RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
ADMİU-da elm, mədəniyyət və incəsənətin qarşılıqlı əlaqəsinə dair müzakirələr aparılır Dek 20, 2019 | 16:49 / Konfranslar

Dekabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rəssamlıq fakültəsinin təşkilatçılığı ilə “Elm, mədəniyyət və incəsənətin qarşılıqlı əlaqəsi və müasir cəmiyyətin inkişafında rolu” mövzusunda III respublika elmi-nəzəri konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan rektor Ceyran Mahmudova konfrans haqqında məlumat verib. O bildirib ki, konfransın məqsədi Azərbaycanda elm, mədəniyyət və incəsənətin qarşılıqlı əlaqəsi, dəqiq elmlər və təsviri sənət, mədəni irsin qorunub saxlanılması, sənətşünaslıq elminin muzey işinin təşkilində rolu, təsviri sənət və memarlığın tarixi və nəzəri problemlərinin araşdırılması, sənətşünaslıq, kulturologiya, muzeyşünaslıq, bərpaçılıq, arxeologiya və memarlığın aktual problemləri sahəsində mövcud olan məsələlərə diqqətin cəlb edilməsidir. Rektor qeyd edib ki, XXI əsrin tələbləri bizim qarşımızda yeni vəzifələr qoyur. Bu vəzifələr sırasında ən önəmli yeri yeni innovativ fikir və metodlardan istifadə tutur.

Ceyran Mahmudova diqqətə çatdırıb ki, konfrans materiallarının içərisində maraqlı mövzusu, işlənmə metodu ilə fərqlənən məruzələr var.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında vurğulayıb ki, ADMİU-da yüksək səviyyədə elm və təhsil əlaqələri modeli qurulub və uğurla davam etdirilən bu istiqamət öz bəhrələrini verir. ADMİU-da belə konfransların keçirilməsi həm universitetin daxilində elmi potensialın, təhsil və elm əlaqələrinin inkişafına kömək edir. Uyğun sahələr üzrə respublikanın aparıcı mütəxəssislərini bir araya gətirir.

Daha sonra akademik Rafael Hüseynov “Azərbaycan miniatürlərinin xətt, şeir, musiqi, naqqaşlıq və memarlıq sənətlərini qovuşduraraq yaratdığı gözəllik və yaşatdığı tarix” mövzusunda məruzə edib.

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Ziyadxan Əliyev və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyasının incəsənəti və memarlığı şöbəsinin müdiri Kübra Əliyeva qeyd ediblər ki, konfransın qarşısına qoyduğu məqsəd bu gün üçün çox aktualdır. Bildirilib ki, konfrans elm, mədəniyyət və incəsənətin qarşılıqlı əlaqəsinin araşdırılması istiqamətində mühüm elmi nəticələr əldə olunmasına öz töhfəsini verəcək.

İki gün davam edəcək konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institut və müəssisələri, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Azərbaycan Xalça Muzeyindən mütəxəssislər çıxış edəcəklər.

Konfrans çərçivəsində ADMİU-nun böyük səhnəsində Rəssamlıq fakültəsinin tələbələrinin IV xeyriyyə auksionu keçiriləcək. Artıq ənənəvi olaraq keçirilən tədbirdə tələbələrin əsərləri hərraca çıxarılacaq və əldə olunan məbləğ təhsil haqqını ödəməkdə çətinlik çəkən ADMİU-nun tələbələrinə dəstək üçün istifadə olunacaq.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook