RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Şuşa yolu Noy 23, 2020 | 18:13 / Mətbuatda çıxışlar

Hansısa bir anın sevincini yaşamağın, hansısa bir daşa, ağaca nəvazişlə toxuna bilməyin, hansısa hadisəyə şahid olmağın naminə insan canından keçməyə, çox şeyi qurban verməyə sözdə yox, elə qəlbən hazır ola bilərmi?

Əlbəttə, yüzdə-yüz və buna dəlil olacaq çox əhvalatlar var. Həm də hər bir kəsin ömründə.

İkinci Qarabağ müharibəsinin ilk atəşləri gurlayandan sonra, sentyabrın 30-da qələmə aldığım və "Xalq qəzeti"ndə işıq üzü görmüş yazımı bu sözlərlə bitirirdim ki, son dövrlərdə dövlət başçımız bir çox açılışlara avtomobili özü idarə edərək gedir. O günlərin gəlməsini arzulamışdım ki, lap tezliklə Ali Baş Komandanımız işğaldan azad edilmiş, binaları üzərində üçrəngli bayrağımız dalğalanan rayonlarımıza, Şuşaya, Cıdır düzünə idarə etdiyi zirehli maşınla daxil olsun!

Həmin yazı "Zəfər gününün astanasında" adlanırdı və yenicə başlanan, hələ nəticəsi heç kəsə bəlli ola bilməyəcək bir savaşın hökmən qələbə ilə bitəcəyinə, umulan təntənənin lap yaxında olmasına inamı ifadə edən o sərlövhə insanlarımıza sadəcə ümid, ruh vermək məqsədi daşımırdı. O sözlərin tezliklə milləti sevindirəcək bir doğruya çevriləcəyinə məndə qəti əminlik vardı. Bu əminliyi yaradansa hələ müharibə başlanmamışdan Prezident İlham Əliyevin qətiyyətlə dediyi sözlər idi: "Düşmən bizə hücum etsə, peşman olacaq!"

Bunları da zahirən elə xalqı ümidləndirmək, döyüşlər başlanarsa belə, məhz bizim zəfər çalacağımıza hamını mənən hazırlamaq kimi də qavramaq olardı. Amma bilirik axı dövlət başçımız bir kəlməni də sadəcə söz olaraq demir. Söyləyirsə, mütləq o sözlərin ardında əməl var, nə vəd edirsə, vaxtı çatınca bunlar hökmən həqiqətə çevrilməlidir! 17 ildir ki, belə eşidib, belə görmüşük.

Dövlət başçımızın bizi inandırdığı kimi də oldu. 6 həftəyə düşmənin burnu da ovuldu, it kimi peşman da oldular (adətən it kimi qovulmağın axırı elə buna da gətirib çıxarası idi), böyük itkilər verərək illərlə əsarətdə saxladıqları torpaqlarımızı da suları süzülə-süzülə (və qanları dama-dama) tərk etməyə məcbur qaldılar.

Həmin həsrətində olduğumuz, gözləməkdən gözümüzün kökünün saraldığı anlar da yetişdi.

Prezidentimiz Füzulidə, Cəbrayılda idi, o yerlərə özü zirehli hərbi maşının sükanı arxasında oturaraq daxil olurdu, oralarda Azərbaycan bayrağını qaldırırdı.

2020-nin oktyabr-noyabr günlərində kəndlərimiz, şəhərlərimiz işğaldan qurtulduqca igid əsgərlərimiz o yerlərin hər birində bayrağımızı sancmışdılar.

Yəni gəlmişik, artıq buradayıq!

Lakin bunu elə bayrağın özü kimi dövlətin, müstəqilliyimizin rəmzi olan Prezidentimizin etməsinin bir ayrı, daha qürurverici mənası var axı!

İndinin azərbaycanlılarının hər biri üçün şahidi olduğu bu unudulmaz anlar tərcümeyi-halında qalacaq xoşbəxt hadisələrdir.

Bu günün həsrəti ilə yaşayan, bu anları görmək xatirinə ömrünü fəda etməyə hazır nə qədər insanımız var, hələ nə qədəri dünyadan həsrətli, ülvi diləyinə yetişmədən getdi.

İllər idi ki, məktəb dərsliklərində, şagird dəftərlərində "Unutma!" başlıqlı kədərli cədvəllər dərc edilirdi. Dağlıq Qarabağın - Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrutun işğal tarixi - 1988-1993-cü illər, Laçın - 18 may 1992, Kəlbəcər 2 aprel 1993, Ağdam - 23 iyul 1993, Cəbrayıl - 23 avqust 1993, Füzuli - 23 avqust 1993, Qubadlı - 31 avqust 1993, Zəngilan - 29 oktyabr 1993.

Mahiyyətcə həmin xatırlatmalar zəbt olunmuş torpaqlarımızı azad etməyə həmişə hazır olmağa çağırış idisə də, bu yadasalmanın hüznlü tərəfi də vardı: əgər istəyirdiksə ən xırda məktəblilərimiz də bu günləri heç vaxt hafizələrindən silməsinlər, demək, şüurumuzun alt qatında o qəmgin tarixlərin qarşısında yazıla biləcək azadolunma illəri və günlərinin heç də yaxında olmadığı nigaranlığı da bizimlə idi.

İndi hər dəfə yada düşdükcə, göz önünə gəldikcə könül parçalayan o tarixlərin hər birinin əvəzində yaza bildiyimiz və ürəyimizdən illərcə asılı qalmış ağır daşı yox edən azadolunma, düşməndən təmizlənmə tarixləri var.

İndi bu rəqəmlərin hamısını hamı görüb bilir və bütün sabahlarda da hər kəs bunlara nəzər saldıqda bəlli olacaq ki, Azərbaycan Ordusu ildırım sürəti ilə qısa bir zaman kəsiyində onillərin tilsimini necə qırıb, bu xalqa və yurda qürur və güvən hissini necə qəhrəmanlıqla qaytarıb.

Ancaq dərsliklərdə həmin "Unutma!" çağırışı isə bundan sonra da gərək həmişə qala, yeni-yeni nəsillərin şüuruna həkk oluna.

İşğalın yox, zəfərin tarixini UNUTMA!

Yaddan çıxarma ki, bu torpağın hər qarışı uğrunda nə qədər göz yaşları axıdılıb, nə qədər nalələr ucalıb, nə qədər ahlar çəkilib, nə qədər qanlar axıdılıb.

Bayatılar dənizimizdə silsilə Qarabağ bayatıları da ləpələnir ki, onlardan biri yüzillərdir həm muğam üstündə, həm də el mahnısının içərisində oxunur:

Qarabağda talan var,
Zülfün üzə salan var.
Gedibsən, tez qayıt gəl,
Gözü yolda qalan var.

Bu zərif bayatı bir sevda şeiri kimi doğulmuşdu və o misradakı "talan" da dava-şavadan demir, bəlli gözəlin yaraşığı ilə mahalı bir-birinə vurmasına işarədir. İstəklisindən müvəqqəti ayrılığa da dözməyə tabı çatmayan, gözü yolda qalan qız sevgilisinin lap tezliklə geri dönməsinin həsrətini çəkir.

Ancaq qaçqınlıq-köçkünlük müsibətinin çıxılmaz girdaba döndüyü illərdə, əslində, müvəqqəti hicranın xoş intizarı, yaxın vüsalın şirin həyəcanı ilə dolu bu sətirlər tam başqa cürə, elə Qarabağın özünün dilindən səslənirmiş kimi ürək sıyırırdı.

"Tez qayıt gəl" deyən, "gözü yolda qalan" Şuşa idi, Ağdam idi, Zəngilan idi, Laçın... idi, oradakı ağaclar, yollar, bulaqlar, daşlar, xarabazara çevrilmiş yurdlarda oxumağını da tərgidən quşlar idi.

Mollanəsrəddinçi şairlərdən olan, ömrünü doğma Şuşasında müəllimliklə keçirmiş, Şuşanın tarixi haqqında dəyərli əsəri ilə yanaşı, xeyli maraqlı hekayələr də qələmə almış Həsən İxfa Əlizadədən (1893-1972) bir qatar bayatı da yadigar qalıb:

Əzizim Qarabağlar,
Yar başa qara bağlar.
Səndən ayrı düşəndən
Ürəyim qara bağlar.

Qarabağ bir bəladır,
Torpağı Kərbəladır,
Ölüm Allah əmridir,
Ayrılıq nə bəladır?!

Bunlar və bunlara oxşar nə qədər sevgi şeiri əzablı işğal illəri boyunca yaddaşımızda sayrışdıqca, dilimizə qonduqca qəhərləndirirdi, nisgil gətirirdi, ağı kimi səslənirdi.

Noyabrın 16-sıdır və Prezident İlham Əliyev azad Füzulidədir.

Kim deyər ki, onun bu sözləri bütün Azərbaycanın ürəyinə yağ kimi, elə məhəbbətlə daşan bir şeirin misraları kimi axmır: "Biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan! Azərbaycanın dövlət bayrağını ucaltmışıq! Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki əsrlər boyu biz yaşamışıq, bizim xalqımız yaşayıb".

Bu gödək cümlələrin hər birini alt-alta, sətir-sətir, bir şeirin misraları kimi yazın.

Vətəninə, millətinə candan bağlı bir azərbaycanlı üçün bundan təsirli, bundan göyçək hansı şeir, hansı nəğmə ola bilər, bugünəcən ən qüdrətliləri də daxil olmaqla hansı şeirimizin misraları insanın varlığında bu qədər təlatüm oyada bilər?!

Yazıram bu sətirləri və özüm də duyğulanıram!

Kim Azərbaycanın bütün tarixi boyu qoşulmuş bundan gözəl şeiri nişan verə bilər?!

Kim Azərbaycanın bütün tarixi boyu yaranmış, oxunmuş bundan şirin nəğməsini göstərə bilər?!

Prezident İlham Əliyev azad Qarabağda danışır: "Düşmənin beli qırıldı. Düşmən diz çökdü. Düşmən məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüklüyünü göstərmişik.

Bu Qələbə bizim xalqımıza yaraşır. İgid oğullarımıza yaraşır. Dövlətimizə yaraşır".

Bu sözləri Müzəffər Ordunun Fateh Ali Baş Komandanı deyir və əslində, bunlar millətin hər sıra nəfərinə göndərilən bir impuls, bir işıqdır, bir ismarıcdır ki, bu, sənsən, Azərbaycan övladı, başını bundan sonra həmişə düşməni yenmiş xalq kimi dik tut, dünyanın hər nöqtəsində əzmlə addımla, köksünü vüqarla qabağa ver!

Şükürlər ki, bu günləri yaşayırıq, şükürlər ki, çöhrəsindən bəxtiyarlıq yağan, Xudafərin körpüsünə söykənən, düşmən caynağından qurtulmuş torpaqlarımızda addımlayan, artıq azadlığına qovuşmuş çöllərimizin saf havasını ciyərlərinə çəkərək viranəyə döndərilmiş bu yerlərin yaralarına necə məlhəm qoyulacağından danışan Qalib dövlət başçımızı görürük.

Düşməninin kürəyi yerə vurulmuş Qalib Millətin Qalib rəhbərini!

Bircə bu anın şahidi olub "uf" demədən həmin saniyə ölməyə hazır olmuş Qarabağ aşiqlərinin narahat ruhları rahatlıq tapsın indi!

Dinləyin, yüz dəfə, min dəfə qulaq asın nəğmə kimi səslənən bu sətirlərə, ləzzət alın, fərəhlənin. Ürəklərimizə illərlə batıb qalmış tikanların çıxmasından ötrü bu sözlərin dönə-dönə səslənməsinə, dönə-dönə eşidilməsinə ehtiyac var.

Bu danışan Prezident İlham Əliyevdir, o, 27 illik əsarətdən qurtulmuş torpağının üstündə şax dayanaraq əzdiyi düşmənə meydan oxuyur: "Biz Ermənistan ordusunu çökdürdük.

Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxdığınıız saxta "qəhrəman" ordenlərini çıxardın. Atın eşiyə o dəmir-dümürləri!

Xocalı cəlladları, sizi biz məğlub etmişik! Sizin ordunuzu məhv etmişik!

Budur bizim gücümüz! Budur bizim birliyimiz!" 

Amma yenə ən dəhşətli ağrını hamımızdan əvvəl Prezident İlham Əliyev çəkməli oldu.

Düşüncəsinin tərzi və təbiəti etibarilə təpədən-dırnağa qurucu, estet və son dərəcə vətənsevər insan olan Prezident İlham Əliyevin düşmənin qara əlləriylə zəlil kökə salınmış, daşın daş üstündə qalmadığı yurdlarımıza basdığı hər qədəminin necə sarsıntılı olduğunu təsəvvür edin: "Yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib.

... Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb".

Lakin nə qədər qulaq asmasalar, nə qədər görməzliyə, eşitməzliyə vursalar da, illər boyu durmadan sözümüzü demiş, işimizi görmüşük. Məhz bu günlər üçün!

2001-ci ildə Avropa Şurası Parlament Assambleyasında fəaliyyətə başladığımız ilk günlərdən ən əsas işimiz Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən müxtəlif sahələrdə törətdiyi fəsadları avropalı deputatlara və dünyaya çatdıran sənədlər hazırlamaq, çıxışlar etmək oldu.

İlk sənədləri hazırlayıb qəbul etdirməyin əsas çətinliyi ondan ibarət idi ki, hələ yeni idik, Türkiyə nümayəndə heyətindən savayı, münasibət qurduğumuz deputatlar yox səviyyəsində idi. Hazırlanmış istənilən layihəninsə sənədə çevrilməsi, Parlament Assambleyası katibliyi tərəfindən qəbul edilərək nəşr edilməsi üçün, qurumun nizamnaməsinə görə, azı 5 ölkədən azı 12 deputatın imzası tələb olunurdu. Azı! Deməli, nəşr edilmiş tövsiyə üçün təklif, yaxud qətnamə üçün təklifin gələcək irəliləyişi, onun əsasında məruzə hazırlanmasına da nail olunmasından ötrü daha sanballı olsun deyə ölkələrin sayı da, imzaların miqdarı da çox olmalı idi. Hər imzanı almaqçünsə gərək hər bir avropalı deputatla ayrıca söhbət edəydin, qaldırdığın problemin vacibliyinə, bəhs etdiyin məsələnin obyektivliyinə inandıra biləydin. 20 il əvvəlsə Avropada informasiya qarşıdurmasında erməni lobbisinin apardığı əhatəli iş sayəsində düşmənlərimiz bizdən xeyli əlverişli durumda idi. Bir çoxlarının beynini elə zəhərləyə və öz təsirləri altına sala bilmişdilər ki, hətta Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarını ermənilərin işğal etməsi haqqında 4 qətnaməsini onlara göstərəndən sonra da haqsız bizim, haqlı işğalçı Ermənistanın olması qənaətlərindən əl çəkmirdilər. Həmin qalın buz qatını dəlib keçmək və Avropa Şurasında əsl həqiqəti bərqərar edə bilməkçün bir neçə il gərgin çalışmalı olduq.

Əlbəttə, Ermənistanı sənəddə birbaşa təcavüzkar kimi göstərən hər cümləni keçirmək sonrakı illərdə də çətin idi, lakin 2001-ci ildə, yolumuzu başlayanda bu, mümkünsüz qədər müşkül idi. Bu sıradan hazırladığım "Azərbaycan mədəni irsinin dağıdılması və qəsb edilməsi" adlı ilk mətni o zaman AŞPA-dakı nümayəndə heyətimizə rəhbərlik edən gələcək Prezidentimizə göstərərək təqdirini eşidəndən sonra işin ən ağırına başladım. Cəmi 3 gün ərzində imzaları toplayıb sənədi katibliyə təqdim etmək lazım idi ki, 5 gün davam edəcək sessiya dövründə nəşr edilsin. Əks təqdirdə gələn sessiyayadək gözləyəsi olacaqdıq. Həmin dövrdə hələ yeni olduğumuz təşkilatda özünütəsdiq və sonrakı irəliləyişlər üçünsə qabağa düşməyin, hər müsbət nəticəli günümüzün əhəmiyyəti vardı.

Özümüzünkülərdən və Türkiyə heyətindən imzalar istəməzdən öncə Böyük Britaniyadan, Belçikadan, Slovakiyadan, Lixtenşteyndən və digər ölkələrdən olan deputatları layihəyə qol çəkməyə razı sala bildim. İyun ayının 27-də ingilis və fransızca nəşr edilib yayılan sənəddə əvvəlcə Ermənistanın 20 faiz Azərbaycan torpağını zəbt etməsi göstəriləndən sonra təcavüzkarın mədəni irsimizə vurduğu zərbələr konkret faktlar və rəqəmlərlə açıqlanır, Qarabağın müxtəlif guşələrində, o sıradan Şuşada, Laçında, Kəlbəcərdə, Xocalıda, Füzulidə və digər yerlərdə qədim tarixi-memarlıq abidələrinin, arxeoloji irsin nümunələrinin, tarixi eramızdan əvvələ gedən daş heykəllərin, muzeylərin, rəsm qalereyalarının, musiqi məktəblərinin, kitabxanaların, mədəniyyət ocaqlarının dağıdıldığı və yağmalandığı göstərilirdi.

Bu, yalnız Avropa Şurasında deyil, ümumilikdə beynəlxalq təşkilatlar çərçivəsində mədəni irsimizə erməni işğalının təfərrüatlarını əks etdirən ilk rəsmi sənəd idi. Bu sənədin digər əhəmiyyəti isə ondan ibarət idi ki, bizimlə eyni vaxtda bu təşkilata üzv qəbul edilmiş Ermənistana birinci zərbəmizi vurmuşduq, onu avropalı həmkarlarımıza rəsmi sənəddə təcavüzkar kimi təqdim etmiş və bu qəbil ifşaçı sənədlərin sonradan ayaq tutması üçün yol açmağa nail olmuşduq. 

Sonra 20 il boyunca nə qədər bu qəbil sənədlər hazırlandı, qətnamələr qəbul edildi!

Lakin nə biləydik ki, gerçək vəziyyət düşündüyümüzdən də qat-qat dəhşətlidir. Hər qarışı tarix olan torpaqlarımızın altını üstünə çeviribmişlər. Tikililər bir yana, ermənilər işğal dövründə oralardakı 150 qəbiristanımızı tamam, 250-sini də qismən darmadağın ediblər. Hər qəbir daşı, xüsusən də köhnələri və qədim olanları özlüyündə ayrıca tarixi sənəddir. Hələ bir para qəbirlər üzərindəki ədəbiyyatımızın ayrıca qanadı olan epitafiyaları - vida şeirlərini demirəm!

İndi Kəlbəcəri tərk edən bir erməni kimininsə nəşini qəbirdən çıxararaq özü ilə aparır. Aparsın, onu anlamaq mümkündür, başa düşür ki, körpüləri elə yandırıblar, daha geriyə heç vaxt yolları olmayacaq. Əzizinin qalıqlarını aparıb orada, öz Ermənistanında torpağa tapşırmaq istəyirsə, deməli, guya onda hansısa insani hisslər hələ mövcuddur. Elədirsə, bəs törətdiyiniz bu insana layiq olmayan hərəkətlər nədir?!

Prezident İlham Əliyev Füzulidən Cəbrayıla yollanıb. Burada oradakından artıq viranəliklərlə rastlaşınca yenə hiddətlənib: "Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub.

Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq".

İndi xəyalınızda canlandırın doğma yerlərə qayıdan Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Qubadlı camaatını. Bir zamanlar şad-xürrəm həyat yaşadıqları abad məskənlərdə kösöv kimi yanıb qaralmış çöllü-biyabanla tuş gəlincə, düşmənin onların xatirələrinə də qəsd etdiyini görəndə nə hala düşəcəklər.

Axı bu quldurlar keçmişdə dağıdıb məhv etdikləri o yana qalsın, indi buralardan ayrılarkən də son zəhərlərini töküb rədd olurlar.

Ermənilərin törətdiyi saysız, həm də hər insanı heyrətə gətirən dağıdıcılıqları görənlər qeyzlə tez-tez "erməni vəhşiliyi" deyimini işlədir. Zənnimcə, heç də düzgün və ədalətli ifadə deyil.

Vəhşi heyvanlar təbiətin məsum balalarıdır. Onlardakı yırtıcılıq nə qədər şiddətli olsa belə, həmişə həddi var və heç vədə nə öz həmcinslərini ucdantutma qapmağa, hər qarşısına çıxanı parçalamağa, nə də qoynunda yaşadıqları təbiəti dağıdıb zavala uğratmağa yönələr.

Ona görə də "erməni vəhşiliyi" deyərək bu insafsız ifadəylə heyvanları incitmək rəva deyil.

Şayəd vəhşilər özlərini heyvanayaraşmaz tərzdə aparmış olsalar, onlar haqqında "vəhşi erməniliyi" deyimi daha yerinədüşən olar.

Erməniliyin nə bəla olduğunu onların tapdağından xilas edilmiş torpaqlarımız bu gün bir güzgü kimi göstərə bilir.

"Nə vicdan var, nə utanmaq var, nə əxlaq var.

Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın".

Haqlısınız, cənab Prezident! Bu rəzalətlərin qarşısında dil acizdir, bu qəddarlıqları bütün tutumu ilə nişan verə biləcək sözlər yoxdur.

Dünyanın heç bir dilində yoxdur. Ola bilsin, elə tək erməni dilində olmuş ola.

Ancaq bu çərxi-fələyin də nərdivanı var. Yaxşılıq da, yamanlıq da bumeranqdır. Əvvəl-axır öz çıxış nöqtəsinə hökmən qayıdacaq!

Bu gözəl dünyada cəhənnəm düzəltmisiniz, cəzasından qaçmaqmı olar?!

Leysan yağışlar yağıb yuyacaq hisi-pası,
Küləklər aparacaq ağrı-acını, yası,
Son qara tüstün isə heç vaxt dağılmayacaq,
Hara getsən, o tüstü səninlə də qalası.

Çıxacaq qaşığına hər nə tökdün aşına,
Nə ki pisliklər etdin, gələcək öz başına,
Gedirsən, səndən qalan yanıb qaralmış torpaq
Qayıdacaq ömrünə çevrilib göz yaşına.

Kibrit çəkib yurdları ha yandırırsan yandır,
Sağalacaq yaralar, dərd-qəm unudulandır.
Allahın da evini qəsb elədin, dağıtdın,
Allahın səbri lap çox, Allah bağışlayandır.

Səni öldürdüyünün, sağın ahı tutacaq,
O çəmənin, o gülün, dağın ahı tutacaq.
Od vurduğun ağacda bir quş yuvası vardı,
Səni o fağır quşun, bağın ahı tutacaq.

Sənə qarğış edəcək başı kəsilmiş ağac,
Sənə qənim olacaq külə dönən qarağac.
O ağaca sığınmış böcəkdən bil cəzanı
Allah yadına düşüb göydən umanda əlac.

Dini, imanı olmaz fitnəyə alışanın,
İblis məşəli kimi əlində alışqanın.
Sinəsinə dağ çəkib balasın yandırmısan,
Ahı tutacaq səni bir qara qarışqanın.

Gözün tutduğun bulaq day səni bağışlamaz,
Körpüsünü qırdığın çay səni bağışlamaz,
Sən məktəbə od vurdun, məbədi yağmaladın,
Bu şərə şahid olan Ay səni bağışlamaz.

İlan kimi dərd-azar boynuna sarılanda,
Nəfəsin kəsiləndə, gözlərin qaralanda,
Bu gen dünya başına bir anda dar olanda,
AYAĞININ ALTINDA SABAH YER YARILANDA,
Düşün, bu ağır cəza hardan gələn cəzadır,
Bil ki, bu cəza sənə Haqdan gələn cəzadır!

Pərvərdigara həm də "Yaradan" deyilir. Allah Özünə xas olan yaratmaq istedadından ən üstün tutduğu məxluqu olan insana da səxavətlə pay verib. İnsana da qurmaq, sahmana salmaq, ahəngdarlıq yaratmaq, abad etmək qabiliyyəti və şövqü əta edib.

Ermənilərin işğaldan nicat tapmış ərazilərimizdə törətdiklərini, özlərindən sonra buraxdıqları ucu-bucağı görünməyən xarabazarlığı seyr edincə ürəyindən qara qanlar axa-axa bunları insanın edə biləcəyinə inanmağın gəlmir.

Siz axı təkid edirdiniz qədim xalqsınız, siz axı təsdiqləyirdiniz ki, ümumən xalqsınız. Qədim olan xalq, ümumən xalq olan belə edərmi, nizamı sevən Xaliqin iradəsi əleyhinə belə gedərmi?

İndi artıq ermənilərin oralarda törətdikləri xırda-xırda dünya televiziyalarına çıxır, aləmə onların mahiyyətini, iç üzünü nümayiş etdirir. Amma gərək hamısı tarixdə qalmaqdan ötrü və günü yetişəndə qurulacaq ədalət məhkəməsinə çıxarılmaqçün ucdantutma lentə alına, fotoları çəkilə, sənədləşdirilə.

Elə bununla bağlı da - Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanların müqabilində ödəməli olduğu 60 milyard dollarlıq təzminat barəsində indi yox, hələ 15 il əvvəl - 2005-ci il yanvarın 24-də Avropa Şurası Nazirlər Komitəsinə yazılı sual şəklində 10418 saylı "Ermənistan Respublikasının Azərbaycana işğal nəticəsində vurduğu zərərə görə ödəməli olduğu kompensasiya haqqında" adlı sənəd hazırlamışdım.

O vaxt bu sənəd irəliləyə bilmirdi (lakin bu və bu qəbil sənədləri ona görə hazırlayır, sabahlar üçün tədarük edirdim ki, erməni faşizminə də günlərin birində Nürnberq divanına bənzər bir amansız mühakimənin qurulacağına daxilən inanırdım).

İndi isə Azərbaycan dövləti bu məsələni, dövlət başçımızın bəyan etdiyi kimi, beynəlxalq məhkəmə səviyyəsində qaldıranda illər öncə Strasburqda rəsmiləşmiş bu sənəd də kara gələcək.

Adı və yaratdıqları Qarabağın və Azərbaycanın tarixində daim diri qalacaq şuşalı Məhəmməd ağa Müctəhidzadə (1869-1958) o bölgənin söz ustalarının hamısını qovuşduran məşhur "Riyaz ül-aşiqin" təzkirəsini yazıb nəşr etdirəndə hələ XX yüzil yenicə başlanırdı, dünyadan köçəndə isə artıq əsrin ortaları idi. Və təqribən 100 il əvvəl o, sevimli ata-baba yurduna məhəbbətinin aynası sayıla biləcək bir gözəlləmə də qələmə aldı. "Qarabağnamə" adı verdiyi həmin şeirində Məhəmməd ağa bu diyarı "xanlar məkanı", "igidlər nişanı", "ər fatehlər meydanı", "ellər, dillər dastanı", "şeir ü qəzəl bustanı", "şairlər ümmanı" adlandırır, orta əsrlərdən ta Pənahəli xan Cavanşirə, Xurşidbanu Natəvandan ta Üzeyir və Ceyhun Hacıbəylilərədək Qarabağı Qarabağ etmiş, bu torpağın şöhrətini aləmə yaymış dəyərli şəxsiyyətləri sadalayırdı. Müxəmməsinin son bəndini isə sanki Məhəmməd ağa o vaxt yox, elə indi yazıb, bizim günləri görərək söyləyib:

Viran etdi səni beş-on lənəti,
Qeyb elədin köhnə nam ü şöhrəti,
Əhlin qaçıb məskən tutdu qürbəti,
Səni tikər yenə xalqın qüdrəti,
Sənə yardım zamanıdır, Qarabağ!

İşğaldan qurtulmuş torpaqlarımıza gözaydınlığı (və toxtaqlıq) verməkçün Qələbədən sonrakı ilk Qarabağ səfərinə çıxmış Prezident İlham Əliyev də, elə bil tarixin izahsız hökmü ilə bu gün həmin nəcib arzuya cavab verirmiş kimi, oralarda başlanan böyük quruculuq və qayıdışın təməlini qoyarkən belə deyir: "Bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrin mübarizəsidir. Şər qüvvələr məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub-yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar.

Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb".

(Dahi Hüseyn Cavid Birinci Dünya müharibəsinin şıdırğı çağında, 1917-ci ildə yazdığı "Hərb ılahı qarşısında" şeirində hər zamankı kimi qızıl xırdalayırdı:

Hürriyyət oylə nazlı bir afət ki, pək vəqur (çox vüqarlı - R.H.),
Qan axmadıqca kimsəyə gülməz o işvəkar!)

... Azərbaycan yaralara məlhəm qoymağa, azad etdiyimiz torpaqlardakı quruculuğa, oralarda həyatı yenidən dirçəltməyə YOLdan başlayıb.

Qarabağın yüksəklərinə doğru baş alan şüşə hamarlıqlı yol!

Dörd bir yan bayquş ermənilərdən miras qalan xarabalıqlar, göz qaraldan, ürək sıxan həmin viranəliklərin ortasından keçən və göz oxşayan, ürək sevindirən və yaratdığı təzadla Qarabağın qarşıdakı ağ günlərinin müjdəçisi olan yol!

Azərbaycanın, Prezident İlham Əliyevin Ermənistan və erməniliklə mübarizəsi yalnız xeyirlə şərin deyil, həm də yolu olanla yolsuzluğun savaşıdır.

Ermənilər 30 il ərzində işğalda saxladıqları ərazilərdə hər şeyi dağıdıblar, məhv ediblər və özlərindən sonra keçiləsi bircə yol belə qoymayıblar. Qalan axırıncı yolları, körpüləri də indi gethagetdə yerlə yeksan edirlər.
Prezident İlham Əliyevsə Qarabağdakı quruculuğun siftəsini təzə yol salmaqla edir.

Yolsuzluğun axırı həmişə uçurumdur.

Elə Ermənistanın indiki vəziyyəti və sabahkı qaçılmaz aqibəti kimi.

Yol sahibinin, yol quranın nəsibi isə zirvələrdir.

Elə Prezident İlham Əliyevin Azərbaycanın Dirçəliş bayramına bircə gün qalmış Qarabağda təməlini qoyduğu ilk yol da Füzulidən Şuşaya uzanır. Yamacdan zirvəyə!

Hərənin öz qisməti!

Şuşa Savaşı Böyük Qələbəmizin rəmzinə çevrildi.

Şuşa Yolu da Yeni Qarabağımızın rəmzi olsun!

akademik Rafael Hüseynov

18 noyabr, 2020.

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook