RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nizami Gəncəviyə həsr olunmuş yeni nəşrlərin təqdimatı keçirilib Dek 07, 2021 | 15:55 / Yubileylər

Dekabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” və “Nizami və musiqi” beynəlxalq onlayn konfransının materiallar toplusunun təqdimatı olub.

“Nizami Gəncəvi İli” çərçivəsində reallaşan təqdimat mərasimini muzeyin direktoru Alla Bayramova açaraq tədbirin əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu il ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi qeyd olunur. Bu münasibətlə ölkəmizdə silsilə tədbirlər, təqdimatlar, konfranslar keçirilir. Bu gün təqdimatı keçirilən kitablar da Nizami Gəncəvi ilinə ən gözəl töhfələrdən biridir.

Qeyd olunub ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”si əsrlər ötdükcə öz dəyərini, təravətini və əhəmiyyətini itirmir. Kitabda şeir, musiqi və təsviri sənətlərinin Nizaminin beş məsnəvisinin səhifələrində qarşılıqlı əlaqələri təhlil olunur.

Təqdimat mərasimində Milli Məclisin deputatı, akademik Rafael Hüseynov çıxış edərək kitab haqqında təəssüratlarını bölüşüb.

Bildirib ki, müxtəlif elmi araşdırmalarda dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına çox müraciət olunub, onun həyatı, əsərləri, fəlsəfəsi ən müxtəlif problemlər baxımından, ayrı-ayrı təhlil rakurslarından tədqiq olunub, öyrənilib. Lakin təqdim olunan işin özəlliyi ondadır ki, Alla Bayramovanın və Rauf Şeyxzamanlının kitabında Nizami poeziyası, Nizami yaradıcılığı, Nizami şəxsiyyəti məhz incəsənətlərin qarşılıqlı əlaqəsi nöqteyi-nəzərindən araşdırılıb. Yeni nəşrdə dahi qələm ustası məşhur şair olmaqla yanaşı, həmçinin musiqi aləminin mahir bilicisi kimi təqdim edilib.

Vurğulanıb ki, müəlliflər Nizami Gəncəvinin poeziyasını incəsənətin müxtəlif sahələri musiqi, təsviri sənət, xalça sənəti ilə qarşılıqlı əlaqədə araşdırıb, bu sahədə mövcud olan intermedial əlaqələri nəzərdən keçiriblər.

Tədbir konsert proqramı ilə davam edib.

Tədbirin bədii hissəsində Əməkdar artistlər Fəridə Məmmədova, İlham Nəzərov və Beynəlxalq müsabiqələr laureatı, pianoçu Svetlana Əhmədovanın ifalarında Nizaminin sözlərinə bəstələnmiş vokal kompozisiyalar səslənib.

Qeyd edək ki, “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” kitabının həmmüəllifləri Alla Bayramova və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlıdır.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook