (AMŞ) sədri tərəfindən təklif edilən “Soydaş haqqında” və “Mətbuat Şurası haqqında” qanun layihələri var.
Millət vəkili həmin qanun layihələrinin müzakirələrini və qəbulunu vacib hesab edir.
***
Komitənin iclasını açan R. Hüseynov bildirib ki, Azərbaycanda mədəniyyətə, onun inkişafına böyük önəm verilir, diqqət, qayğı göstərilir.
O, bu ilin əvvəllərində ölkə prezidenti İlham Əliyevin yaradıcı insanlarla görüşünü və bu görüşdən sonra mədəniyyətin inkişafı istiqamətində böyük addımların atılmasının, maliyyə vəsaitlərinin ayrılmasının bu diqqət və qayğıya əyani sübut olduğunu bildirib:
“Mədəniyyətimizin xalqımız, dövlətimiz üçün nə qədər ali dəyər daşıdığını bilirik. Ona görə bu istiqamətdə görülən işlər daha da sürətləndirilməlidir. Azərbaycanda bütün sahələrdə inkişaf edir, hər bir sahədə böyük uğurlar var. Amma mədəniyyət elə bir sahədir ki, o, digərləri ilə eyniləşdirilə bilməz. Biz elə bir mədəniyyətə, mədəni, mənəvi dəyərlərə, sərvətlərə malikik ki, onunla hər bir kəslə, hər bir dövlətlə rəqbət apara bilərik. Odur ki, bu sahəyə diqqət daha da artırılmalıdır və inanıram ki, belə də olacaq. Növbəti ilin büdcəsinin müzakirələri yaxınlaşır. Çox güman ki, gələn ilin büdcəsində mədəniyyət sahəsinə ayırmalar daha da çox olacaq”.