RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov “Nizami və musiqi” beynəlxalq konfransında çıxış edib May 03, 2021 | 12:21 / Konfranslar
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami və musiqi” adlı beynəlxalq konfrans keçirilib.
 
Onlayn formatda təşkil olunmuş konfransa Azərbaycan, Avstriya, Almaniya və Türkiyədən 30-a yaxın tədqiqatçı qatılıb.
 
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova açaraq konfransın əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami poeziyasının təsiri ilə şairin poemaları və qəzəlləri əsasında opera, balet, simfonik poema, oratoriya, romanslar bəstələnmişdir.
 
Daha sonra AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən olduğunu vurğulayıb, sənətkarın parlaq irsindən danışıb. O, görkəmli mütəfəkkir şair N.Gəncəvinin çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyduğunu bildirib.
 
Akademik R.Hüseynov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin nizamiçiliyə və ümumilikdə azərbaycançılığa verəcəyi töhfələrdən də bəhs edib.
 
Konfransda "Nizami yaradıcılığında musiqi", “Nizami Gəncəvi: musiqi alətləri (praktiki və nəzəri kontekstdə)”, “Erkən orta əsrlər dövrünün ünlü ortak türk alimləri – Fərabi, İbn Sina və Nizami Gəncəvinin musiqi və musiqi tərbiyəsi haqqında fikirləri”, “Nizami Gəncəvi poeziyası Azərbaycandakı dağ yəhudilərinin yaradıcılığında”, "Nizami obrazları Şərq xalça sənətində", “Səhnə əsərlərində Nizami Gəncəvi obrazı” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook