RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Köhnəlməyən and Mart 18, 2020 | 17:48 / Mühüm hadisələr

Azərbaycanda az nəsil, az ailə tapılar (bəlkə də heç tapılmaz) ki, İkinci Dünya müharibəsinin, 1941-1945 davasının sərt dalğasını duymasın.
O vaxt Azərbaycanın 3 milyon 400 min əhalisi vardı və 681 min insanınımız cəbhəyə yollanmışdı.
Onlardan təqribən yarısı – 300 mindən artıq vətəndaşımız həmin amansız müharibədə həyatını itirdi.
Elə bizim nəsildən də neçəsi cəbhələrə gedib və özünün əvəzinə “qara kağız”ı qayıdıb.
Mənim doğmaca dayım Kamal Muxtarov da 1941-də müharibə başlanan kimi, 18 yaşında ikən əsgər aparılıb və 1943-cü ildə döyüşlərdə həlak olub.
Özü 20 yaşındaykən Vətəndən uzaqlarda gözlərini əbədi yumub, amma hələ davadan əvvəl – 1939-cu ildə düzəldirdiyi tarı qalır.
Uşaqkən musiqi məktəbinə gedəndə mən o tarı çaldım, Kamalın yadigarı bu gün də mənimlədir...
Bu, bəşəriyyətin faşizmə qarşı müharibəsi idi. Ona görə də bəzən bizim günlərin içərisində oturaraq o qanlı keçmişi başqa təffəkürlə yozmağa çalışan, hərdən mənfi dəyərləndirmələri dilə gətirənlər gərək ehtiyatlı ola.
Ən azı, verdiyimiz qurbanların xatirəsinə ehtiram naminə qiymət verərkən insafı, ədaləti, tarixi şərtləri unutmayaq!
Bir başqa həssas məqam da var.
O müdhiş illərdə Sovet İttifaqına daxil xalqların cəbhədə faşizmə qarşı döyüşən əsgərləri ilə üz-üzə elə həmin xalqlardan olan və əks cəbhədə dayanan legionçular da olub.
Bu gün – həmin əzablı illərdən yeddi onildən də artıq vaxt keçirkən o legionçuları nə qəhrəman saymaq lazımdır, nə düşmən.
Bu bir tale idi!
Bütün mahiyyəti ilə ədalətsizlikdən ibarət davanın doğurduğu daha bir insan faciəsi idi.
...Bu ilin 9 mayında 1945-ci il qazanılmış tarixi Qələbənin 75-ci ili tamam olacaq.
Moskvada bu hadisənin çox böyük təntənə ilə qeyd edilməsi nəzərdə tutulur.
(Əlbəttə, o vaxtacan epidemiya qasırğası səngimiş olsa).
Möhtəşəm bayram münasibətilə bir sıra tədbirlərin gerçəkləşdirilməsi düşünülür. Həmin tədbirlərdən biri də budur ki, keçmiş SSRİ tərkibində faşizmə qarşı mübarizə aparmış respublikalardan 10-u mühüm bir media layihədə iştirak edəcək.
Azərbaycan, Belarus, Qazaxstan, Qırğızstan, Moldova, Rusiya Federasiyası, Tacikstan, Özbəkstan və digərlərinin hər biri 2-3 dəqiqəlik videoçarx hazırlamalıdır.
Bununla bağlı Təşkilat Komitəsi bir neçə ay qabaq respublikaların Parlamentlərinə müraciət edib ki, layihınin gerçəkləşdirilməsinə kömək göstərsinlər.
Bizdə bu işi mən görəsi oldum.
Məqsəd hər respublikadan bir milli şairinin 1941-1945 illər arası yazdığı və rus dilinə tərcümə edilmiş müharibəyə aid bir şeiri indi həmin ölkənin 4 tanınmış insanının oxunmasıdır.
Mən Süleyman Rüstəmin 1941-ci ildə yazdığı “And” şe`rinin 4 bəndini seçdim.
Və təsadüfən də həmin parçanı seçmədim. Çünki həmin sətirlər o zaman yazılsa və o müharibəyə aid olsa da, bu gün bizim dilimizdə elə Qarabağ müharibəsinə həsr edilmiş kimi, bizim – bugünün azərbaycanlılarının da andı kimi səslənir.
Əgər bu ilin may ayında Qələbənin 75 illiyinə həsr edilən tədbirlər baş tutsa, həmin günlərdə bu videoçarxalar hər gün bir neçə dəfə həm Moskva televiziyası ilə bütün Rusiya Federasiyasına, eləcə də, iştirakçı ölkələrə transliyasiya ediləcək.
Həm dünənə, həm bu günə aid “And” şeirini dördümüz oxuduq: Köhnə dostlarım, Azərbaycandan kənarlarda yetərincə məşhur olan Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Yalçın Adıgözəlov və sərbəst güləş üzrə Olmipiya və üçqat Avropa çempionu Namiq Abdullayev. Bir də mən.
Arzumdur ki, həmin şe`rin dilimizdə səslənmiş, ürəyimizdə daşıdığımız misralarındakı arzular və niyyət ən yaxın zamanda gözəl Qarabağımızda parlaq bir həqiqətə çevrilsin!

Сулейман Рустам

Клятва

Со штыками страшной остроты,
С пулями, поющими в полете,
С танками, берущими хребты,
С броневой машиной, с пулеметом –

Песня будет вместе воевать,
Бить врага, колоть, взрывать и рушить…
Про войну не бойся слушать, мать:
Будешь песню о победе слушать!

Хлебом, в честной работе добытым, –
клянусь!
Сердцем, в дружбе великой открытым, –
клянусь!
Я бессмертной народною силой – клянусь!
Враг найдет в наших землях могилу – клянусь!

Всеми мечтами народа – клянусь!
Нашей правдою, честью, свободой –
клянусь!
Солнце счастья народов в бою отстою!
Лишь победой мой праведный гнев утолю!

1941

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook