RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Mədəniyyət sahəsi üçün nəzərdə tutulan vəsait artırılmalıdır Noy 14, 2017 | 21:11 / Mətbuatda çıxışlar

2018-ci il dövlət büdcəsi layihəsində mədəniyyət sahəsi üçün nəzərdə tutulan vəsait artırılmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili qeyd edib ki, dövlət büdcəsində mədəniyyət sahəsinə baxış kəskin şəkildə dəyişməlidir: “Yəni bu, hansısa sahə üzrə cüzi artımlarla yox, əsaslı şəkildə dəyişməlidir. Büdcə anlayışında mədəniyyətə münasibətin fəlsəfəsi dəyişməlidir”.

R.Hüseynov əlavə edib ki, büdcənin vəzifəsi mədəniyyəti çökməkdən xilas etmək deyil, mədəniyyətin daha parlaq inkişafına dəstək vermək olmalıdır: “Musiqi məktəblərimizin, teatrlarımızın, xüsusən rayon teatrlarının və digər sahələrin gələcək taleyi məhz bu vəsaitdən asılıdır. Ona görə də bu sahələrə vəsaitin artırılması nəzərdə tutulmalıdır. Azərbaycanda 2800-dən artıq kitabxana var. O kitabxanaların fəaliyyəti bərpa olunmalıdır, onları mədəniyyət mərkəzlərinə çevriməliyik. Mədəniyyətə diqqəti artırmalıyıq və bunu mütləq büdcədə nəzərdə almalıyıq”.

Qeyd edək ki, 2018-ci il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz olmaqla, mütləq ifadədə 304,3 milyon manat təşkil edəcək ki, bu da 2017-ci illə müqayisədə 21,8 milyon manat və 7,7 faiz çoxdur.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə ayrılan vəsaitin 127,8 milyon manatı və ya 42 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinə yönəldiləcək. Cari ildə bu göstərici 120,8 milyon manat təşkil edir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook