RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin Mirzə Bilalın sənət taleyinə həsr edilən ilk buraxılışı yayımlanıb Apr 05, 2022 | 11:48 / Mətbuatda çıxışlar

Martın 28-də AZTV-nin “Mədəniyyət” kanalında “Vətənim” verilişinin Yeni Şirvan aşıq məktəbinin banisi Mirzə Bilalın sənət taleyinə həsr edilən ilk buraxılışı yayımlanıb.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə "Şirvan Aşıqlarının Atası" titulunu qazanmış görkəmli sima olan Mirzə Bilalın həyat və yaradıcılığına geniş nəzər salınıb.

Akademik bildirib ki, 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunun Qəşəd kəndində anadan olmuş Mirzə Bilal mədrəsə təhsili aldığı illərdə ərəb və fars dillərinə yiyələnmiş, daha sonra dövrünün tanınmış aşığı Əngəxaranlı İbrahimin Mirzə Biladakı işığı görməsi ilə aşıqlıq sənətinə gəlmişdir. O, M.Bilalın mahalın məşhur xanəndəsi Mirzə Məhəmmədhəsəndən xanəndəlik sənətinin incəliklərini öyrəndiyini diqqətə çatdırıb.

Baş direktorun sözlərinə görə, M.Bilalın mizrab tutan sağ əlinə güllə dəymiş olsa belə, həmin əli ilə möcüzələr yaratmağı bacaran aşıqlardan olmuşdur.

R.Hüseynov Aşıq Mirzə Bilalın sovet rejimininin qoyduğu qadağalara riayət edə bilməməsinin onun represiya olunmasının əsas səbəblərindən biri olduğunu qeyd edib.  

Verilişdə bildirilib ki, M.Bilal 1928-ci ildə Bakıda Azərbaycan aşıqlarının birinci qurultayının nümayəndəsi olmuş və qurultayda bütün aşıqlar adından çıxış etmişdir. Aşıq Mirzə Bilalın şeir və dastanlarının böyük bir qismi Sovet dövründə əmlakı müsadirə olunarkən ələ keçirilərək məhv edilmişdir.

“Mirzə Bilalın gedişi, həyatdan qoparılması ilə millətin mənəviyyatına elə zədələr vuruldu ki, həmin zədələr hər zaman göynəyir və hər zaman sızlayacaq”, - deyə akademik vurğulayıb.

Verilişdə, həmçinin Mirzə Bilalın oğlu Şəfi Bilaloğlu atası ilə bağlı xatirələrini bölüşüb.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook