Avropa Şurası Nazirlər Komitəsinin sədri: “Məcburi köçkünlər öz daimi yaşayış yerlərinə qayıtmalıdır!
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş günündə hər sessiyanın başlanğıcında olduğu kimi son 3 ay ərzində qurumun Nazirlər Komitəsinin gördüyü işlər barədə hesabat məruzəsi təqdim edildi.
Etikxeber.az-ın xəbərinə görə, Avropa Şurası Nazirlər Komitəsinə hazırda Fransa başçılıq edir.
Nazirlər Komitəsinə Fransa sədrliyinin təmsilçisi, Fransanın Avropa üzrə naziri və Xarici İşlər naziri olmaqla Dövlət katibi xanım Amelie de Monşalin görülmüş işlər və perspektivlər haqda geniş məlumat verdikdən sonra Parlament Assambleyasındakı siyasi qrupların təmsilçilərinin və ayrıa-ayrı deputatların suallarını cavablandırdı.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da Fransa Dövlət Katibi və Nazirlər Komitəsinin fəaliyyətdə olan sədrinə Azərbaycan üçün son dərəcə əhəmiyyət daşıyan qaçqınlar və məcburi köçkünlər məsələsi ilə bağlı sualla müraciət etdi.
Deputat Rafael Hüseynov bu problemlə ATƏT-in Minsk qrupunun bilavasitə məşğul olduğunu yaxşı bildiyini, lakin Avropa Şurasının da məsələ ilə əlaqədar birbaşa öhdəliklərinin olduğunu yada salaraq Nazirlər Komitəsinin konkret addımlar atmağa dəvət etdi. Azərbaycan təmsilçisi Nazirlər Komitəsinin Ermənistan rəhbərliyindən Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə əlaqədar son dəfə nə zaman hesabat tələb etdiyini soruşdu:
“Avropalıların böyük bir hissəsi təssüflər olsun ki, öz vətənlərində məcburi köçkün həyatı yaşamağa məcbur qalmışlar. Ev-eşiklərindən, ata-baba yurdlarından didərgin salınan bu insanlar hərbi təcavüz və etnik təmizləməyə məruz qalmışlar. Bu ağır problemin zərbəsi Azərbaycana da dəyib. Azərbaycanda da yüz minlərlə insan Ermənistanın işğalı nəticəsində məcburi köçkünə çevrilib. Suallarımıza ənənəvi cavabları çox eşitdiyimizdən, irəlicədən deyirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə həll yollarının axtarılması ilə əlaqədar ATƏT-in Minsk qrupunun xüsusi mandatı olduğundan xəbədarıq və bunu da bilirik ki, Avropa Şurası bu münaqişə ilə bilavasitə məşğul deyil. Ancaq məni təəccübləndirən budur ki, Avropa Şurasını, xüsusilə onun Nazirlər Komitəsini bu məsələ ilə bağlı təsirli tədbirlər görməyə nə mane olur? Axı Avropa Şurası üzvlüyünə qəbul edilərkən Ermənistanın götürdüyü başlıca öhdəliklərdən biri məhz bu münaqişəyə sülh yolu ilə son qoymaq, məcburi köçkünlərin öz doğma yaşayış yerlərinə qayıdaraq həyatlarını davam etdirməsinə imkan yaratmaq idi. Bu problemi Nazirlər Komitəsi Ermənistan rəsmiləri qarşısında sonuncu dəfə nə zaman qaldırıb və onlardan Avropa Şurası qarşısında götürdüyü öhdəliyi yerinə yetirmələrini tələb edibmi?”.
Fransanın Dövlət Katibi, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri xanım Amelie de Monşalin Rafael Hüseynovun sualına cavab olaraq bildirdi ki, həqiqətən bu mövzu çox ağırdır və Nazirlər Komitəsi də həmin məsələni daim diqqətdə saxlayır.
O, Avropa İnsan Haqları Məhkəmsində qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərin qaldırıldığını və Avropa Şurasında da bu müzakirələrin heç vaxt gündəlikdən kənarda qalmadığını söylədi.
Xanım A. Monşalin məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtmasının mütləq olduğunu bəyan edərək ATƏT-in Minsk qrupu ilə yanaşı Nazirlər Komitəsinin də bu səmtdə gələcəkdə daha fəal olacağını, səlahiyyətləri çərçivəsində müvafiq tədbirləri görəcəyini bildirdi.