RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: "AŞPA-da belə pozucu davranışlara yer olmamalıdır, onların saxtakar müddəalarını rədd edirəm” Sen 29, 2019 | 22:54 / AŞPA məruzələr
Rafael Hüseynov: “Vacibdən vacib şərtdir ki, ona eyni səliqə ilə hər üzv dövlət əməl etməli olduğu kimi Avropa Şurası da hökmən riayət etməlidir…”
 
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sentyabrın 30-da işə başlayan payız sessiyasının əvvəlində ənənəvi olaraq qurumun Bürosu və Daimi Komitəsinin İnkişaf Hesabatı ilə bağlı məruzə dinlənildi.
 
Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək qurumun fəaliyyətindəki bir sıra prinsipial məslələrə münasibət bildirdi.
 
“Ermənistandan olan deputatlar həqiqətlə daban-dabana zidd olan, başdan-ayağa dezinformasiyadan ibarət bəyanatları ilə növbəti dəfə həmin çağırışa zidd gedirlər…“
 
Lakin nitqinin əsas müddəalarını bölüşməzdən daha əvvəl azərbaycanlı deputat daha əvvəl çıxış edən ermənistanlı deputatların iftira və yalanlarla dolu fikirlərinə münasibət bildirərək dedi:
 
“Avropa Şurası mütəmadi olaraq çağırışlar edir ki, bu tribuna nifrət saçan, qərəzli çıxışlar üçün istifadə edilməsin. Lakin təəssüf ki, Ermənistandan olan deputatlar həqiqətlə daban-dabana zidd olan, başdan-ayağa dezinformasiyadan ibarət bəyanatları ilə növbəti dəfə həmin çağırışa zidd gedirlər. Avropa Şurasında belə pozucu davranışlara yer olmamalıdır və mən erməni həmkarlarımızın çıxışlarındakı bütün saxtakar müddəaları tamamilə rədd edirəm!”.
 
Bu sessiyada Avropa Şurası qurumun fəaliyyətə başlamasının 70 illiyini təntənə ilə bayram edəcək. Həmin əlamətdar hadisə ilə əlaqədar düşüncələrini bölüşən R. Hüseynov keçilmiş böyük yolun başlıca dərsləri ilə bağlı qənaətlərini diqqətə çatdıraraq dedi:
 
“Hər sessiyanın əvvəlində dinləyib müzakirə etdiyimiz inkişaf hesabatının xüsusi mənası var. Bu, keçilmiş yaxın yolun təhlili, dünənlə bu gün arasında körpü deməkdir. Lakin indi biz tarixi anlar yaşayırıq. 70 illik uzun bir yol başa çatıb, Avropa Şurası böyük yolunun yeni onillərini addımlamaq əzmindədir. Ona görə də bu gün yalnız keçilmiş yaxın yola, ötən sessiyadan bəri görülən işlərə deyil, bütövlükdə təşkilatın yoluna qiymət vermək zəruriyyəti yaranır. Hesabatın adında onun mahiyyətini müəyyənləşdirəən bir açar söz var: “inkişaf”. Təşkilatın bundan sonrakı daha artıq inkişafı üçün hansı təcrübələri davam etdirməli, nələrdən imtina etməliyik?”.
 
“Bir göz əyiləndə, o biri göz də mütləq əyiləcək. İkili standartlar olmasa, prinsiplərə qarşılıqlı şəkildə və hamılıqla ardıcıl əməl edilsə, heç bir üzv dövlət heç vaxt heç bir öhdəliyini icrasız qoymaz və qoya da bilməz…”
 
AŞPA sədrinin sessiyadadn az öncə Azərbaycana etdiyi və nəticələri yüksək dəyərləndirilən səfərinin təfərrüatlarına toxunan R. Hüseynov bir mühüm məqamı yada saldı:
 
“Sessiya ərəfəsində AŞPA sədri xanım Lilian Paskie Bakıda idi və çox əhəmiyyətli görüşlər keçirirdi. Həmin görüşlərdın birində xanım sədrin söylədiyi bir fikir çox diqqətəlayiqdir və zənnimcə, Asssambleya üzvü olan hər deputat da, hər dövlət də fəaliyyətlərini həmin prinsip üzərində qursa, biz həmişə uğurlara daha yaxın olarıq. Hamımız üçün eyni olan vəzifə və öhdəliklər var, bir də bizi daim müşayiət edən şərait, subyektiv amillər mövcuddur. Xanım sədrin vurğuladığı cəhət ondan ibarət idi ki, heç vəchlə subyektiv, hətta obyektiv səbəblər təməl öhdəliklərin yerinə yetirilməməsi üçün bəhanə sayıla, əsas götürülə bilməz.
 
Lakin bu elə vacibdən vacib şərtdir ki, ona eyni səliqə ilə hər üzv dövlət əməl etməli olduğu kimi Avropa Şurası da hökmən riayət etməlidir. Axı vəzifə və öhdəliklər birtərəfli deyil, qarşılıqlıdır. Həm o, həm bu tərəf tam intizamlı olarsa, hansısa qüsur və istisnalardan, açıq qalan borclardan danışmağa da ehtiyac yaranmaz. Üzv dövlət öhdəlikləri yerinə yetirməyə məsul olduğu kimi, Assambleya da qəbul etdiyi qətnamələrin icrasına, kağız üzərində qalmamasına cavabdehdir. Bu bir tərəzidir. Bir göz əyiləndə, o biri göz də mütləq əyiləcək. İkili standartlar olmasa, prinsiplərə qarşılıqlı şəkildə və hamılıqla ardıcıl əməl edilsə, heç bir üzv dövlət heç vaxt heç bir öhdəliyini icrasız qoymaz və qoya da bilməz”.
 
“Nəticə olmadı, çünki nəticəni əldə etməyə real cəhdlər göstərilmədi…”
 
Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ problemi ilə bağlı söz açan R. Hüseynov artıq 30 ilə yaxın müddətdə həll edilmədən qalan,  Avropa Şurasının da diplomatik vasitələrlə həllində müəyyən cavabdehlik daşıdığı həssas problem, bununla əlaqədar qəbul edilmiş məxsusi qətnaməyə toxunaraq dedi:
 
“Artıq 15-ci ildir ki, Assambleya bir üzv dövlətin digər üzv dövləti işağl etməsi, ona qarşı etnik təmziləmə aparmasını əks etdirən 1416 saylı qətnamə qəbul edib. Hətta bir ara bu qətnamənin icrasına nəzarət edən ayrıca alt komitə də yardılmışdı. Nəticə olmadı, çünki nəticəni əldə etməyə real cəhdlər göstərilmədi. Ona görə də 2016-cı  ildə Sərsəng su anbarı ilə bağlı qəbul edilmiş  2085 saylı qətnamə də elə bu cür icrasız, kağız üzərində qaldı. Elə oxşar səbəbdən də Assambleyada illər boyu icrası düyünə düşən bu cür qətnamələrin sayı durmadan artdı və artmaqdadır”.
 
“Avropa Şurası özü vəzifə və öhdəliklərinə lazımi icra qətiyyəti göstərə bilsə, eyni qətiyyəti üzv dövlətlərdən tələb etmək də indikindən qat-qat asan olacaq…”
 
Sonda R. Hüseynov Avropa Şurasının özünün bir mötəbər beynəlxalq qurum kimi götürdüyü öhdəliklərə əməl etməkdə ardıcıl olacağı təqdirdə üzv ölkələrə qarşı daha artıq tələbkar olmaq haqqı və imkanı qazanacağını vurğuladı:
 
“Avropa Şurası özü vəzifə və öhdəliklərinə lazımi icra qətiyyəti göstərə bilsə, eyni qətiyyəti üzv dövlətlərdən tələb etmək də indikindən qat-qat asan olacaq. Belə olan halda isə hər dəfə bizim hesabatların əvvəlindəki “İnkişaf” sözü daha rəmzi mənada səslənməyəcək, elə həqiqi nailiyyətlərimizin ifadəsi olacaq!”. 
 
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook