RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Hacıqabulun gələcək daha böyük yüksəlişlərinə təkan verəcək açılışlar Apr 23, 2021 | 13:37 / Görüşlər

Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfərini mən Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının keçirildiyi uzaq Strasburqda qürur və sevinclə izlədim.

Çünki bu, sadəcə, bir rayona səfər olsa da, mahiyyəti etibarilə Azərbaycanda gedən böyük inkişafın bariz göstəricisidir.

Azərbaycana rəhbərlik etməyə başladığı ilk vaxtlardan bölgələrimizin yüksəlişini əsas quruculuq məqsədlərindən biri kimi seçmiş Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramlarını qəbul etməklə addım-addım bu perspektivli və son dərəcə vacib ideyanın gerçəkləşdirilməsinə başladı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, akademik Rafael Hüseynov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanı dörd bucağından yüksəldərək inkişaf etdirməyi nəzərdə tutan həmin məramın, sabahlara hesablanmış möhtəşəm layihənin nəticələri bu gün göz qabağındadır. Yetər ki, bölgələrmizin 15-20 il əvvəlki vəziyyətini indiki ilə müqayisə edəsən. Hətta müqayisə etmək belə mümkün deyil.

Hacıqabul rayonu məsafəcə Bakıya ən yaxın rayonlardandır. Lakin ənənəvi olaraq bu rayon sanki həmişə diqqətdən uzaqda qalmışdı. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər bu rayonun həyatında büsbütün yeni mərhələ sayıla bilər.

“Hələ 15-20 il əvvəl sənaye, zavod-fabrik kimi anlayışlar bizim düşüncəmizdə paytaxt Bakıya və bir neçə iri şəhərimizə aid idi. İndi baxın görün Azərbaycanda, o cümlədən Hacıqabulda nə qədər belə müəssisə var.

Prezident İlham Əliyevin Hacıqabul Sənaye Məhəlləsindəki müəssisələri işə salması yalnız hansısa konkret bir iri müəssisənin, zavodun fəaliyyətə başlaması deyil, bütövlükdə rayonlarımızın həyatını daha firavan, daha rahat, yaşamaq üçün daha gözəl edəcək, hər cəhətdən böyük faydalar verəcək layihələrin reallaşmasıdır. Təbii, Hacıqabul Sənaye Məhəlləsinin ardınca Azərbaycanın digər rayonlarında da belə məhəllələr yaradılacaq.

Prezident İlham Əliyev dərin düşüncəyə malik, inkişafı yalnız hansısa ayrı-ayrı sahələrin dirçəlişi, tərəqqisi kimi yox, bir sistem, kompleks, şəbəkə olaraq təsəvvür edib gerçəkləşdirən müdrikdövlət başçısıdır. Bu həqiqət dövlətimizin başçısının təkcə Hacıqabul səfərinin təfərrüatlarına nəzər yetirdikdə açıq-aydın görünür”, - deyə R.Hüseynov qeyd edib.

Deputat bildirib ki, dövlətimizin başçısı, bir yandan həm daxilində ildə 1500 yük və xüsusi təyinatlı avtomobil buraxacaq zavodu, həm əkin sahələri, heyvandarlıq komplekslərini əhatə edən, gələcək ərzaq təhlükəsizliyində mühüm rol oynayacaq aqroparkları, həm gübrə istehsalı müəssisəsini, həm də tara və plastik su qabları hazırlayacaq müəssisələrini, başqa sözlə, kənd təsərrüfatı səmti ilə sənaye istiqamətini birləşdirən Hacıqabul Sənaye Məhəlləsini açır, bununla bütün başqa məziyyətlərindən savayı, 400-ə yaxın yerli sakinin işlə təmin olunmasına meydan yaradır, digər tərəfdən isə bu ərazidə yaşayan insanların, işə başlayacaq həmin müəssisələrin gündəlik həyatında xüsusi yeri olacaq Hacıqabul-Muğan yolunu, əhalinin və yaxınlıqdakı 250 min hektar əkin sahəsinin enerjiyə tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıyan “Qarasu” yarımstansiyasını istismara verir.

Prezident İlham Əliyevin yeni və qüdrətli Azərbaycan quruculuğunun modeli elə budur - pərakəndəlikdən uzaqlıq, bir-birini tamamlayan, davam etdirən layihələrin qarşılıqlı əlaqəsi, inkişafı təmin edəcək məsələlərin kompleks həlli. Daha bir mühüm cəhət – layihələrin, ideyaların, gerçəkləşdirilən niyyətlərin, sadəcə, böyük deyil, nəhəng miqyasları!

Artıq tarixin dünənində qalmış uzaq sovet onillikərində o zamanın içərisində həqiqətdən daha çox arzu kimi səslənən iki məşhur ifadə vardı: “Azərbaycan iri addımlarla irəliləyir” və “Cənnət görmək istəyən Azərbaycana gəlsin”.

Həmin ifadələr məhz bu gün Prezident İlham Əliyevin uğurla, inamla irəlilətdiyi, yüksəltdiyi Azərbaycanda əsl həqiqətə çevrilir.

Bu gerçəyin daha bir ən əyani sübutu dövlətimizin başçımızın aprelin 20-də Hacıqabul rayonuna səfəri boyu müşahidə etdiklərimiz, Azərbaycandakı getdikcə daha geniş vüsət alan quruculuğun, kənd təsərrüfatı və sənayemizin durmadan və qarşılıqlı əlaqədə inkişafının əyani nümayişi və təsdiqinə çevrilən açılışlar oldu.

Hacıqabul səfəri ilə bağlı düşüncələrini Prezident İlham Əliyev təvazökar sözlərlə yekunlaşdırır: “Təəssüratım çox müsbətdir”.

Bu bircə sakit “müsbət” kəlməsinin içərisindən yalnız son səfər zamanı baş verən xoş yeniliklər deyil, Prezident İlham Əliyevin Azərbaycan idarəçiliyi dövründə tam qazlaşdırılmış, kənd yollarının 75 faizi yenidən çəkilmiş, 22 təzə məktəbi, çoxlu yeni müəssisələri tikilmiş, içməli su ehtiyacı ödənmiş və daha bu cür nə qədər illərlə həsrətində olduğu rahatlıqlarına qovuşmuş Hacıqabul ucalır.

Qarabağ Zəfəri Azərbaycanın, həmin Qələbənin memarı Prezident İlham Əliyevin müzəffərliyinin bir qanadıdırsa, ölkəboyu şahidi olub öyündüyümüz və sevindiyimiz belə yüksəlişlər həmin müzəffərliyin ikinci qanadıdır.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook