RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitab toplusunun təqdimatı olub Yan 10, 2020 | 18:12 / Yeni nəşrlər

Azərbaycanın maddi və qeyri-maddi irsinin qorunub saxlanılması, tarixi, dini, mədəni abidələrin bərpası və dünyada tanıdılması üzrə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən görülmüş işlərin miqyası ölçüyəgəlməzdir. SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası da bu təşəbbüsə öz töhfəsini vermək məqsədilə Qafqaz Albaniyasının ilk paytaxt şəhəri olmuş Qəbələ şəhərində arxeoloji tədqiqatlara 15 illik fasilədən sonra dəstək verib. Artıq 2005-ci ildən Qəbələ ilə bağlı elmi araşdırmalar SEBA Assosiasiyasının Qəbələ Arxeoloji Ekspedisiyası layihəsinin gerçəkləşdirilməsi ilə bərpa edilib. Ekspedisiya öz işinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, mərhum professor İlyas Babayevin rəhbərliyi və SEBA Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə başlayıb. 2009-cu ildən etibarən bu günə qədər ekspedisiya fəaliyyətini Koreya alimləri ilə birgə beynəlxalq statusda davam etdirməkdədir. Qəbələ ilə bağlı elmi araşdırmaların davamı olaraq 2011-2016-cı illərdə SEBA Assosiasiyasının dəstəyi ilə akademik Teymur Bünyadovun rəhbərliyi altında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarından ibarət “Qəbələ etnoqrafik ekspedisiyası” Qəbələ bölgəsində tədqiqat aparıb. Ekspedisiyanın fəaliyyətinin nəticəsi olan “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” kitablarından ibarət toplu 3 dildə (Azərbaycan, rus, ingilis) “TEAS Press” nəşriyyat evi tərəfindən Bakıda və İstanbulda nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, yanvarın 10-da AMEA-da Qəbələnin tarixinə, etnoqrafiyasına və folkloruna həsr olunan toplunun təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibəyli açaraq Azərbaycanın elmi müəssisələrinin, o cümlədən Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının son illərdə apardığı tədqiqatların yüksək nəticələrindən söz açıb. İ.Həbibbəyli Qəbələ bölgəsinin qədim tarixinin araşdırılmasının dövlətçilik tariximiz üçün əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızın iqtisadi və siyasi yüksəlişə istiqamətlənmiş siyasəti elmi tədqiqatlar və müasir dünya səviyyəsində alimlərimizin tanınması üçün əsaslı zəmin yaradıb.

Akademik Teymur Bünyadov Qəbələ bölgəsi və qədim Qəbələ şəhərinin arxeoloji, tarixi və etnoqrafik baxımdan kompleks tədqiqatlarının nəticəsi olan ictimaiyyətin diqqətinə təqdim edilmiş əsərlər barədə ətraflı məlumat verib. T.Bünyadov Qəbələ bölgəsi üzrə tədqiqatlarda SEBA Assosiasiyasının və onun prezidenti, geologiya üzrə fəlsəfə doktoru Rühəngiz Heydərovanın təmənnasız dəstəyini xüsusi qeyd edib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova Qəbələdə aparılan arxeoloji və etnoqrafik tədqiqatlar barədə məlumat verib. M.Rəhimova ölkə rəhbərinin apardığı siyasət nəticəsində bərqərar olmuş sabitlik və inkişafın əsasında Azərbaycanın tarixi keçmişini və xalqımızın qədimliyini, zəngin maddi və mənəvi irsini ortaya çıxarmış bu tədqiqatların mümkün olduğunu vurğulayıb.

Koreyanın ölkəmizdəki səfiri Kim Tonq Op bildirib ki, SEBA Assosiasiyasının dəstəyi ilə Qəbələnin arxeoloji tədqiqatında koreyalı mütəxəssislərin iştirakı iki ölkə arasında əməkdaşlıq tarixində yeni səhifə açmışdır.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Azərbaycanda 2500 illik tarixə malik Qəbələnin tarixini, etnoqrafiyasını və folklorunu əks etdirən əsərlərin rus və ingilis dilində nəşrinin respublikamız və xalqımız üçün mühüm elmi, mədəni və siyasi əhəmiyyətini qeyd edib.

Tədbirdə Qəbələ etnoqrafik ekspedisiyasına həsr olunan “Qəbələ etüdləri” sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, “Qəbələ tarixi” kitabında bölgənin 450 000 il əvvəl başlanan tarixi 2017-ci ilin əvvəlinə qədər öz əksini tapıb. Kitabda Qəbələ bölgəsinin ibtidai icma, tunc, antik və orta əsrlər dövrlərini əhatə edən minilliklər boyu tarixi keçmişi, qədim Qəbələ şəhərinin Qafqaz Albaniyasının paytaxtı kimi formalaşması və yüksəlişi, XVIII əsrə qədər Qafqazın və Şərqin görkəmli şəhərlərindən biri olması, XIX-XXI əsrlərdəki yüksəlişi barədə geniş məlumat verilib.

“Qəbələ etnoqrafiyası” kitabında regionun təbii-coğrafi şəraitini və etnik mənzərəsini, təsərrüfat həyatını, sənətkarlıq sahələrini, maddi-mənəvi mədəniyyətini, ailə və ailə məişəti barədə məlumatlar geniş oxucu kütləsinin diqqətinə təqdim edilir.

“Qəbələ folkloru” kitabında isə çoxəsrlik folklor mədəniyyəti (xalq poeziyası, əfsanələr və s.) ilk dəfə əhatəli şəkildə qələmə alınıb.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook