RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin böyük heykəltəraş Fuad Əbdürrəhmanovun xatirəsinə həsr edilən ilk buraxılışı yayımlanıb Yan 11, 2022 | 15:20 / Mühüm hadisələr

AZTV-nin “Mədəniyyət” kanalında “Vətənim” verilişinin böyük heykəltəraş, tanınmış tişə ustası, Xalq rəssamı Fuad Əbdürrəhmanovun xatirəsinə həsr edilən ilk buraxılışı yayımlanıb.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə Azərbaycan milli heykəltəraşlıq məktəbinin ilk nümayəndəsi və bu məktəbin əsasını qoymuş görkəmli heykəltəraş F.Əbdürrəhmanovun həyat və yaradıcılığına nəzər salınıb.

Akademik R.Hüseynov F.Əbdürrəhmanovun hələ uşaq yaşlarından rəsm çəkməyə böyük həvəsi olduğunu, bu marağın onun ailəsi ilə birlikdə Şəki şəhərindən Bakıya köçməsinin əsas səbəbi olduğunu bildirib. Qeyd edib ki, F.Əbdürrəhmanov ilk ixtisas təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda aldıqdan sonra Leninqradda təhsilini davam etdirmiş, burada çalışan müəllimlərinin onun rəssamlıq bacarıqlarının inkişafında böyük rolu olmuşdur. 

“F.Əbdürrəhmənov qısa bir zaman ərzində SSRİ məkanında tanınan ən məşhur heykəltaraşlardan birinə çevrilmişdir”, - deyə qeyd edən akademik R.Hüseynov böyük heykəltəraşın Azərbaycan rəssamlıq tarixinin zirvəsi olduğunu diqqətə çatdırıb, onun sənətinin dünya miqyasında tanındığını bildirib.

Verilişdə F.Əbdürrəhmanovun xalası qızı Ülkər Hüseynova heykəltəraşla bağlı xatirələrini bölüşüb.

Akademik R.Hüseynov cəmi 56 il ömür sürmüş F.Əbdürrəhmanovun  ərsəyə gətirdiyi əsərlər haqqında məlumat verib. Əlavə edib ki, F.Əbdülrəhmanovdan yadigar qalan əsərləri gördükdə yalnız ayrı-ayrı əsərləri deyil, bütöv Azərbaycanı görmək mümkündür. 

Qeyd edək ki, verilişin ikinci hissəsi yanvarın 17-də saat 19.30-da Mədəniyyət kanalında yayımlanacaq.

 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook