RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Məkansız və zamansız Nəsimi” kitabı və “Risalə” jurnalının yeni nömrələrinin təqdimatı olub Dek 27, 2019 | 16:35 / Yeni nəşrlər

Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə, həmçinin muzeyin direktoru, akademik Rafael Hüseynovun “Məkansız və zamansız Nəsimi” kitabının təqdimatı olub.

Mərasimdə çıxış edən akademik Rafael Hüseynov 2019-cu ilin ölkəmizin tarixində bir sıra əlamətdar hadisələrlə yadda qaldığını söyləyib.

Bu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu xatırladan akademik dahi mütəfəkkirin 650 illik yubileyi ilə bağlı ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərin keçirildiyini söyləyib. Bildirib ki, başa çatmaqda olan “Nəsimi ili” böyük mütəfəkkirin zəngin irsi, fəlsəfi poeziyası, sənətkarlığı haqqında dəyərli əsərlərin yaranması ilə yadda qaldı. Son yarım əsrdə dahi şairin yubileyi üç dəfə UNESKO səviyyəsində qeyd olunub.

Diqqətə çatdırılıb ki, Ədəbiyyat Muzeyi də “Nəsimi ili”nə öz töhfələrini verib. Belə ki, muzeyin əməkdaşlarının dahi mütəfəkkir Nəsimi ilə bağlı bir çox jurnal və elmi nəşrlərdə məqalələri dərc edilib. Bu məqalələr təkcə Azərbaycan, türk, rus, ingilis, ispan dillərində deyil, həmçinin müxtəlif dillərdə nəşr olunub. Eyni zamanda, muzey tərəfindən Nəsimiyə həsr olunan təqvim, plakat buraxılıb.

Bildirilib ki, Nəsimi taleyini və dühasını dünya ictimaiyyətinə çatdıran belə qiymətli əsərlərdən biri də “Məkansız və zamansız Nəsimi” kitabıdır. Dörd dildə - Azərbaycan, rus, ingilis və türk dillərində nəfis tərtibatla çap olunan kitab təkcə ölkə miqyasında deyil, dünya elmi hüdudlarında artmaqda olan nəsimişünaslığa əvəzsiz bir töhfədir.

Rafael Hüseynov Ədəbiyyat Muzeyinin “Risalə” araşdırmalar jurnalının çapdan çıxmış yeni nömrələri haqqında da məlumat verib.

Qeyd edib ki, Azərbaycan, eləcə də Yaxın və Orta Şərq xalqları ədəbiyyatının müxtəlif mövzu və məsələlərinə dair tədqiqatların yer aldığı mötəbər elmi mənbələrdən biri sayılan “Risalə” elmi araşdırmalar jurnalının hər il yeni nömrələri işıq üzü görür. “Risalə”nin əsas məqsədlərindən biri də muzeyin əməkdaşlarının, gənc alim və tədqiqatçıların ən müxtəlif elmi mövzulara dair əsərlərini elmi ictimaiyyətə çatdırılmasına imkan yaratmaqdır. Bu gün jurnalın növbəti 1(16), 2(17) nömrələri təqdim olunur. Məqalə müəllifləri arasında elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçılar var.

Rafael Hüseynov humanitar elmlərin tədqiqi üzrə dəyərli mənbələrdən hesab olunan “Risalə” jurnalının artıq beynəlxalq standart seriya nömrəsi ilə çap olunması və Amerikanın “EBSCO” beynəlxalq elektron məlumat bazasına daxil edilməsi haqqında məlumat verib. O, jurnalın növbəti nömrələrindən birinin və burada yer alan məqalələrin ingilis və digər dillərdə nəşr olunmasının vacibliyini vurğulayıb.

Tədbirdə məqalə müəlliflərinə “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrələri paylanılıb və tədqiqat mövzuları ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Risalə” elmi araşdırmalar jurnalının 16-cı nömrəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyevin “İmrul-Qeysin müəlləqəsinin Xətib Təbrizi şərhi” mövzusunda məqaləsi yer alıb.

Akademik Rafael Hüseynovun “Məkansız və zamansız Nəsimi” kitabı Azərbaycanın bədii söz və düşüncə tarixində xüsusi yer tutan, öz dövrünün və sonrakı əsrlərin türkdilli poeziyasının, fəlsəfi fikrinin inkişafına güclü təsir göstərən Seyid İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib. Ömrünün müxtəlif dövrlərində ayrı-ayrı təriqət və cərəyanlara bağlanaraq onların məram və məqsədlərini şeirlərində əks etdirsə də, Nəsiminin müdrikliklə dolu söz aləmi heç vəchlə hansısa dar çərçivələrlə məhdudlaşan deyil. Mütəfəkkir şairin bəyan etdiyi sığmazlıq onun şəxsiyyətinə də, dünyagörüşünə də, ədəbi irsinə də aiddir. İnsan və onun mənəvi dünyasını ideallaşdıran, yaradıcılığı boyu ülvi məhəbbət və kamil insanı tərənnüm edən İmadəddin Nəsimi Azərbaycan türkcəsində, farsca, ərəbcə yazmışdı. Zamana və məkana sığmayan şairin əsərləri bu gün bir çox Şərq və Qərb dillərinə çevrilərək nəşr edilib, haqqında dünya alimləri araşdırmalar aparıb və aparır, məsləki uğrunda mübarizələrində yenilməz olan dahi şairin abidələri yalnız doğma Vətəni Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də ucalmaqdadır. Kitabın elmi redaktoru mərhum akademik Vasim Məmmədəliyevdir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook