RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Xüsusi tapşırıqlı səfirin vətənə son gəlişi Yan 04, 2022 | 15:12 / Mətbuatda çıxışlar

Hər binası, hər küçəsi, hər ağacı ilə çox sevdiyi əziz Bakısına o, 2022-nin 3 yanvarında son dəfə gəldi.

Gözlərini dünyaya əbədi yumduğu üçüncü gündə Vətəninə döndü.

Həmişəlik burada qalmaqçün gəldi.

Ertəsi gün, yanvarın 4-də yaşadığı müddətcə canı qədər sevdiyi Vətən torpağına, öz vəsiyyətinə uyğun olaraq, üçrəngli bayrağımıza bürünərək qovuşmaq üçün gəldi.

2000-ci illərin əvvəllərindən köçmüşdü Moskvaya və Bakıya hər gələndə zamanı nə qədər az, işi, görüşləri nə qədər çox olsa da, hökmən şəhərin tanış küçələrini, məhəllələrini təkcə piyada gəzməkçün vaxt ayırardı.

Xeyli dəyişmiş tanış yerləri gəzib-dolaşarkən keçmişi ilə, gənclik xatirələri ilə baş-başa qalardı.

Çoxdandır Bakıya gəlmirdi, ara-sıra telefonla danışırdıq.

Yazı-pozusuna nə qədər bağlansa da, hər halda həmişə buralardan ötrü darıxırdı, qəribsəyirdi.

Axırıncı dəfə ona ötən ilin noyabrında Parisdən zəng vurdum.

Haçandır Parisdə olmurdum. Pandemiya başlanandan Fransaya, Strasburqa bir neçə dəfə səfər etsəm də, təqribən 2 ilə yaxın bir ayrılıqdan sonra bu şəhərlər gözəlinə yenidən ilk dəfə gəlirdim.

Səfərimin məqsədi UNESCO toplantılarına qatılmaq idi.

Hoteldə yerləşəndən bir qədər sonra axşamüstü gəzməyə çıxdım.

İllər boyu dönə-dönə gəlib-gedəndən sonra mənimçün doğmalaşmış bu əziz şəhərin köhnə vaxtlara nisbətən izdihamı xeyli azalmış küçələrindən keçirdim, istər-istəməz ötən günlər, burada dostlarla birgə olduğumuz çağların şirin anları sayrışırdı yaddaşımda.

İlk yadıma düşənsə elə Ramiz Abutalıbov idi. Səbəbsiz də deyildi.

Parisə mənim əvvəlinci gəlişim, "həmişə səninlə olan bayram" (Heminquey) şəhərlə birinci yaxın tanışlığım 1995-ci ilin Novruz günlərində baş tutmuşdu və bu füsunkar şəhərə o vurulan vurulmuşam.

Sonra tale elə gətirdi ki, 2001-ci ildən Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü seçildim və arxada qalan 20 ildən artıq müddətdə bu doyulmaz şəhərə tez-tez səfər edəsi oldum.

Hələ arada UNESCO tədbirlərinə də dəvətlər olurdu. AŞPA-nın bir çox komitə iclasları Parisdə keçirilirdi, mənsə 3 komitədə üzv idim və həmin səbəbdən illərcə ayda 1, 2, bəzən hətta 3 dəfə Parisə gəlmişəm.

Azərbaycan mühacirətinin, təəssüf ki, demək olar artıq hamısı həyatdan getmiş neçə dəyərli təmsilçisi ilə burada görüşdüm, tanış oldum, dostlaşdıq, mənimlə nə qədər xatirələrini bölüşdülər!

Parisə ilk gəldiyimiz 1995-ci ilin mart günlərində bəxtim onda gətirmişdi ki, o vaxtlar Azərbaycan Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir vəzifəsini tutan Ramiz Abutalıbov da bizimlə idi.

3-4 günü bizimçün 10-15 gün qədər dolu etdi. Mütləq görülməli yerləri göstərdi, maraqlı tarixçələri nəql etdi, bir sıra köhnə parisliylə sonra illərlə davam edəcək təmaslarımızın bünövrəsini qoydu.

Parisin ən lüks hotellərindən olan "Bristol"da qalırdıq. Ancaq erkən itirdiyimiz jurnalist dostum İbrahim Şükürovla birgə gecə səhərədək Parisin küçələrini gəzib-dolaşır, baxdıqca baxılası gözəlliklərdən həzz alır, hotelə səhər üzü gəlib çıxırdıq.

Parisə vurulmağım Ramiz Abutalıbovla başladığından Ramiz müəllim mənimçün bu göyçək şəhərin rəmzlərindən biri kimi idi. Hər Paris deyiləndə ilk olaraq Ramiz müəllim yadıma düşürdü.

Elə Parisə 2021-in noyabr günlərindəki gəlişimdə də qeyri-ixtiyari Moskvaya, Ramiz müəllimgilə telefon açdım ki, ona Parisin salamını çatdırım, onun əvəzinə də yenə Paris havasıyla nəfəs aldığımı deyim.

Ramiz müəllimlə telefonla axırıncı dəfə nisbətən təzə danışmışdıq. Oktyabrın 27-də doğum gününü təbrik etmişdim.

Noyabrın 14-də Parisdən onun cib telefonuna etdiyim zəngə isə həyat yoldaşı cavab verdi. Söylədi ki, Ramiz xəstəxanadadır, əməliyyat olunub.
Sən demə, evdə ehtiyatsızlıq edib, yıxılıb, ombasında sınığı yaranıb və heç nədən belə çətin vəziyyətə düşüb.

Xanımı Ramiz müəllimin vəziyyətinin yetərincə ağır olduğunu söyləsə də, pis fikirləri beynimdən qovmağa çalışdım, həyat yoldaşına (elə əslində özümə də) təsəlli verdim ki, inşallah, tezliklə sağalar, ayağa qalxar. Axı hələ görəcəyimiz işlər çoxdur, hələ növbəti ildə - 2022-də onun Bakıda da, Moskvada da yubileyini keçirəcəyik!..

Nə acı ki, qismət deyilmiş!

Əziz Ramiz müəllim 2022-ci ilə çatmağına çatdı. Ancaq təzə ilin birinci günündəcə onu əbədilik itirdik.

...Hər duyğunun arxasında mütləq bir tarixçə var.

Səndəki hər keyfiyyətin izini yetişdiyin mühitdən, böyüdüyün əhatədən, oxuduğun kitablardan daha əvvəl gərək qanında arayasan.

Tərcümeyi-halın əslində sən doğulmamışdan, damarlarında axacaq qandan başlanır.

Qanın yaddaşından!

Onun ata tərəfi Ordubaddan idi.

Ordubaddakı dörd məşhur nəsildən birinin övladı idi - Abutalıbovlardan idi.

Yəni axtarsan, obiri üç nəsil - Məmmədəliyevlər, Ağalarovlar və el içində "ərbab" deyə məşhur olan Rzayevlər də bu şəcərə ilə hansısa qohumluq əlaqələri ilə bağlıydılar.

Atasının ana tərəfi isə Seyidovlar idi. Ramizin ata nənəsi Rübabə xanım Mirhidayət bəy Seyidovun qohumlarından idi.

O Mirhidayət bəy ki, Milli Şuranın sədr müavini idi və 1918-ci ilin şanlı 28 May günündə Tiflisdə, Qafqaz canişinliyinin sabiq iqamətgahında İstiqlal Bəyannaməsinə imza atanlardan biri olmuşdu.

Ramizin əslən bakılı olan ana tərəfi Ələsgərovlar idi. Ana nənəsi Fatma xanım Orucovanın əmisi qızı İzzət də Azərbaycan insanına yaxşı tanışdır. İzzət xanım Orucova məşhur kimyaçı alim idi, akademik oldu, amma daha əvvəllər Cəfər Cabbarlının təşviqi ilə kino ilə bağlanmışdı. 1929-cu ildə "Sevil"də, 1936-cı ildə "Almaz"da baş rollarda çəkilmiş, kino tariximizə ilk qadın aktrisalarımızdan biri kimi düşmüşdü.

İş elə gətirdi ki, Ramiz özü Gəncədə dünyaya göz açdı və Bakıya 2 yaşı olanda köçdülər.

Yəni sənədlə-sübutla həm ordubadlıdır, həm bakılıdır, həm gəncəli.

Di gəl, 80-i aşan ömrü ilə sübut etdi ki, o, bütün Azərbaycanınkıdır.

Əslində Azərbaycanın hər guşəsindəndir, azərbaycanlıların ən yaxşılarındandır!

Nənəsi danışarmış ki, ulu baban Hüseynqulu xanın müridlərindən olub və Sisianovun qətlə yetirilməsində onun da iştirakı varmış.

Beləcə, müxtəlif şəcərə hekayətləri evdə ara-sıra söylənərdi və nə qədər ki Ramiz uşaqdı, yeniyetmə idi, bu söhbətlərə çox bənd olmazdı, amma sən demə, bütün bunlar elə asta-asta yaddaşa həkk olunurmuş, yaşa dolduqca bu xatirə qırıqları da onunla birgə böyüyürmüş.

1930-cu illərin tuthatut vaxtlarında həm ata, həm ana tərəfdən həbs edilənləri, sürgünə göndərilənləri olmuşdu.

Dayısına da, ata babasına da 10 il iş vermişdilər, soraqları Çitadan gəlmişdi.

Ailənin bu müsibəti və çətin zəmanə onları ehtiyatlı etmişdi, daldada dolanmağa, həmişə gözə çox girməməyə sövq etmişdi.

Odur ki, Ramiz məktəb illərində heç komsomola qəbul edilməyə də cəhd eləməmişdi.

Universitetə qəbuldan sonra, elə ilk sentyabr günlərində ağlını, səviyyəsini hiss eləyincə onu fakültə komsomol təşkilatının katibi seçmək istəmişdilər.

Sıxılaraq astaca dillənmişdi: "Axı mən komsomolçu deyiləm".

Çox təəccüblənmişdilər və təcili onu komsomol sıralarına qəbul etmişdilər.

Günlərin birində isə atası belə məsləhət görmüşdü: "Oğul, bunlar, belə başa düşürəm ki, qalası oldular ("bunlar" - yəni Sovetlər - R.H.).

Partiyaya gir. Geoloqluq oxuyursan, partiyaçı olmasan, inkişafına, qabağa getməyinə əngəl yaranar..."

Universiteti yaxşı oxusa da, geoloq ixtisasının sirlərini yetərincə öyrənsə də, tale ona ayrı yol açdı.

Diplomat oldu.

İçərisində böyüdüyü siyasi sistemin ən uca mərtəbəsi partiyanın Mərkəzi Komitəsi idi.

Hətta ora qədər gedib çıxa bildi, şöbə müdiri vəzifəsinə də yüksəldi.

Amma cibində partiya bileti gəzdirsə də, axıracan kommunist olmadı.

Ürəyi imkan vermədi olsun!

Onları, elə atası deyən kimi, həmişə yad saydı, "bunlar" hesab elədi.

Əgər belə olmasaydı, Sovet dönəmində Fransada Sovet İttifaqının diplomatı olaraq çalışdığı zamanlarda, "bunlar"ın işçisi ola-ola, "bunlar"dan məvacib ala-ala SSRİ Xarici İşlər Nazirliyinin müəyyən etdiyi xəttə heç də uyğun gəlməyən fəaliyyətlərə qatılmazdı.

Ramiz müəllim əvvəlcə 1972-dən 1979-a qədər, sonrasa 1985-dən 1993-cü ilədək Parisdə yaşadı, UNESCO-da çalışdı.

O işlər ki Ramiz Abutalıbov Birləşmiş Millətlər Təşkilatının ali elm, təhsil, mədəniyyət təşkilatı UNESCO-nun rəsmi əməkdaşı ola-ola əl altından yerinə yetirirdi, sovetin nəzərincə ideoloji təxribat, qatı millətçilik demək idi.

Sovet hökuməti İkinci Dünya müharibəsi illərində almanlarla əməkdaşlıq etmişləri, legionda xidmətdə olmuşları düşmənlər sırasına daxil etmişdi və bu qəbil adamları haçan əlinə keçsə, harada tutsa, ağır cəzalandırır, uzunmüddətli həbslərə məhkum edirdi.

Ələkbər bəy Topçubaşı Azərbaycan Məclis-i Məbusanının ilk sədri Əlimərdan bəy Topçubaşovun oğlu idi və UNESCO-dakı sovet təmsilçisi Ramiz Abutalıbov onunla yaxın münasibətlərdə idi.

Qədir Süleyman İkinci Dünya müharibəsi dönəmində almanlara əsir düşmüşdü, legioner olmuşdu və sovet diplomatı Ramiz Abutalıbov onunla dostluq edir, tez-tez görüşürdü.

Məmməd Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Məclis-i Məbusanın - parlamentin ən gənc üzvü olmuşdu.
Ramiz onunla da yaxın, simsar idi.

Bu qəbil iri bir dəstə mühacir ki adları kommunistlərin ən qara siyahılarında idi, Ramiz onlarla oturub-dururdu.

Özümüzünkülər bir yana qalsın, sovetin başqa düşmənləri - "ağ mühacirət"in Parisə sığınmış təmsilçiləri ilə də Ramiz vaxtaşırı bir yerdə idi.
Bütün qorxu-hürkünü bir kənara qoyaraq bu qərib və qiymətli insanlarla ünsiyyət quran, onlardan Vətən tarixinin bilinməli səhifələri ilə bağlı mütəmadi bilgilər alan cavan diplomatın gözünü qan örtməmişdi ki, belə hərəkət edirdi.

Onu idarə edən babalardan nəsibi olan QAN idi!

Həmin saf qan ki, ona hər an "yurdunu və millətini sev" pıçıldayırdı, "odla su arasında olsan belə Vətəninə və xalqına fayda verməyə çalış" deyirdi.

Və parlaq Azərbaycan ziyalısı Ramiz Abutalıbov hamımızın sevgisini sadə bir səbəbə görə qazana bilmişdi - həyatı boyu damarlarından axan saf qanın həmin çağırışına və dəvətinə sadiq qaldığı üçün!

O insanlar ki Azərbaycan mühacirətinin canlı tarixi idilər, o insanlar ki onillərlə qəlbləri Vətən həsrəti ilə çırpınırdı, sərhədlərin kip-kip qapalı vaxtlarında bu cavan diplomatla isinişəndən sonra elə bil Vətəni təzədən tapmışdılar onlar. Amma əvvəlcə bu, onlardan, onlar da bundan çəkinmişdi. Xeyli müddət ehtiyatla davranmışdılar. Ramiz Abutalıbov bir sovet diplomatı idi. Onlarsa Sovetlərin Vətən həsrətlisi etdiyi, SSRİ-yə gələn yolları qapalı, əks ideologiyanın daşıyıcısı, bir az da sərt səslənirsə də, "vətən xaini" hesab edilən adamlar. Ramiz yaxşı anlayırdı ki, onlar düşmən deyillər, Azərbaycanı ürəkdən sevirlər. Yolları açılsa, hələ Vətənə çox faydalar verməyə hazırdırlar.

Ən əvvəl onlarla Ramiz arasındakı inamsızlıq buzu əriməli, Sovetin həm Ramizdə, həm onlarda yaratdığı xof aradan getməli idi. Bu isə 3 günün, 5 ayın işi deyildi.

Asta-asta yaxınlaşdılar. Qısa təmaslarda bir-birlərini olduqları kimi görməyə, tanımağa başladılar.

Və müəyyən müddətdən sonra bu, onların, onlarsa bunun taleyinin bir parçasına çevrildilər. Ramiz dönüb oldu körpü: Parislə Bakı arasındakı körpü, qürbətlə Vətən arasındakı körpü. Ramiz heç kəsin ağlına sığışdıra bilməyəcəyini etdi. "Dəmir pərdə"lər dönəmində Parisi Bakıya gətirməyi, Bakını Parisə aparmağı bacardı. Əvvəl qiyabi olaraq. Başlanğıcda yalnız ismarıclarla, məktublar vasitəsilə. Bir qədər sonra isə elə bilavasitə də onları Vətənlə qovuşdura bildi.

Və indi o çətin, düyünlü zamanların üstündən onillər keçərkən düşünürəm ki, bu yorulmaz, bu işıqla dolu, bu vətənsevər insan - mənim köhnə və əziz dostum Ramiz Abutalıbov xalqımız, yurdumuz üçün nə qədər nadir bir tale töhfəsiymiş. Onun Sovetin mənəm-mənəm çağında, sərhədlərin bağlı zamanında gördüyü işlər, yaratdığı əlaqələr, atdığı körpülər olmasaydı, Parisdəki Azərbaycan mühacirət irsinin çox səhifələrindən biz xəbərsiz qalardıq. Sadəcə xəbərsiz olmazdıq, bu sərvəti itirmiş olardıq. Axı vaxt onların hamısını apardı. Ramiz Abutalıbov bizə, Vətənimizə, millətimizə həmin itə biləcək, qeyb ola biləcək vaxtı, həmin zaman kəsiyinin içərisindəki irsi və tarixi ərməğan edə bildi. Əlbəttə ki, belə qiymətli insan daimi sevgiyə də, sayğıya da layiqdir.

Adətən insanlara tarixdə qalmaq haqqını böyük, misilsiz əsərləri verir. Ramiz Abutalıbovun cildlərə sığışa biləcək həcmli yazıları yoxdur. Ya hansısa kitaba kiçik müqəddimə yazıb, ya hansısa toplunun tərtibçisidir, müəyyən məqalələri, müsahibələri var. Əsər baxımından olanı bu qədərdir.

Lakin Ramiz özü varlığıyla bir əsər idi.

Onun bütün Yolunu və Əməlini səciyyələndirəcək ən sərrast və dəqiq ifadə elə KÖRPÜ kəlməsidir. KÖRPÜLÜK Ramiz Abutalıbovun mahiyyəti idi.
Onda hər kəsdə olmayan bir həssaslıqla məhz ən zəruri məqamda körpü ola bilmək istedadı vardı.

Həm də onun son dərəcə vacib və ən umulan vaxtda körpüyə çevrilmək qabiliyyəti yalnız mühacirət irsi ilə də bağlı deyildi.

Çoxlarına az tanış olan parlaq Azərbaycan rəssamı Əşrəf Murad ki uzaq tarix deyildi!

1980-ci illərdə tanınmış rus rəssamı, yazıçısı, tənqidçisi Georgi Anisimovun emalatxanasında divardakı bir tablo Ramiz müəllimin diqqətini cəlb etmişdi. Georgi Anisimov da qayıtmışdı ki, bu, sizin həmyerlinizin, Leninqradda Repin adına Akademiyanı bitirən, qısa ömür yaşamış istedadlı rəssam Əşrəf Muradın işidir.

Elə həmin andaca Ramizin içərisindəki gərək olan anda körpüyə dönmək fitrəti ona növbəti tapşırığını vermişdi.

Bir müddət sonra - 1984-cü ilin oktyabrında Əşrəf Muradın əsərlərindən ibarət sərgini də təşkil etmişdi, illər sonra - 2008-ci ildə Georgi Anisimovun Əşrəf haqda yazıb hazırladığı, nəşr etdirməyə para əldə edə bilmədiyi kitab-alboma Moskvadanca sponsor da tapmışdı, Rusiya paytaxtında əsərin nəfis nəşrinə də nail olmuşdu.

Və həmin kitabla rəssam Əşrəf Murad həmişə diri qalacaq, tanınacaq, bu kitab Əşrəf Murada doğru getməyə hələ çoxlarını dəvət edəcək.
O xidmətləri ki Ramiz Abutalıbov bizim günlərdə - müstəqillik dönəmində edirdi, onların bənzərlərini bütün belə işlərin rəsmən siyasi mahiyyətli dövlət qulluğunda çalışan bir sovet məmuru tərəfindən görülməsinin təxminən mümkünsüz, hətta təhlükəli olduğu illərdə də yerinə yetirirdi.

1990-cı ilin qara yanvarı. Azərbaycan matəm içindədir. Sovet ordusunun hücumuna məruz qalmış Azərbaycanın dünyaya çata biləcək səsini boğmaq üçün Bakıda Dövlət Teleradiosunun enerji bloku da partladılıb.

Və Azərbaycanın ağır məqamında yurduna, xalqına dayaq durmaqçün sovet diplomatı Ramiz Abutalıbov həmin narahat günlərdə mümkünsüzü gerçəkləşdirməyə müvəffəq olur. Əlaqələrindən istifadə edərək nail olur ki, elə o ərəfədə Parisə gəlmiş yazıçı Rüstəm İbrahimbəyov Fransa televiziyasının Beşinci kanalında "Daşnaksütun" partiyasının press-attaşesi Papazyanla birgə canlı yayımda çıxış etsin. Və Fransanın bu yetərincə populyar olan kanalında Rüstəm İbrahimbəyovun ağıllı, məntiqli, qorxmaz çıxışı, opponentinin iddialarını darmadağın edən dəlilli-sübutlu fikirləri ciddi əks-səda doğurur.

Yaxud elə həmin vaxt fransalı azərbaycanlı, məşhur yazıçı Banini Azərbaycan həqiqətləri ilə bağlı radioda müsahibə verməyə, mətbuata çıxmağa və Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz, separatizm siyasətinə qarşı "Le Monde" qəzetində ifşaçı məqalə dərc etdirməyə kökləyən, yönəldən də Ramiz Abutalıbov idi.

Bu xidmətlər heç zaman unudulmaz!

Azərbaycan siyasi mühacirətinin canlı klassik olan nümayəndələrinin neçəsini elə bu tərzdə Azərbaycan sarı yönəltmək, onların tarix şahidi arxivlərini toplamaq, bir neçəsinin Azərbaycana dəmir Sovet pərdəsinin mövcud olduğu çətin əyyamlarda gəlişi üçün icazələrin alınmasına vasitəçilik etmək Ramiz müəllimin müstəsna səyləri ilə mümkünləşmişdi.

Avropadakı qərib məzarlarımıza qayğının vacibliyi ənənəsini yaradan da Ramiz Abutalıbov olmuşdu.

Bu gün məmnuniyyətlə Azərbaycana səfərlər edən, fəxrlə "azərbaycanlıyam" deyən neçə avropalı məşhura (həyatdan gedənləri də var. Biri elə Rober Osseyn) 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəllərində usanmadan müraciətlər edərək onlara mənsub olduqları soy-kökü xatırladan, Azərbaycan naminə hansısa işlər görməyə inadla səsləyən, çox zaman biganəliklə qarşılaşsa da, inadından dönməyən, qiymətli fəaliyyətlərini davam etdirən də Ramiz müəllim idi.

1990-cı ilin yanvarında Bakıya sovet ordusunun qanlı təcavüzü baş verərkən nəinki bütün karyerasını, hətta həyatını belə risk qarşısında qoyaraq Ramiz Abutalıbov başında ağlı olan heç bir sovet məmurunun etməyəcəyini edirdi, ölkəmizin haqq səsini dünyaya çatdırmaq üçün Fransada qapılar döyürdü, Bakıda xalqımıza qarşı törədilən Kreml cinayətinin Parisdə televiziya ekranlarından aləmə car çəkilməsi üçün fədakar mübarizələr aparırdı, bu iş üçün ailəsinin rifahına sərf edə biləcəyi şəxsi vəsaitlərini də əsirgəmirdi.

Əlimərdan bəy Topçubaşovun Paris arxivlərinin əldə edilməsi üçün onun hələ 1990-cı illərdən apardığı və məni də cəlb etdiyi axtarışlar da gözümün qarşısında baş verib.

Avropadakı siyasi mühacirətimizin bir çox qiymətli qocaman nümayəndələri ilə məni hələ uzaq 1990-cı illərin ortalarından etibarən tanış etməyə başladığına görə də Ramiz müəllimə minnətdaram.

İndi onların, demək olar ki, hamısı həyatdan gedib. Amma vaxtında başlanan təmaslarımız ona bais oldu ki, bir çox arxivləri xilas edib Vətənə gətirə bildik, o insanların xatirələrini, bildiklərini yazılaşdırdıq, lentə aldıq, tarix üçün hifz edə bildik.

Mən Ramiz müəllimlə 1970-ci illərin sonlarından, tələbə vaxtlarımdan tanışam və təqribən 40 ildən artıq bir müddəti əhatə edən uzun dövr ərzində həmişə onu millətinə, yurduna son dərəcə sadiq və sabit insan kimi tanımışam, sevmişəm.

Bir neçə dəfə cəhd eləmişdik. Ancaq nə o, yada sala bilmişdi, nə mən dəqiq xatırlamışdım ki, ilk dəfə haçan görüşüb tanış olduq. Birinci dəfə hansı ünsiyyətdən sonra mehriban münasibətlərimiz yarandı. Fikrimdən keçir ki, deyəsən, 1970-ci illərin sonları idi. Akademiyadamı baş verdi bu? Ya elə o vaxtlarda hərbi hospitalda yatan bir ortaq dostumuzu yoluxmağa gələrkən? Dəqiq yada sala bilmirəm. Və başa düşürəm ki, niyə nə Ramiz müəllim, nə mən xatırlaya bilirdik ki, dostluğumuz, ülfətimiz haçandan başlanıb. Çünki bizi birləşdirən ümumi bir ruh idi ki, o hisslər insanla birgə doğulur.

Bu xalqa, bu yurda məhəbbət, bu yurd, bu xalq üçün nəsə əhəmiyyətli bir iş görməyə hər an daxilən hazır olmaq, can atmaq - bu qohumluq varsa, demək, sən o insanla elə dünyanı dərk edəndən qəlbən yaxınsanmış. Eyni yolu gedirsənmiş, sadəcə hələ görüş baş tutmayıbmış. Amma əslində eyni nəcib, millətəgərək işləri görə-görə bir yerdəsizmiş.

Bir an da bekar dayanmayan, dəyişən havalara bənd olmadan ruhdan düşməyən, fayda verə biləcəyi qədər fayda verməyə daim can atan yorulmaz insan.

Xatırlayıram ki, unudulmaz Heydər Əliyev də ona ehtiramla yanaşırdı, sözünə etibar edirdi və məhz Ramiz müəllimin təklifləri ilə siyasi mühacirlərimizin bir neçəsi ilə bağlı həm sovet dövründə, həm də müstəqilliyimizin ilk illərində müəyyən xoş niyyətlərin həyata keçirilməsinə tərəddüdsüz dəstək vermişdi.

Bircə ona təəssüf edirəm ki, Fransadakı ilk səfirimiz Ramiz Abutalıbov olmadı.

Onsuz da Ramiz müəllim elə Fransada və Avropada qeyri-rəsmi səfirimiz kimi idi, onsuz da çox işlər görürdü. Lakin rəsmən fövqəladə və səlahiyyətli status da qazansaydı, zənnimcə, indi bizə bəlli olanlardan qat-qat çoxlu və daha yaxşı işlər görə bilərdi.

Çünki həmin vaxt kəsiyinin özü çox mühüm idi.

Yalnız zaman dəyişmirdi, nəsillər də dəyişirdi, sonrakı daha sıx Fransa-Azərbaycan əlaqələrinə dayaq, təkançı ola biləcək və Ramiz müəllimlə yaxın münasibətləri olanların əksəri hələ sağ idi.

Yenə yada salıram 1995-ci ilin martında ozamankı xarici işlər naziri, təcrübəli dövlət adamı Həsən Həsənovla birgə Paris səfərimizi. Elə ilk günlərdəncə hiss etdim ki, oradakı Azərbaycan diasporasının təmsilçiləri Ramiz müəllimə nə qədər bel bağlayır, ona necə simsar kimi baxırlar.

O vaxt Ramiz müəllim məni bir cavanla tanış edərək söylədi ki, əslən Cənubi Azərbaycandan olan Məmmədəli Tacəhmədi Azərbaycan dilinin izahlı lüğəti üzərində işləyir, bununla əlaqədar tez-tez kitablara, mənbələrə ehtiyacı yaranır, sən də imkanın daxilində köməyini əsirgəmə.

Mən də illərcə xüsusi tapşırıqlar üzrə səfirin bu xeyirxah tapşırığına ürəklə əməl etdim.

Ramiz müəllimin bir mühüm keyfiyyəti də sabitlik idi. İnsan kimi münasibətlərində də, araşdırdığı, bağlı olduğu mövzulara sədaqətində də.

Bir neçə il öncə Ramiz müəllim mənə AZƏRTAC-ın bir xəbərinin surətini yolladı ki, gözün aydın, bəs Məmmədəlinin ömrünün onillərini sərf etdiyi cildlər Türkiyədə işıq üzü görüb. Dostun Əli Polad köməklik edib nəşrinə, tiraj İstanbuldadır, Əli bəylə danış, sənə göndərsin, imkan olsa, cildlərdən bir nüsxə də mənimçün götür.

Sözümün canı ondadır ki, Ramiz Abutalıbov bu qədər sabitqədəm, millət üçün gərəkliliyini duyduğu işlərdə bu qədər ardıcıl və diqqətli idi.

...Bakıdakı son görüşlərimizdən biri 2018-ci ilin payızında oldu. Mən Tbilisidən, Avropa Şurasının komitə iclasından sentyabrın 26-da qayıtmışdım, 27-si axşamı Ramiz Abutalıbov zəng vurdu ki, Bakıdayam. Həmin gün səhər saatlarında Bakıda Türkiyə Respublikasının Türk Tarix Qurumu və Strateji Düşüncə İnstitutunun birgə təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun dəstəyi ilə "Qafqaz: tarix, çağdaş dövr, gələcək" mövzusunda beynəlxalq konfrans işə başlamışdı. Ramiz müəllim də maraqlı bir mövzu ilə çıxış etməliymiş. Di gəl, gündəlik elə sıx, nəzərdə tutulan çıxışlar o qədər çox, vaxt da elə dar imiş ki, 2 gün sürən konfransda bir çox başqaları kimi, Ramiz müəllimə də məruzəsini təqdim etməyə zaman çatmamışdı. Amma vəd ediblərmiş ki, konfransa qatılanların hamısının, o sıradan Ramiz müəllimin də məqaləsi dərc ediləcək.
Sentyabrın 29-da Ramiz müəllim Nizami muzeyinə gəldi, görüşdük, keçmişləri xatırladıq, görəcəyimiz işlərdən, niyyətlərimizdən danışdıq. Dedim ki, noyabr ayında bizim də muzeydə beynəlxalq konfransımız olacaq, dəvətlisiniz və başqa konfranslardan fərqli olaraq, həmin yığıncaqda sizə söz çatacağına qətiyyən şübhə ola bilməz.

Həmişəki kimi, Ramiz müəllim əlidolu gəlmişdi, təzə kitablarla. Amma mənim də Ramiz müəllimə kitab hədiyyəm vardı. 2003-cü ildə muzeydə məşhur "Diplomat" romanının müəllifi Ceyms Oldricin 85 illiyinə həsr olunmuş konfrans keçirmişdik, konfrans adından yazıçıya təbrik məktubu da yollamışdıq. O vaxt Ramiz müəllim hələ Xarici İşlər Nazirliyində çalışırdı. O da həmin konfransa qatılmışdı və maraqlı çıxış etmiş, dəyərli təkliflər irəli sürmüşdü.

Ramiz müəllimə bunu da xəbər verdim ki, gələn həftəyə qala bilsəydiniz, yaxşı olardı. Ceyms Oldricin artıq 100 illiyidir və bu münasibətlə yenə konfrans keçirəcəyik.

Ramiz müəllimin Moskvaya uçuş bileti artıq əlində idi, qala bilməyəcəkdi, ona görə də hələ heç kəsin görmədiyi, həmin konfransa hədiyyə olaraq buraxdığımız kitabın ilk nüsxəsini ona təqdim etdim.

Bu, professor Şahin Xəlillinin hazırladığı, mənim elmi redaktoru olduğum və ön söz yazdığım, tərtibinə də bacardığım köməyi əsirgəmədiyim "Ceyms Oldric və Azərbaycan" adlı kitab idi.

15 il öncəki, Ramiz müəllimin də iştirak etmiş olduğu Oldric konfransımızın videoyazısını arxivimizdən götürmüşdüm, oradan kadrlar seçmişdim və konfransdakı çıxışların stenoqramından parçalarla həmin fotoları da bu yeni kitaba artırmışdım.

Kitabı görüncə Ramiz müəllim sevindi, "Tamam unutmuşdum" dedi.

Əlavə də etdi ki, bax, fakt, tarix budur, heç nə itmir.

Ancaq kitabdakı şəklinə baxaraq duruxdu: "Bir qədər yaşlanmışam".

Mən də qayıtdım ki, onu bilmirəm, amma Bakıya bir neçə ay əvvəlki gəlişinizə nisbətən, maşallah, daha gümrahsınız, bir qədər də cavanlaşmısınız. Bu gedişlə noyabrda gələndə indikindən də cavan olacaqsınız.

Gülüşdük.

Çox da aralıda olmayan həmin dəqiqələr, İlahi, indi nə qədər uzaq görünür!..

...1995-ci ildəki Paris səfərindən sonralar həmişə gülüşlə xatırladığımız və illər boyu evimin içərisində istər-istəməz hər gün Ramiz müəllimi yadıma salan və təbəssüm gətirən bir ayrı hadisə də baş vermişdi.

O dövrdə mən yeni aldığım mənzilin təmiri ilə məşğul idim. İllər də elə illər idi ki, Bakıda mağazalarımızda ürəyin istəyən nələrisə tapmaq müşkül idi. Və Parisdəki asudə saatlardan birində mağazada gözüm bir divar güzgüsünə sataşdı ki, çərçivəsinin naxışları bir dostumun bağışladığı, dəhliz boyu təzəcə yapışdırdığımız çox qəşəng xarici divar kağızının naxışları ilə tam eyni idi. Həm qiyməti baha deyildi, həm də çəkicə yüngüldü. Tərəddüd etmədən aldım.

Elə güzgü qoltuğumda Parisi seyr edirdik, arada səfər yoldaşımız, unudulmaz fotomüxbir Yaşar Xəlilov şəhərin gözəl guşələrində İbrahim Şükürovla mənim şəkillərimizi də çəkirdi və o əsnada hər dəfə Ramiz müəllimdən xahiş edirdim ki, güzgünü saxlasın.

Qayıtdıq gəldik Bakıya.

2 gün sonra getmişdim xarici işlər naziri Həsən Həsənovun yanına. Həsən müəllim də bütün məziyyətlərindən savayı, həm də şux insandır və təbii ki, sınmasından ehtiyat edərək təyyarənin salonuna da qoltuğumda apardığım güzgüdən onun da xəbəri vardı.

Elə kabinetinə girən kimi özünə xas gur gülüşü ilə səsləndi ki, Yaşar fotoları gətirmişdi, səninkiləri ayırmışam. Bir məsələyə məəttəl qaldım ki, Ramiz bizim xüsusi tapşırıqlar üzrə səfirdir, amma onun budəfəki xüsusi tapşırığı, deyəsən, elə sənin güzgünü saxlamaq olub.

Sən demə, kadrların bir çoxunda mərkəzdə İbrahimlə mən dayansaq da, şəklin qırağında qoltuğunda güzgü olan Ramiz müəllim də görünürmüş.
Ramiz müəllim bunca sadə olmağa qadir, ömrü boyu böyüklüyünü, müstəsnalığını nəzərə çarpdırmayan, həmişə böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran mehriban, qılıqlı, xoşrəftar bir insan idi.

Vəzifəcə, rütbəcə o, bəli, xüsusi tapşırıqlar üzrə səfir idi. Lakin onun xüsusi tapşırıqlar üzrə səfirliyi Xarici İşlər Nazirliyində müxtəlif vaxtlarda eyni vəzifəni tutmuş əməkdaşların hər birindən seçildi.

Ramiz Abutalıbov yalnız dövlətin deyil, həm də təməlindən millətinin haqdan gələn bir ilhamla Xüsusi Tapşırıqlı Səfiri idi.

O, xoşbəxt adam idi.

Çünki başqa bir çoxlarının da qazana bildiyi fövqəladə və səlahiyyətli səfir, xoş məramlar səfiri, sülh səfiri və digər rəsmi elçi rütbələrindən ona ən şərəflisi nəsib olmuşdu.

Vətəninə və Millətinə Xeyirxahlıq Səfiri olmaq!

Və Ramiz Abutalıbov bu fani dünyadakı 85 illik ömrü boyunca Allahın ona həvalə etdiyi Milləti və Yurdu üçün Xüsusi Tapşırıqlı Səfir olmaq, Xeyirxahlıq, Nəciblik Elçiliyini yerinə yetirmək vəzifəsinə sonacan vicdanla, ləyaqətlə əməl etdi.

Pərvərdigar onu dünyaya bu vəzifəylə ezam etmişdi və neyləməli ki, hər ezamiyyət bir gün sona yetməlidir!..

Akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook