RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nizami muzeyində Xalq rəssamı Akif Əsgərovun 80 illik yubileyi münasibətilə videokonfrans keçirilib May 15, 2020 | 14:16 / Tədbirlər

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində heykəltəraş Akif Əsgərovun 80 illik yubileyi münasibətilə muzey əməkdaşlarının və yubilyarın iştirakı ilə videokonfrans keçirilib.

Videokonfransı giriş sözü ilə açan Milli Məclisin deputatı, muzeyin direktoru, akademik Rafael Hüseynov tədbirin keçirildiyi günün – mayın 14-nün muzey üçün əlamətdar tarix olduğunu, düz 75 il əvvəl məhz bu gün 1945-ci ildə muzeyin ilk dəfə qapılarını tamaşaçıların üzünə açdığını iştirakçıların diqqətinə çatdırıb. Akademik, həmçinin vurğulayıb ki, mayın 1-də 80 yaşı tamam olan heykəltəraşın yubiley tədbirini məhz bu gündə qeyd etmək məqsədəuyğun idi. Çünki bu il yaradılışının 80 illiyini qeyd edən muzeyin ekspozisiya zallarını 80 yaşlı heykəltəraşın müəllifi olduğu sənət əsərləri də bəzəyir.

Daha sonra tişə ustası Akif Əsgərovun yaradıcılığını incəlikləri ilə təhlil edən Rafael Hüseynov onun Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tokay Məmmədov, canlı klassik Ömər Eldarov kimi ustad heykəltəraşlarla bir sırada durduğunu qeyd edib. Muzeyin direktoru bildirib ki, dünyaca məşhur Tretyakov qalereyasında yalnız yüksək sənətkarlığı ilə seçilən əsərlər nümayiş olunur ki, Akif Əsgərovun Hüseyn Cavid heykəli müəllifin hələ cavan yaşlarından adı çəkilən qalereyanın daimi sərgisində yer alır. Bu gün Akif Əsgərovun əsərləri təkcə Azərbaycanda deyil, Almaniyada, Fransada, Sloveniyada, Türkiyədə və bir sıra başqa ölkələrdə yüksəlməkdədir.

Daha sonra muzeyin əməkdaşları Akif Əsgərovun əsərləri nümayiş olunan zallardan videokonfransa qoşularaq heykəltəraşın əməyinin məhsulu olan sənətkarlıq nümunələrini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

İlk növbədə muzeyin XX əsr şair və yazıçılarına həsr edilmiş zalından elmi işçi Nəzmiyyə Yigitoğlu sənətkarın Hüseyn Cavid və Məmməd Səid Ordubadi heykəllərini təqdim edib. O, müəllifin H.Cavid obrazında “tanrısı gözəllik və sevgi” olan şairi əbədiləşdirdiyini, M.S.Ordubadini bütün məğrurluğu ilə göstərə bildiyini vurğulayıb.

Daha sonra Xurşidbanu Natəvana həsr edilmiş zaldan elmi işçi Dilbər Hüseynova tədbir iştirakçılarına “X.Natəvan və Aleksandr Düma” fiqurlarını nümayiş etdirib. Heykəltəraşın A.Dümanın Qafqaza səyahəti zamanı 1858-ci ildə Bakıda X.Natəvanla görüşməsi faktını daş yaddaşa köçürdüyünü söyləyib.

Muzeyin görkəmli dövlət xadimi, yazıçı-publisist Əlimərdan bəy Topçubaşova həs edilmiş guşəsindən videobağlantı edən filologiya üzrə fəlsəfə doktoru, elmi işçi İlhamə Quliyeva-Gültekin Akif Əsgərovun muzey və qalereya həcmli əsərlərindən əlavə monumental heykəltəraşlıqla da məşhurlaşdığını və belə əsərlərindən birinin Ə.Topçubaşovun məzarüstü abidəsi olduğunu bildirib. Muzey əməkdaşı söykəyib ki, Ə.Topçubaşovun qəbirüstü abidəsi akademik Rafael Hüseynovun layihəsi əsasında 2003-2006-cı illərdə Akif Əsgərov tərəfindən hazırlanıb və Paris yaxınlığındakı Sen-Klu məzarlığında dövlət xadiminin sərdabası üzərində ucaldılıb. Abidənin heykəltəraşlıq xüsusiyyətlərini dinləyicilərin diqqətinə çatdıran məruzəçi ekspozisiyada mövcud olan həmin məzarın əvvəlki və sonrakı görüntüsünün fotoşəkillərini, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin məzarı ziyarət zamanı çəkilmiş fotolarını, bu guşədə nümayiş edilən və muzeyin ən qiymətli eksponatlarından olan köhnə məzar daşının orijinalını tədbir iştirakçılarına təqdim edib.

Videoyubiley tədbirinə Bakının ən gözəl yerlərindən birindən – İstiqlaliyyət küçəsindən qoşulan Gülsəba Həsənova sənətkarın monumental şəhər heykəltəraşlığına verdiyi töhfələrdən məlumat verərək, bu abidələrdən ən böyük və ən qiymətlisini nümayiş etdirib. Məruzəçi diqqətə çatdırıb ki, A.Əsgərovun müəllifi olduğu və indi qarşısında dayandığı “Akademik Yusif Məmmədəliyevin heykəli” böyük alim üçün ucaldılmış ilk heykəldir.

Yubiley tədbirində muzey əməkdaşları ilə yanaşı, yubilyarın yaxın dostu və məsləkdaşı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, muzeyin Elmi şurasının üzvü Salxab Məmmədov da iştirak edərək heykəltəraşı həm dost olaraq, həm də təmsil etdiyi qurumun adından təbrik edib.

Sonda söz heykəltəraş, Xalq rəssamı Akif Əsgərova verilib. O da öz növbəsində konfransın təşkili üçün Muzeyin direktoru akademik Rafael Hüseynova və videokonfransda iştirak edən elmi işçilərə təşəkkürünü bildirib.

Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya mədəniyyətə və mədəniyyət xadimlərinə qayğı və diqqətinə görə minnətdarlığını ifadə edən yubilyar layiq görüldüyü “Əmək” ordenini dövlətin sənətə və sənətkara yüksək diqqətinin daha bir parlaq ifadəsi olduğunu vurğulayaraq bundan sonra da daim Azərbaycan heykəltəraşlığına yeni töhfələr vermək üçün səy göstərəcəyini bildirib.

Videokonfransı yekunlaşdıran akademik Rafael Hüseynov deyib ki, sənətkarın yaşı onun anadan olduğu təqvimlə deyil, sənətə başladığı və mədəniyyətin səhifələrinə mötəbər imzasını atdığı tarixdən hesablanır. Ona görə də Xalq rəssamı Akif Əsgərov hələ cavandır, ömrünün də, yaradıcılığının da çiçəklənən dövrünü yaşayır və yəqin ki, bundan sonra da uzun illər yeni əsərləri ilə xalqımızı sevindirəcək, Azərbaycan mədəniyyətini zənginləşdirəcək.

Xalq rəssamı, görkəmli heykəltəraş Akif Əsgərovun 80 illiyinə həsr edilmiş videokonfransa Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Xaqani Şirvani adına Aran filialının, Xurşidbanu Natəvan adına Qarabağ filialının, Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr Mərkəzinin əməkdaşları da qoşulub, yubilyara təbriklərini çatdırıblar.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook