RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Evdə qal, evdə yarat” layihəsi çərçivəsində ölkə vətəndaşlarına videomüraciət Apr 23, 2020 | 21:30 / Mətbuatda çıxışlar

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” layihəsi çərçivəsində ölkə vətəndaşlarına videomüraciət edib.

AMEA-dan bildirilib ki, akademik R.Hüseynov Azərbaycanda koronavirus (COVID-19) pandemiya­sı ilə əlaqədar mövcud vəziyyət, Prezident İlham Əliyevin qətiyyətli addımla­rı sayəsində görülən işlər, vaxtında həyata keçirilmiş tədbirlər nəticəsində bu virusa yoluxma sayının az olması, respublika daxilində əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi kimi məsələlərdən bəhs edib.

Dünyanın əksər ölkələrində tətbiq olunan karantin rejiminin iqtisa­diyyata mənfi təsirlərindən danışan alim bildirib ki, məhdudiyyətlərin vaxtından öncə yumşaldılması xəstəliyə yoluxanların sayında artıma səbəb ola bilər.

Vurğulayıb ki, bu ya­xınlarda Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqti­sadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dövlət başçısının çıxışı zamanı in­sanların sağlamlığını iqtisadi fəallıqdan üstün tutması onun Azərbaycan vətəndaşlarına diqqət və qayğısının bariz ifadəsidir.

Müxtəlif dövrlərdə baş verən epidemiyalar zamanı insanların həmrəylik nü­mayiş etdirməsinin vacib məsələlərdən olduğunu söyləyən R.Hüseynov belə dönəmlərdə dövlətlərin vətəndaşların qayğısına qalması ilə yanaşı, insanların da daha mütəşəkkil davran­masının önəmini qeyd edib. Alim əlavə edib ki, xəstəliklə mübarizə zamanı əsas şərt insanların intizamlı olmasıdır.

“Karantin rejimi şəraitində yaradıcı insanların, xüsusən mədəniyyət və incəsənət xadimlərinin üzərinə böyük vəzifələr düşür”, – deyən R.Hüseynov Azərbaycanın müxtəlif rayonlarında ya­şayan sənətkarların həmin bölgələrdə mikromühit yaradaraq mədəniyyət və incəsənətimizin inkişafına böyük töhfələr verdiklərini söyləyib. Qeyd edib ki, müasir texnologiyaların, internetin yaratdığı imkanlar sayəsində yaradıcı əməyin məhsullarını bütün ölkə, o cümlədən dünya ilə pay­laşmaq mümkündür. O, mədəniyyət və incəsənət xadimlərini bu yolda səfərbər olmağa çağırıb.

Sonda akademik R.Hüseynov hər bir Azərbaycan vətəndaşına əqidə, ruh və bədən sağ­lamlığı arzu edib. Vurğula­yıb ki, Azərbaycan milləti bütün bəlalar içərisindən sağlam olaraq çıxıb. O, xalqımızın bu sınaqdan da tezliklə öz əqidəsi, intizam və mütəşəkkilliyi, bir-birinə mənəvi dayaq olması sayəsində uğurla çıxacağına əminliyini ifadə edib.

Xalq qəzeti

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook