RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
"Vətənim” verilişinin görkəmli şair və maarifçi Seyid Əzim Şirvaniyə həsr olunan növbəti buraxılışı yayımlanıb Dek 14, 2021 | 15:46 / Mətbuatda çıxışlar

AZTV-nin “Mədəniyyət” kanalında “Vətənim” verilişinin görkəmli şair, maarifçi və publisist Seyid Əzim Şirvaniyə həsr edilən növbəti buraxılışı yayımlanıb.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə görkəmli şairin keşməkeşli həyatı, zəngin yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Akademik R.Hüseynov uşaq yaşlarından öz istedadı, fərasəti və qabiliyyəti ilə seçilən S.Ə.Şirvaninin ömrünün sonunadək ağrılı-acılı ömür yaşadığını qeyd edib. Bildirib ki, atasını 7 yaşında itirən Seyid Əzim babası axund Mola Hüseynin himayəsində mükəmməl təhsilə yiyələnmiş, ən müxtəlif sahələrdə dərin biliklər əldə etmişdir.

“Yüksək biliyə, dərin mənaya malik şeirlərində Şərqin keçdiyi ədəbi yolun əks sədası hiss olunur”, - deyə bildirən R.Hüseynov tanınmış ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firudin bəy Köçərlinin S.Ə.Şirvaninin yaradıcılığını olduqca yüksək qiymətləndirdiyini qeyd edib. Əlavə edib ki, F.Köçərli şairin qələmə aldığı pürməna qəsidələri, müdrikliklə dolu qitələri ilə onun Məhəmməd Füzuli mərtəbəsinə ucaldığını bildirmişdir. O, öz araşdırmalarında Azərbaycan şairlərindən heç birinin Seyid Əzim qədər əsərlər ərsəyə gətirmədiyini söyləmişdir.

R.Hüseynov S.Əzimin Azərbaycanın ilk jurnalistlərindən biri kimi “Əkinçi” qəzetində çap olunan şeirlərində duyğu və düşüncələrini, ən müxtəlif mövzularda fikirlərini əks etdirməklə yanaşı, xalqa üz tutaraq onları qəzetə yaxın olmağa səslədiyini də diqqətə çatdırıb.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook