RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov İngiltərənin məşhur “Viktoriya və Albert” muzeyinin rəhbərliyinə məktub ünvanlayıb Dek 23, 2021 | 03:44 / Mühüm hadisələr

Akademik Rafael Hüseynov “Viktoriya və Albert” muzeyinin saytında Nizami Gəncəvi ilə bağlı yol verilmiş təhrifə görə muzey rəhbərliyinə məktub ünvanlayıb

 

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Londondakı “Viktoriya və Albert” muzeyinin saytında Nizami Gəncəvinin İran şairi kimi, onun “Xosrov və Şirin” poemasındakı Şirin obrazının isə erməni olaraq təqdim edilməsi ilə bağlı muzeyin direktoru Tristram Hanta, Kolleksiyalar üzrə direktor Antonia Boströma və muzeyin Görüşlər, kommersiya məsələləri, rəqəmsallaşdırma üzrə direktoru Sofi Brendelə məktub ünvanlayıb.

 

Məktubun mətnini təqdim edirik:

 

“Dəyərli həmkarım!

Dünya mədəniyyətinin əvəzsiz incilərini qoruyan və saxavətlə insanlara təqdim edən muzeyinizə rəğbət və hörmətimi ifadə edir, bütün əməkdaşlarınıza salamlarımı çatdırıram. Mən dəfələrlə sizin muzeydə olmuş, hər dəfə də ilk dəfə gəlirmiş kimi heyran qalmış, sonsuz zövq almışam. Bu gözəlliyi yaşatdığınız, qoruduğunuz və ləyaqətlə təbliğ etdiyiniz üçün sizə bir daha minnətdarlığımı bildirirəm.

Mən peşəkar şərqşünas və muzey işçisi olduğumdan ekspozisiyalarda tarixi çəkisi və mənası olan sənəd və eksponatların düzgün, təhrifsiz təqdiminə həmişə son dərəcə diqqətli və ehtiyatla yanaşıram.

Sizə müraciət etməyimə səbəb muzeyinizin saytında və espozisiyanızda təqdim olunan bəzi minatürlərlə bağlı yetərincə dəqiq olmayan məlumatların Azərbaycan Respublikasında ictimaiyyət arasında narahatlıq oyatması və bu haqda mətbuatda, sosial şəbəkələrdə dərc edilən tənqidi yazılar oldu.

Ona görə də sizə yazaraq bəzi məsələlərə aydınlıq gətirməyi lazım bildim. Mən sizinlə bu müzakirələri daha geniş şəkildə davam etdirməyə, sizə əlavə elmi materiallar da təqdim etməyə hazıram.

Muzeyinizin saytında XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin İran şairi kimi, onun “Xosrov və Şirin” poemasındakı Şirin obrazının erməni olaraq təqdim edilməsi tarixi və elmi baxımdan doğru deyildir və narazılığa səbəb olan da məhz bu incə məqamlardır.

Son 80 ildən artıq müddətdə Azərbaycan öz böyük şairinin yubileylərini dəfələrlə təntənə ilə keçirmiş, şairin 880 yaşının tamam olduğu 2021-ci il isə Azərbaycan Respubıilkasında dövlət tərəfindən rəsmən “Nizami Gəncəvi İli” elan edilmişdir.

Nizami Gəncəvi Azərbaycan şairidir, 1141-ci ildə Azərbaycan şəhəri Gəncədə doğulub, ömrü boyu bu şəhərdə yaşayıb, bütün əsərlərini Gəncədə yaradıb, 1209-cu ildə Gəncədə vəfat edib, bu gün də onun Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncədəki movzoleyi bütün xalqın ən uca tutduğu ziyarət yerlərindəndir.

Azərbaycanın paytaxtı Bakıda, eləcə də Gəncədə və digər şəhərlərimizdə Nizaminin abidələri ucalır, adına rayonlar, küçələr, meydanlar, müəssisələr var, əsərləri tədris edilir, irsi öyrənilir, haqqında araşdırmalar aparılır, kitablar yazılır, filmlər çəkilir.

Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada sevimli şairin şərəfinə Nizami adını daşıyan və müxtəlif yaş nəsillərinə aid minlərlə insan var.

Məhz Azərbaycan şairi olaraq Nizami Gəncəvinin heykəlləri bu gün İtaliyada, Misirdə, Rusiyada, Lüksemburqda  və digər xarici ölkələrdə də yüksəlməkdədir.

Nizami Gəncəvi Azərbaycan xalqı üçün sadəcə görkəmli şair deyil. Nizami Azərbaycan xalqının başlıca rəmzlərindən biridir, bu xalqın milli kimliyinin, istedadının, yaradıcı gücünün vacib göstəricilərindəndir. Ona görə də Azərbaycan xalqı üçün son dərəcə əziz və qiymətli olan belə bir əbədiyaşar və dünyada məşhur övladının başqa bir xalqın nümayəndəsi kimi qələmə verilməsi, gəncəli, azərbaycanlı olduğu halda onun iranlı kimi təqdim edilməsi Azərbaycan Respublikasında əhalinin ən müxtəlif təbəqələri arasında təəccüb və narazılıq oyatmışdır.

Azərbaycan insanlarının Nizami Gəncəvi ilə əlaqədar baş vermiş bu təhrifə belə həssas münasibət göstərməsi təsadüfi deyil.

Tarix boyu Azərbaycanın yalnız torpaqlarına və sərvətlərinə deyil, həm də böyük şəxsiyyətlərinə, mədəni irsinə, abidələrinə qarşı da təcavüz, qəsb siyasəti yürüdülmüşdür.

Azərbaycanın 20 faiz ərazisi 30 ilə yaxın müddətdə işğal altında idi. 2020-ci ilin noyabrında Azərbaycan 44 günlük müharibədən sonra nəhayət ki, bütün zəbt olunmuş torpaqlarını azad etmişdir.

Uzunmüddətli işğal səbəbindən indi öz ərazilərinin hər qarışına, hər bir milli sərvətinə son dərəcə həssas münasibət hər bir azərbaycanlı üçün ən ali duyğudur.

Gəncəli Nizami İran, fars şairi kimi təqdim ediləndə Azərbaycan xalqı bunu yalnız öz doğma şairinə qarşı deyil, həm də Vətənin ayrılmaz parçası olan Gəncəyə qarşı yolverilməz yanaşma, ölkənin ərazi bütövlüyünə sayğısız münasibət kimi qavrayır.

Təəssüflər olsun ki, ayrı-ayrı qüvvələr tərəfindən Azərbaycana qarşı müxtəlif səviyyələrdə mədəni qəsbkarlıq siyasəti indi də davam etməkdədir.

Nizami Gəncəvi Azərbaycan şairidir, gəncəlidir, milliyyətcə Azərbaycan türküdür və bütün bunları hər kəsdən əvvəl özü “Xəmsə”sində açıq-aşkar bəyan edir.

Lakin Nizami orta əsrlərdə Mərkəzi Asiyada mövcud olmuş ədəbi ənənəyə uyğun olaraq əsərlərini o zamanın ortaq poeziya dili olan farscada yazmışdır. 3 dildə - ana dili olan Azərbaycan türkcəsində, farsca və ərəbcə yazmaq orta əsr Azərbaycan ziyalısı üçün səciyyəvi olmuşdur. Ümumən bu özəllik orta əsrlərdə digər Yaxın və Orta Şərq xalqları üçün də xas idi və fars dili o dövrdə bir vaxtlar latıncanın Avropa üçün oynadığı rolu yerinə yetirirdi.

Həmin dövrdə Orta Asiyadan Qafqaza, İrandan Hindistana qədərki nəhəng məkanda milliyyətindən asılı olmayaraq müxtəlif xalqların ədibləri bədii əsərlərini fars, elmi risalələrini ərəbcə yazırdılar. Bu həmin dövrkü qloballaşmanın nəticəsi idi və nəticə etibarı ilə bütöv Mərkəzi Asiyanı ortaq elmi-ədəbi məkana çevirir, mədəniyyətlərarası dialoqa, mədəni transferə geniş imkanlar açırdı.

Bu gün də ABŞ-da ingiliscə yazan çoxlu ərəb və pakistanlı yazıçı və sairlər var, yaxud Almaniyada yaşayan, alman dilində gözəl poeziya və nəsr nümunələri doğuran onlarla türk ədibi fəaliyyətdədir. Ya Hindistan vətəndaşı olan, ana dili kimi mənimsədiyi ingiliscədə gözəl bədii əsərlər yaradan hindli qələm sahiblərini, yaxud əlcəzairli fransızdilli ərəb yazıçı və şairləri yada salaq. Təbii ki, eyni hal Böyük Britaniyada da mövcuddur. Yaxud rus dilində yazıb-yaratmış, dünyada tanınmış qazax, qırğız yazıçı və şairlərini götürək. Yazdıqları dili əsas sayaraq hindliyə və urduya ingilis, ərəbə fransız, türkə alman, qırğıza, qazaxa rus deyilsə doğrumu olar? Və ya elə əhalisi ingiliscə danışan Amerika Birləşmiş Ştatlarına baxaq. Bütün amerikalı yazıçı və şairlərə “ingilis ədibləri” demək ədalətli və düzgün olardımı?

Axı çox zaman insanlar milliyyətə münasibətdə göstərilən belə diqqətsizliyi ağrı ilə, çox incik qəbul edir, etirazlarını bildirirlər.

Ümumbəşəri ideyaları tərənnüm etmiş Nizami Gəncəvi lap çoxdan bütün dünyanınkı olan şairlər cərgəsindədir. O, bu gün dünyanın bir çox dillərinə tərcümə edilib, oxunur, sevilir. Lakin Nizami Gəncəvi Azərbaycan xalqının övladıdır, ilk növbədə Azərbaycan şairidir və onu öz ölkəsindən, öz xalqından ayırmaq təşəbbüsləri yolverilməzdir.

Çünki əvvəllər də bəzi fars və erməni millətçiləri tərəfindən belə cəhdlərin olması müşahidə edilmişdir.

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərindəki Şirinin erməni və Ermənistan hökmdarı kimi təqdim edilməsi də tarixi həqiqətin təhrifidir.

Həmin poemada haqqında bəhs edilən Ərmən və ya Ərmənzəmin heç də yanlış olaraq düşünüldüyü və yazıldığı kimi Ermənistan – Armenia deyildir. Ərmən orta əsrlər Azərbaycanında kiçik bir əyalət olmuşdur ki, paytaxtı Bərdə idi. Bərdə şəhəri bu gün də Azərbaycan Respublikasında mövcuddur və həmin şəhəri Nizami digər poemalarında da məhəbbətlə təsvir edir. Şirinin milliyətcə kim olması sualının cavabını isə təbii ki, Şirinin özündən yaxşı heç kim verə bilməz. “Xosrov və Şirin” məsnəvisinin “Şirinin cavabı” adlı fəslində Şirin belə deyir: “Mən qara gözlü türkəm” (من ان ترک سیه چشمم...).  Bu qədər sadə.

Biz bütün insanların olan mədəni sərvətlərin siyasiləşdirilməsi səmtindəki hər cəhdə münasibətdə ayıq olmalıyıq.

Bir daha Sizə ehtiramımı çatdıraraq rica edirəm ki, Nizami Gəncəvi ilə bağlı mübahisə və narahatlıq yaradan materialların saytınızdan götürülməsi, ekspozisiyada müvafiq düzəlişlər aparılması məsələsinə diqqətinizi əsirgəməyəsiniz və irəlidə də qeyd etdiyim kimi, bu mövzu ilə əlaqədar istənilən qədər əlavə və geniş elmi material və mötəbər tarixi sübut və məxəzlərin sizə təqdim edilməsinə, konstruktiv fikir mübadilələrinə, davamlı əməkdaşlığa həmişə hazıram.

 

Hörmətlə:

Rafael Hüseynov, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru,  akademik, Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Avropa Şurası Parlament Assambleyasının üzvü

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook