RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin filosof və şair Məhəmməd Bayramxana həsr edilən yeni buraxılışı yayımlanıb Apr 13, 2022 | 11:46 / Mətbuatda çıxışlar

Aprelin 12-də Mədəniyyət kanalında yayımlanan “Vətənim” verilişinin növbəti buraxılışı böyük sərkərdə, dövlət xadimi, filosof və şair Məhəmməd Bayramxana həsr olunub.

Veriliş AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanıb. Verilişdə XVI əsrdə Mərkəzi Asiya tarixinin böyük simalarından biri olmuş tarixi şəxsiyyət Məhhəməd Bayramxanın həyatı və yaradıcılığı haqqında məlumat verib.

Akademik R.Hüseynov qeyd edib ki, uzun illər qəriblikdə yaşamış M.Bayramxan həm də mənəviyyat qəribliyinə düçar olmuş, nəvazişlə “oğul” demədiyimiz Vətən balalarından biri olmuşdur. Bildirilib ki, Azərbaycanın heç bir vəchlə unudulmamalı övladlarından biri olan M.Bayramxan döyüşkən, cəsur, eləcə də həlim təbiətli, şeir yazanları isə çox olan Baharlı qəbiləsindən idi. O, Qarabqoyunlu Qara Yusifin kötükçəsi olmuşdur. Səfəvilər dövründə M.Bayramxanın ailəsi Kirmana köçmüş, Şah İsmayıl Xətainin hökmranlığı dövründə isə Bədəxşanda yaşamışdır.

R.Hüseynov şair M.Bayramxanın təhsilini davam etdirmək üçün Bəlxə göndərilməsindən, Babur kimi görkəmli şəxsiyyətlərin hələ yeniyetmə dövründə M.Bayramxanın istedadının yüksək qiymətləndirməsindən bəhs edib. Onun sözlərinə görə, “Xanlar xanı” rütbəsi verilmiş M.Bayramxan 1556-cı ildən 1560-ci ilə qədər əzəmətli Böyük Moğol imperiyasını idarə etmişdir.

“Məhəmməd Bayramxan Azərbaycanın minillərə sığan və bütöv bir “bahar” adlandırıla biləcək şeir gülüstanın güllərindən biridir. Ancaq bu bircə gül olmadan bu “bahar” bütöv görünə bilməz”, - deyə bildirən R.Hüseynov əlavə edib ki, “bahar”ımızın bütöv görünməsi üçün onu yaradan hər bir çiçəyin qədrini bilməliyik.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook