RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Prezident sözünün gücü İyul 24, 2020 | 19:38 / Mətbuatda çıxışlar

Qart və məkrli düşmənlə üz-üzəsənsə, o, girəvə tapdıqca sənə namərd həmlələr edirsə, qisas alınması mütləqdir və bu qisasalma da yalnız atəş xəttində deyil, bütün istiqamətlərdə olmalıdır.

Erməniçiliyin hər növ mənhus sifətlərinə və eybəcər mahiyyətinə yaxşı bələd olan Prezident İlham Əliyev məhz belə də edir.

Ali Baş Komandanın müdrik rəhbərliyi ilə Milli Ordumuzun döyüş meyda­nında düşmənə endirdiyi dəqiq və sarsıdıcı zərbələr öz yerində, amma sava­şın bir an dayanmadan atəşkəssiz davam edən digər istiqaməti olan siyasi cəbhədə Prezident İlham Əliyev ən mahir bir siyasət snayperi kimi durmadan düşməni alnından vurur.

Dahi Hegel təsdiqləyirdi ki, nitq heyrətli dərəcədə güclü vasitədir, amma ondan layiqincə istifadə edə bilmək üçün gərək yüksək zəka sahibi olasan.

Kamil siyasətçinin, sabahı dünəndən görməyi bacaran, qərar qəbul etmək anında əzmli və tərəddüdsüz dövlət xa­diminin mühümdən-mühüm bir silahı da elə cazibəli nitq, cəmiyyətə həqiqətləri çatdıra bilmək məharəti, rəqibini sözlə ən güclü silahdan da sarsıdıcı zərbəyə məruz qoya bilmək ustalığıdır. Onu da, bunu da Prezident İlham Əliyev ən mükəmməl bir şəkildə dəfələrlə düşmənə nümayiş etdirərək onun burnunu ovubsa, acı dərslərini veribsə də, təkəbbürlü cahillik qanında olan düşmən özünə yığılmır ki, yığılmır.

2016-cı ilin aprelində Azərbaycanın öldürücü zərbələrindən ümummilli vahiməyə bürünən Ermənistan hər halda anladı ki, bizimlə yalnız özü üz-üzə qalacağı təqdirdə taleyi ən qısa müddətdə birdəfəlik həll edilə bilər və Lələtəpə dəhşətini bütün ordusu yaşayar.

Söz, fikir meydanında, siyasi düşüncə döyüşündə Azərbaycan Prezi­denti ilə artıq həmin aprel qarşıdurma­larından sonra bir neçə dəfə təkbətək qalarkən Ermənistan rəhbərinin necə dar­madağın edilərək miskin hala düşməsini dünya da görüb, hətta bunu, kor-kor, gör-gör olduğundan, məcbur qalaraq ermənilər özləri də etiraf ediblər.

2020-ci ilin iyul günlərində isə Ermənistan və onun cinayətkar rəhbərliyi həm o, həm bu silahla həmin zərbələrin ikisini də eyni vaxtda, üst-üstə aldı.

Məkanca erməni fitnəkarlığına lap yaxın məsafədə qərar tutan Tovuz–Qazax regionunda Milli Ordumuzun sayıqlı­ğı da həmişə yüksək olub, o tərəflərin camaatı da indi deyil, hələ 1980-ci illərin sonlarından bəri mütəmadi erməni təxribatlarına uğramalarına rəğmən mətin, qorxmaz davranışları ilə həmişə Azərbaycan insanının rəğbət və iftixarına layiq görülüblər.

Azərbaycan öz ərazilərinin Dağ­lıq Qarabağdan, ümumən Qarabağ bölgəsindən xeyli aralıda yerləşən bu hissəsinin Ermənistanla həmsərhəd olan xəttinin mühafizəsini Milli Orduya yox, Sərhəd Qoşunlarına həvalə etməklə bu istiqamətdə heç bir hərbi məqsədinin olmadığını Ermənistana da, əslində, dünyaya da açıqca bəyan edib.

Lakin 2020-ci il iyul ayının 12-də Ermənistan ordusunun məhz bu istiqamətdə Azərbaycan torpaq­larını atəşə tutması və törətdiyi qanlı təxribatlar növbəti dəfə necə rəzil bir qonşu və düşmənlə qarşı-qarşıya olmağımızdan savayı, bir daha əyani şəkildə bütün dünyaya göstərdi ki, Ermənistanın 30 ilə yaxın müddətdə davam edən münaqişənin Dağlıq Qarabağ məsələsi olması, guya münaqişədə qondarma “Xankəndi rejimi”nin əsas tərəf sayılması iddi­aları riyakarlıqdan başqa bir şey de­yildir. Azərbaycanla elan edilməmiş müharibə aparan, elə hər kəsə bəlli olduğu kimi, məhz Ermənistanın özüdür.

Əlbəttə, dərhal Ali Baş Koman­danın göstərişi ilə Milli Ordumuz düşmənin başına ən ağır yumruq sayılacaq cavabı da verdi, qisas da alındı və alınmaqda davam da edir. Ermənistan elə itkilərə məruz qoyuldu ki, əvvəlcə bunları öz ictimaiyyətindən gizlətməyə çalışsa da, miqdarın və həcmin həddən artıq iriliyi asta-asta onları etirafa vadar qıldı. Lakin Prezident İlham Əliyevin danılmaz sübutlara söykənən ifşaçı sözləri ilə düşmənə vurduğu zərbə Tovuz səmtində ordumuzun qəsbkar Ermənistanın canlı qüvvəsini, hərbi texnikasını, sərhədboyu yerləşən dayaq məntəqələrini məhv etməklə yekunlanan zərbələri ilə müqayisədə daha sarsıdıcı oldu.

Ənənəvi saxtakar xislətinə uyğun olaraq Paşinyan rejimi yenə dünyanın gözünə kül üfürməyə, guya, birinci həmləni Azərbaycanın etdiyi yalanını yaymağa başladı. Axı Paşinyan həmin Paşinyan idi və Prezident İlham Əliyevlə belə söz savaşında eyni üsullardan istifadə etdiyi halda hansı rəzil duruma düşdüyü onun yadından çıxmama­lı idi. Axı Ermənistan rəhbərinin yaxşı yadında olmalı idi ki, 2018-ci il oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunın XVI illik iclasında Prezident İlham Əliyevə “nöqtə” ilə hücuma keçmək istəyəndə Azərbaycan dövlət baş­çısının “nida” nokautu ilə necə xar edilmişdi.

Axı Paşinyan unutmamalı idi ki, elə bu hadisədən azacıq sonra MDB Dövlət Başçıları Şurasının 2019-cu il oktyabr ayının 11-də Aşqabadda keçirilən toplantısında Prezident İlham Əliyev faşist Qaregin Njdeni müasir Ermənistanda qəhrəman kimi göstərən rejimin elə özünün də faşist xislətli olmasını bəyan etməklə onu necə miskin vəziyyətə saldı.

Axı Paşinyan unutmamalı idi ki, elə bu ilin 16 fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən açıq dialoq əsnasında Prezi­dent İlham Əliyev artilleriya atəşləri kimi düşməni yerlə yeksan edən kəskin sözü, hamını inandıran dəlilli-sübutlu müddəaları, yeri düşəndə istehzaları ilə onu necə dünyanın gözü qarşısında məsxərə obyektinə çevirdi.

Və indi, 2020-ci ilin iyul günlərində Paşinyana və onun dövlətçilik karikaturası adlanası rejiminə Prezident İlham Əliyevdən həmin sadalanan köhnə zərbələrdən də təsirlisi və ağırı gəldi. Yenə Paşinyan və onun administrasiyası dünya siyasət arenasının lağ hədəfinə gətirildi.

İyulun 15-də televiziya ekranın­dan göstərilən və Nazirlər Kabine­tinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekun­larına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Prezident sözlərini, əlbəttə ki, yalnız həmin dəqiqələrdə onunla ekranda üzbəüz olan nazirlərə deyil, hamıya deyirdi. Bizə və dünyaya! O cümlədən qu­laqlarını şəkləyərək Azərbaycandan gələn hər yeniliyi, illah da Preziden­tin dilindən çıxan hər kəlməni güdən Ermənistana.

Prezident Ermənistanın yalan­larını açıb-tökür və Ermənistanın qlobal siyasət taxtasındakı naşı və səfeh davranışlarına rişxənd edirdi. Amma bu həm də dövlət başçısı­nın ciddidən-ciddi xəbərdarlığı idi ki, ağır cəza gününə də hazır olun: “Ermənistan dırnaqarası “Azərbaycan diversiyası”nı əsaslandırmaq üçün çox ağılsız və hesab edirəm ki, onların səviyyəsinə uyğun səbəb göstərməyə cəhd etdi. Guya ki, Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd etmişlər.

Sual olunur: hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə, Ermənistan ordusu belə “müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Or­dusu və dünyanın heç bir ordusu belə ağılsız addım atmaz. Yəni bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi. Ancaq bu dəfə buna heç kim inanmayıb. Hərbi mütəxəssis olmaq lazım deyil ki, bu cəfəng versiyaya insanlar inansın. Əsl vəziyyət ondan ibarət idi ki, bir daha demək istəyirəm, bizim hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar. Dərhal mən bütün müvafiq göstərişlər ver­dim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarma­sın”.

Böyük siyasətçinin əsas qüdrəti ondan ibarətdir ki, az sözlə çox mətləbləri ifadə edə bilsin, onu dinləyənlərə dediklərindən daha geniş məlumat fəzasını təsəvvür etməyə imkan yaratsın.

Prezident İlham Əliyevin siyasi natiqliyinin önəmli özəlliklərindən biri də odur ki, dövlət başçımız şifahi nitqinin daxilinə yazılı mətndə ifadəsi bəlkə bunca təsirli ola bilməyəcək çalarları da artırır. Çünki şifahi ifadədə sözdən əlavə natiqin öz enerjisi, gücü, hökmü, sözü rəngdən-rəngə boyayan barış­maz, cəsurluq saçan intonasiyası, qətiyyəti də var.

Prezident İlham Əliyev bir daha elan edirdi: “Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan tor­pağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar”.

Prezident İlham Əliyev davam edirdi və onun bu sözləri nə hədə idi, nə qorxutmaq cəhdi: “Əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd da­yanmır”.

Ermənistan hakimiyyəti bu sözlərin onların yuxusunu qaçı­ran həqiqətinə şəkk etməz! Çünki yadlarındadır axı. 2016-cı ildə Aprel döyüşlərində onlara nə təhər qulaqburması verildi, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi onların kirli caynağından necə qoparıldı, hafizələrindən silinməyib ki, 2018-ci ildə Naxçı­van əməliyyatı nəticəsində on bir min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən nə sayaq götürüldü və o bölgələrdən erməni hərbi hissələri necə pərən-pərən salındı, axı dərk edirlər Azərbaycan Ordusu tərəfindən alın­mış strateji yüksəkliklər imkan verir ki, Ermənistanın bir neçə yaşayış məntəqəsi ovuc içərisindəymiş kimi Azərbaycan Ordusunun tətiyi altında olsun, axı bilirlər ki, Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu Azərbaycanın nəzarətindədir, axı onlar Ali Baş Komandan İlham Əliyevin dilindən qopan sözlərin gücündən, çəkisindən və qısa vaxt ərzində necə gerçəkləşməsindən başlarında çatlayan acı təcrübələrə əsasən agahdırlar.

* * *

Prezident İlham Əliyevin sözünə millətin həmişə ehtiyacı var.

Çünki bu səs xalqa həqiqətləri çatdırır, onu ümidləndirir, qələbələrə kökləyir, inamlı edir. Lakin zənnimcə, İlham Əliyev sözünə bu günlərdə xalqın ehtiyacı bəlkə də hər vaxt olduğundan daha artıqdır.

Çünki bu günlər bütün Azərbaycan gərili bir sim kimidir. Bütün Azərbaycan!

Narahat, atəşli, qurbanlı və qisaslı, dağıdıcı həmləli bu son günlərimiz yenidən o böyük həqiqəti ortaya qoydu ki, bu milləti qovuş­duran, bir edən ən ali qüvvə Vətən duyğusu, Vətən torpağının qeyrətiylə nəfəs almaq hissi, Azərbaycan təəssübkeşliyidir.

Hər şəhidimizin hər damla qanı millətin içərisində bəzən mürgüləyən kimi təsir bağışlayan müqəddəs birlik duyğularını bir vulkan kimi püskürtdü.

Hər itkimizə ən doğmamızı qeyb etmişik kimi hamılıqla qəlbən yan­maqla yanaşı, bu nigaran günlərdə, 2016-nın aprel günlərindəki sayaq, daxildən qüvvətlənən milli birlik xoşbəxtliyimizin nə müstəsna səadət olmasının fərqindəsinizmi?!

Yuxusu qaçmış millətin gün boyu gözləri və qulaqları döyüş bölgəsindən gələn xəbərlərdədirsə, itkilərimiz və yaralılarımız barədə cəbhədən çatan hər sorağı bütün Azərbaycan anaları “Can bala!” nidası ilə, bütün Azərbaycan kişiləri qəhərini udmaqla qarşılayırsa, Ali Baş Komandanın mərdanə çağı­rışları uşaqdan tutmuş ən qoca­man insanımızadək bütün millətin ürəyində əks-səda verir, xalqı daha həmrəy edirsə, hər kəsi haqq işimiz naminə xain düşmənə qarşı qəzəbə və intiqama səfərbər edirsə, deməli, BÖYÜK ZƏFƏR GÜNÜ lap yaxın­dadır!

* * *

Prezident İlham Əliyev sözün siqlətini yaxşı anlayan və duyan, hər sözü tam məqamında sərrast ustalıqla deməyi bacaran siyasət və dövlət xadimidir.

Yüz minlər, milyonlarla insan qarşısında, kütlələrə, mətbuata, başqa sözlə, hamıya eşidilmək üçün söylədiyi fikirlərdə o daim dəqiq, sərrast və dərindir.

Və Prezident İlham Əliyevin bu qəbil nitqlərini sadəcə dinləmək azdır.

Sonra bu mətnləri mütləq diqqətlə oxumaq, təhlil etmək, millətimiz və dövlətimizin ümdə maraqları baxımından həmin sətirlərin yalnız üst layında deyil, ilk baxışdan görünməyən qatında və alt təbəqələrində də hansı anlamların, incə işarələrin, xəbərdarlıqların, yadasalmaların gizləndiyinə də nəzər salmaq məsləhətdir.

Gərək bu qəbil nitqlər və həmin nitqlərdəki önəmli siyasi düşüncələrlə bağlı günündəcə, hadisələrin axarında olduğumuz vaxtda yazıla, araşdırmalar aparı­la, ilk baxışdan qavranılması qəliz görünən mühüm nöqtələr də şərh və izah edilə.

Yoxsa ki, müəyyən vaxt keçəndən sonra konkret tarixi kon­tekstin çox təfərrüatları unudulur, illər, onillər sovuşandan, müasirlər, olmuşların şahidləri gedəndən sonra tarixi həqiqətləri bərpa etmək xeyli müşkülləşir.

Zaman ötəndən sonra dünənlə bağlı danışanların tarixi, baş vermişləri hərəsinin özünə görə bir cür təhrif etməsini də heç yaddan çıxarmayaq.

Ona görə də cərəyan edən hadisələrə də, ölkə rəhbərinin o gedişatda xalqa və dünyaya müraciətlə söylədiklərinə də elə isti-isti dəyərləndirmələr vermək daha doğrudur.

İyulun 14-də Bakı, Azərbaycan həyəcanlı, qürurverici bir tarix yaşayırdı.

Həmin gün millətlə dövlət birgəliyinin, Prezidentlə xalq vəhdətinin təntənəsi idi (Bu da təqvimin və tarixin bir cazibəsidir ki, həmin gün unudulmaz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin başlanmasının düz 51-ci ildönümünə təsadüf edirdi).

İyulun 14-ü idi və Bakının mərkəzi küçələri insanla dolu idi.

Qarabağ, Vətən, düşmənə nifrət, torpaqlarımız uğrunda can fəda etmişlərə məhəbbətlə çağla­yan bu insan selini anındaca bütün Azərbaycan izləyirdi.

Çünki hər kəs əlində bir telefon bu qürurverici səhnələri çəkirdi, yayırdı, yurdun dörd bucağında xalq qəlbinin bütün həyəcanı və döyüntüləri ilə bunları seyr edirdi.

Həm də bütün bunlar insanla­rın küçəyə, meydanlara çıxmasının azad olduğu bir gündə deyil, ciddi karantin rejiminin həyata keçirildiyi əsnada baş verirdi.

Bakı küçələrini coşquları ilə dolduran o insanlar dünənədək gün ərzində bir dəfə ikicə saatlığa küçəyə çıxmaqçün xüsusi icazə alırdılar.

İyulun 14-də isə silahlı qar­şıdurmaların getdiyi sərhəd bölgəsindən gələn soraqlar, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzkar tərpənişləri, igid əsgər və zabitlərimizin şəhid olması haqda yandırıcı xəbərlər, elan edilməmiş bu qəsbkar müharibənin, 30 ilə yaxın müddətdə davam edən Ermənistan– Azərbaycan münaqişəsinin həllinə cavabdeh olan dünya təşkilatları və böyük dövlətlərin bəzən susqun, bəzən süst, bəzən laqeyd və insafsız­ca ədalətsiz münasibəti artıq bezmiş, yorulmuş insanlarımızın səbir kasası­nı daşdırmışdı.

Dilimizin əzbəri himnimizin içərisindəki bir and o gün hər kəsin həm dilində, həm könlündə idi:

“Səndən ötrü can verməyə cümlə hazırız,

Səndən ötrü qan tökməyə cümlə qadiriz”.

Və ertəsi gün Prezident İlham Əliyev xalqa və dünyaya səslənərək iyulun 14-də baş verənləri təhlil edir, qiymətlərini verirdi.

İyulun 14-də Bakı küçələrindəki insan seli asta-asta, uzun saatlar ərzində yaranmağa başlamış, axşam­dan xeyli keçəndən sonra, gecə vaxtı pik həddinə çatmışdı.

Əlbəttə, hökumət lazım bilsəydi, küçələrdə indiki nigaran pandemiya dönəmində belə axının yaranmasının qarşısını elə əvvəldən alardı. Lakin maneçilik törədilməmişdi. Və bu, qətiyyən sadə məsələ deyil.

Dövlət özünə arxayın olmasa, millətinin müdrikliyinə inanmasa, xalqla hakimiyyətin birliyi, yekdil­liyi olmasa, yüz cür gözlənilən və gözlənilməz təhlükə də vəd edən belə axına icazə verilərdimi? Heç vəchlə!

İçərisi təlaş dolu onminlərlə insan küçələrdə, meydanlardadırsa və bütün bunlar ölkənin daxilində də, xaricdə də müxalif, bir sıra hallardasa düşmən qüvvələrin fəal təbliğat apardığı dövrdə cərəyan edirsə, dövlət də bu elan olunma­mış sövq-təbii yaranan möhtəşəm etiraz mitinqinə dəstək verirsə, hüquq-mühafizə orqanlarının, Da­xili Qoşunların sıra-sıra təmsilçiləri nümayişçilərin təhlükəsizliyinin təmin olunmasına cani-dildən səy göstərirsə, bu, həmin günün fəlsəfəsini aydınca nişan verir.

Dövlət və xalq ürək-ürəyə, əl-ələ olmasaydı, 7-8 saatdan çox çəkən bu tarixi hadisə belə mütəşəkkil, belə dinc, kəskin narahatlıqlar doğurma­yacaq qədər rəvanlıqla keçməzdi.

Bu, ilk növbədə ən ekstremal vəziyyətdə özünü nümunəvi aparma­ğı bacaran xalqın qələbəsi idi.

Bu, xalqın haqq səsinə səs verməyi bacaran hakimiyyətin təntənəsi idi.

Bu, xalqla onun Prezidentinin birliyinin zəfəri idi.

Bunca nəhəng bir axının müşahidə edildiyi gün boyunca nə qədər desən təxribat da törədilə, qarışıqlıq da baş verə bilərdi.

Amma baş vermirdi.

Çünki ilk növbədə prosesə xalq özü nəzarətçi idi və bu nöqtədə də xalqla iqtidar birlikdə idi.

Artıq gecə saatlarında, camaat dağılışmağa başlayanda bir bölük başıpozuğun Milli Məclis binasında törətdikləri isə, mənim qənaətimcə, hakimiyyətə qarşı deyil, birbaşa xal­qın əleyhinə atılmış addım idi.

Şübhəsiz ki, xüsusi təlimat almış həmin başıpozuq dəstəni yönəldənlər də, elə o başıpozuqların özləri də yaxşı anlayırdılar ki, bu boyda xalq selinin və bu qüdrətdəki dövlət gücünün qarşısında heçdirlər, Parlament binasında bir gül dibçəyini aşırmaq, qapı sındırmaq, stul-kreslo aşırmaqla heç kim nəyəsə nail ola bilməz!

Onların məqsədi xalqın bu mütəşəkkilliyinə ləkə vurma­ğa, gözdən salmağa çalışmaq, niyyətləri millətin dövlətlə birliyinin təntənəsinə çevrilmiş günü ovsa­nadan çıxarmaqçün öz irinlərini tökmək idi.

Belə mərdümazarlığı kimlər edər? Əlbəttə ki, düşmən, əlbəttə ki, düşmənin qısqırtdığı kəslər, düşmən fitvası ilə hərəkət edənlər!

Dövlətin başçısı, buna qətiyyən şübhə yoxdur ki, iyulun 14-ü axşa­mında cərəyan edənlərin hər dəqiqəsi haqda məlumatlar alırmış. Bu da ay­dındır ki, həmin saatlarda “Biz bu an döyüş bölgəsinə, cəbhəyə getməyə hazırıq” hayqıranların səmimiyyətinə də sidq-ürəkdən inanırmış.

Əgər Prezident İlham Əliyev deyirsə ki, iyulun 12-dən, Tovuz rayonunda erməni fitnəkarlıqları törədiləndən sonra rəsmən hərbi xidmətə getmək üçün təcili ola­raq müraciət edənlərin sayı 150 nəfərdir, onların da təqribən yarısı elə qanlı atışmaların cərəyan etdiyi bölgədəndir, ilk növbədə ağıllı, mətləb duyan insan niyə belə deyildi­yi, bu cür bəyan etməklə Prezidentin nələri çatdırmaq istədiyi barədə fikrə dalmalıdır.

Əvvələn, belə kiçik rəqəmi dilə gətirməklə dövlət başçısı Ermənistana və dünyaya səslənir ki, baxın, bunca ədalətsizliklə üzləşsək, növbəti dəfə hücuma məruz qal­saq, itkilər versək də, xalqımız təmkinlidir, müharibənin yenidən qızışmasında maraqlı deyil.

Amma həmin balaca rəqəmi deməklə yanaşı, dövlətimizin başçısı iyulun 14-də küçə və meydanlara çı­xaraq hər an cəbhəyə getməyə hazır olanları təqdirlə xatırladı və onları alqışladığını da birbaşa söylədi.

Bununla da qarşı tərəfə anlatdı ki, baxın, bu 150 nəfər dediyimiz sabah bircə gün içində 15 min də, 150 min də ola bilər.

Ancaq bununla yanaşı, Pre­zident həm qarşı tərəfə, həm də özümüzünkülərə başqa son dərəcə mühüm bir mətləbi də çatdırır ki, bi­lin, varlığı Vətən sevgisi ilə daşan bu dəli-dolu gənclər elə müraciət edən kimi dərhal cəbhəyə yollanmayacaq, peşəkar təlim keçəcək, hazırlanacaq, sonra səngərə yönələcək.

Əhalisi düşməninkindən 5 dəfə çox, ordusu Ermənistanınkından qat-qat təchizatlı, qat-qat mütəşəkkil, beynəlxalq dəyərləndirmələrə əsasən onlarınkından 47 pillə yuxarı və təbii ki, dəfələrlə güclü olan Ali Baş Ko­mandan, hər cür qeyri-peşəkarlığın qəti əleyhdarı olan bir şəxsiyyət həvəskarlığı, özfəaliyyətçiliyi qəbul edə bilərmi?!

Lakin Prezident İlham Əliyevin o rəqəmi dilə gətirərkən həm də sözlərinin dərinindəki eyham, qınaq da sezilir: Buna şübhə yoxdur ki, hər biriniz əsgər getməyə, şəhid olmağa da hazırsınız. Ancaq niyə bunu rəsmiləşdirmirsiniz, elə bu gün küçələri doldurduğunuz sayaq çağırış məntəqələrini niyə yazılı müraciətlərinizlə doldurmursunuz ki, bu da aləmə əyan olsun, bu təlatüm də düşmənin və onun havadarlarının içərisinə daha artıq vəlvələ salsın?!

Bir ümdə gerçək heç vaxt yaddan çıxarılmamalıdır ki, dövlətin başçısının bütün məsələlərə hamı­mızdan daha hündürdən, daha miq­yaslı baxmaq üstünlüyü var və ona çatan səhih məlumatlar da hər kəsdən daha artıqdır.

Bütün bu imkanlar İlham Əliyev kimi qətiyyətli, bəsirətli, ani təhlil qabiliyyətinə və siyasi uzaqgörənliyə malik ötkəm siyasətçi və dövlətçinin ixtiyarındadırsa, deməli, onun hər ifadəsi ətrafında çox dərin düşünməyə, Prezident sözünün gücü­nü, məna çalarlarını, hədəflərini daha yaxşı qavramaq üçün can atmağa ehtiyac var.

* * *

1980-ci illərin sonlarında, sovet imperiyası dağılhadağılda olduğu vaxtlarda xalqın gözü ziyalılarda idi. Meydanlarda, kürsülərdə onlar idilər, onların səsi və sözü ən eşidilən, ən etibar edilən idi.

Bugünün son dərəcə mürəkkəb gedişatında isə alimimiz, ədibimiz, ziyalılarımız, ictimai xadimlərimiz öz yerində, lakin ən çox umu­lan Prezident İlham Əliyevin səsi və sözüdür. Bu həm xalqın, həm də Prezident İlham Əliyevin xoşbəxtliyidir ki, onunla xalqın ürəyi bir vurur, o, xalqını, xalq onu dayaq sayır.

Bugünsə qüdrətli dayaq xalqa da, Prezidentə də çox, lap çox lazımdır.

Əgər Prezident etiraf edirsə ki, “mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakter­lidir”, demək, o güclü insan da sizin hər birinizin dəstəyinə ehtiyac duyur.

Bizim gücümüz, zəfərimiz, məsud sabahlarımızsa yalnız və yalnız birliyimizdən keçir. Bu elə bariz həqiqətdir ki, dosta da bəllidir, düşmənə də. Düşmənsə yalnız qanı­mıza susamış Ermənistan deyil.

İstiqlalımıza zədə vurmaq istəyən, sərvətlərimizdə gözü və tamahı qalan, dünya əhəmiyyətli nəhəng enerji və nəqliyyat layihələrində aparıcı oyunçuya çevrilməklə əslində olduğundan da böyük görünən, dünyanın aparıcı dövlətləri yanında yüksək nüfuz qazanan Azərbaycana qıcanan dişlər bir deyil, beş deyil.

Elə o qara əllərin hiyləsidir ki, yemlədikləri ünsürlər əleyhimizə üfunətli şər-böhtan yağdırmaqda lap quduzlaşıblar.

Ancaq elin gücünün selin gücünə bərabər olduğuna inanan atalar, təbii ki, haqlıdır.

Azərbaycan cəmiyyətində təfriqə yaratmağa, dinc həyatımızı ləngərindən çıxarmağa yönələn qarğa-quzğunların sədaları qatılaş­dıqca, düşmən həşəratlar acizliklərini anladıqca nə qədər azğınlaşsalar da, qəlbi o sevindirir ki, birliyimiz, vahidliyimiz durmadan artır.

Azərbaycanın əslində sərhədlərimizdən çox-çox geniş olması, sayımızın on milyon yox, on milyonlarla hesablanmalı olması dünyanın dörd bir tərəfindən soydaş­larımızdan gələn sədalarla bir daha təsdiqlənir.

Can Türkiyədən ucalan qardaş dəstəyi, Təbrizdən yetişən həmrəylik əks-sədaları insanı qürurlandırır.

Ona görə də əminəm ki, insanla­rın mənzillərə qapıldığı bu dönəmdə Prezident İlham Əliyevin ekranla­rımızdan xalqa müraciətləri, hər bir Azərbaycan evinə gəlişləri nə qədər sürəkli olarsa, onun millətə qüvvət verən səsi və sözü var olan birliyimi­zi bir qədər də möhkəmləndirər, daha da sarsılmazlaşdırar.

Bu gün bir qaynar cəhbə, bir atəş xətti də var ki, orada artıq hər qeyrətli vətəndaşımız sözünü deyə bilər və mütləq də deməlidir.

İndi elə məqamdır ki, milyonları qovuşduran möhtəşəmdən möhtəşəm bir Vətən xoru kimi hamımız unison səslənməliyik.

Xaric vuranların, həqiqəti əyənlərin, cır səsləri ümumi ahəngimizə yad olanların hamı­sının iz üzü açılmalıdır. Sosial şəbəkələrdə, internet məkanında ağa qara, haqqa nahaqq deyənlərə, zəhərini tökənlərə qarşı hər kəs amansız olmalı, yalanları faş etməli, hamının maska taxdığı vaxtda bütün düşmən tör-töküntülərin maskaları sonacan yırtılmalı, mənfurluqları dönə-dönə ifşa edilməlidir.

Sınaqlı günlər yaşayırıq, qəti mövqe göstərmək dəmidir!

* * *

Köhnə və ağrılı bir qanad­lı ifadə var ki, müharibənin ilk qurbanı həqiqət olur. Bu iyul günlərində əbədilik ayrıldığımız gənc şəhidlərimizin hərəsi bir əvəzsiz Azərbaycan həqiqəti idi. Onların hər biri hələ onillərlə bu millətin və yurdun xidmətində durmalı, ata-analarını, alilələrini sevindirməli, bu əziz Vətəndə bəxtiyar ömür sürməli cavanlar idi.

Azərbaycan torpağı şəhidlərimizin pak varlığına qovu­şunca bir qədər də müqəddəsləşdi! Bu, Prezident İlham Əliyevin dilindən qopan nidadır, amma bunlar həm də bizim hər birimizin ürəyimizin ən səmimi sözləri de­yilmi: “Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib!”

...Sanki, millətin tarixi və taleyi qəhrəmanları hər cəhətdən rəmz kimi yaradır. İyul şəhidimiz gene­ral Həşimovun adından da igidlik yağır: Polad!

Polad sınmazlığı və möhkəmliyi həmişə millətimizlə, dövlətimizlə olsun!

Rafael Hüseynov, Milli Məclisin deputatı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik

"Xalq qəzeti", 19 iyul 2020-ci il

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook