RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin böyük heykəltəraş Fuad Əbdürrəhmanovun xatirəsinə həsr edilən növbəti buraxılışı yayımlanıb Yan 19, 2022 | 15:22 / Mühüm hadisələr

AZTV-nin “Mədəniyyət” kanalında “Vətənim” verilişinin böyük heykəltəraş, tanınmış tişə ustası, Xalq rəssamı Fuad Əbdürrəhmanovun xatirəsinə həsr edilən ikinci buraxılışı yayımlanıb.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə görkəmli heykəltəraş F.Əbdürrəhmanovun həyat və zəngin fəaliyyətindən bəhs edilib.

Akademik R.Hüseynov F.Əbdurrəhmanovun 1934-cü ildə, 19 yaşında ərsəyə gətirdiyi “Oxatan” adlandırılan ilk əsərindən söz açıb, bu əsəri Əbülqasım Firdovsinin “Şahnamə”sindən alınan bir süjet əsasında hazırladığını diqqətə çatdırıb. Bildirib ki, sözügedən əsərdə F.Əbdürrəhmanov öz surətini yaratmış, burada böyük heykəltəraşın gələcək taleyi, alın yazısı əksini tapmışdı. 

O, F.Əbdurrəhmanovun Sankt-Peterburqda Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsində təhsil almasından, burada Mehdi Hüseynzadə ilə dostluq əlaqələrindən bəhs edib. R.Hüseynov F.Əbdürrəhmanovun dostu M.Hüseynzadənin tuncdan hazırladığı abidəsinin tarixçəsindən də danışıb. Həmçinin heykəltəraşın şah əsərlərindən biri olan “Rudəki abidəsi” haqqında məlumat verib. Əlavə edib ki, mütəxəssislər F.Əbdürrəhmanovun bu abidəsinin təkrarsız bir inci olduğunu təsdiq edirlər.

Verilişdə F.Əbdürrəhmanovun xalası qızı Ülkər Hüseynova və Xalq rəssamı Akif Əsgərov heykəltəraşla bağlı xatirələrini bölüşüblər. Həmçinin F.Əbdürrəhmanovun həyat yoldaşı, görkəmli filosof, professor Şüküfə Mirzəyevanın R.Hüseynova böyük heykəltəraşla bağlı söylədiyi xatirələrdən bəhs edilib.

“F.Əbdürrəhmanovun yaratdığı bütün əsərlərin hər bir qarışında dəqiqliyə rast gəlmək mümkündür”, - deyə qeyd edən R.Hüseynov bildirib ki, böyük heykəltəraş hər bir əsərinin bütün cizgilərinə son dərəcə həssaslıqla yanaşmışdır. O, yalnız Azərbaycanın deyil, müsəlman Şərqinin ilk böyük heykəltəraşı olmuşdur.

Akademikin sözlərinə görə, Azərbaycanın bütün zamanlar içərisində ən uca mərtəbədə qərar tutan, heykəltəraşı olan F.Əbdürrəhmanov dünyaya istedadlı Azərbaycan heykəltəraşları nəslini bağışlamışdır.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook