RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nizami Muzeyində virtual açıq qapı günü keçirilib May 18, 2020 | 14:36 / Tədbirlər

Bu il 80 illik yubileyini bayram edəcək Niza­mi Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi artıq iki aydır davam edən “Niza­mi muzeyində sizinlə” layihəsinin növbəti mərhələsini təqdim edib. Muzeydən bildirilib ki, cari təqdimat 18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunub.

1977-ci ildən etibarən mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da muzeylər həmin günü açıq qapı təşkil edir. Həm yerli, həm xarici qonaqlar muzeyləri biletsiz ziyarət edə bilir. Lakin bu il mayın 18-i koronavirusun yayılması ilə əlaqədar karatin dövrünə təsadüf etdiyindən digər muzeylər kimi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də “Açıq qapı günü”nü ənənəvi şəkildə keçirmək imkanından məhrum olub. Mövcud vəziyyətə uyğun olaraq “Muzeydə açıq qapı günü” orijinal bir şəkildə keçiri­lib. Muzey əməkdaşları virtual açıq qapı layihəsini bir ilk olaraq tətbiq etdilər. Məhz mayın 18-də bir sıra sosial şəbəkələrdə, muzeyin rəsmi vebsaytında və “YouTube” kanalında nümayiş etdirilən videoçarxda ilk növbədə muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov muzeylərin insanların həyatındakı əhəmiyyətindən, xalqların tarixinin, ədəbiyyatının, mədəniyyətinin öyrənilməsində bu qəbil sənət ocaqlarının rolundan danışıb. Akademik qeyd edib ki, muzey yaddaş, tarix, mənəviyyat deməkdir. Hər bir xalqın tarix içərisində inam­la irəliləyə bilməsi üçün onun arxada qalan tarixini, uluların ya­ratdığı zəngin mənəvi irsi yaxşı bilməsi vacibdir. Nizami Muzeyi Azərbaycan xalqının 3 min ildən artıq bir dövrü əhatə edən mədəniyyət və ədəbiyyat tarixi haqqında yaddaşı yaşatmaqda, təbliğ etməkdədir.

Alim muzeydə yalnız peşəsini sevənlərin, bu işin mənəvi məsuliyyətini dərk edənlərin çalışa bildiyini diqqətinə çatdırıb. Vurğulayıb ki, bu sevgi peşə bayramında da özünü göstərir. Çünki, başqa peşə sahibləri öz peşə bayramlarında istirahət etdiyi halda muzey əməkdaşları bu gündə başqa zamanlardan daha artıq çalışmalı olur. Elə bu səbəbdəndir ki, karantin rejiminə rəğmən muzey öz ənənəsini pozmamaq üçün bu il açıq qapını virtual şəkildə keçirir və muzeysevərləri ekran başına toplayır.

Daha sonra akademik R.Hüseynov respublikanın bü­tün muzeylərinin əməkdaşlarını və muzeysevərləri təbrik edib və videosəyahəti açıq elan edib.

Videosəyahətdə muzeyin bələdçiləri əvvəldən sona qədər bütün ekspozisiya zallarından görkəmli ədəbiyyat xadimlərinin həyat və yaradıcılığından məlumatlar verib, muzeyin qiymətli eksponatlarını - əlyazmalar, klassik əsərlərə toxunmuş süjetli xalçalar, miniatürlər, şair və yazıçılarımı­zın müəllifi olduğu bədii əsərlər əsasında çəkilmiş tablo və illust­rasiyalar, arxeologiya nümunələri, memarlıq abidələrinin maketlərini izləyicilərə təqdim ediblər.

Virtual açıq qapıya, həmçinin muzeyin 3 filialı – Xaqani Şirvani adına Aran Regional filialı, Xur­şidbanu Natəvan adına Qarabağ filialı, Sergey Yesenin adına Rusiya-Azərbaycan Ədəbi Əlaqələr Mərkəzi də qoşulub.

Daha sonra muzey bələdçiləri Azərbaycan dili ilə yanaşı ingi­lis, rus, ərəb və fars dillərində öz təbriklərini çatdırıb. Muzeydə virtual açıq qapı gününü yekunlaş­dıran muzeyin direktoru, akademik R.Hüseynov bildirib ki, dünyanın hər yerində muzeylər insanlar üçündür, deməli bu mədəniyyət ocaqları əslində hamınındır. Ona görə də, muzeylərin bayra­mı yalnız muzey işçilərinin yox, hər kəsin bayramı sayılmalıdır. R.Hüseynov bütün muzey işçiləri adından belə bir arzusunu da dilə gətirib ki, Azərbaycan ədəbiyyatı və mədəniyyəti kimi möhtəşəm bir irsin varisi və sahibi olan xalqımız muzeyləri tez-tez ziyarət etsin, bu vərdişi övladlarına aşılasın və hər kəs imkanı daxilində ölkə muzeylərinin zənginləşməsinə öz töhfələrini versin.

Virtual açıq qapı günü Nizami Muzeyinə həsr edilən, sözlərini Rafael Hüseynovun yazdığı, musiqisini Rizvan Sədirxanovun bəstələdiyi, solist Gülşən İbado­va-Akın və xorun ifa etdiyi “Söz məbədi” adlı nəğmə ilə başa çatıb.

Xalq qəzeti

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook