RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin Novruza həsr edilən ilk buraxılışı yayımlanıb Mart 17, 2022 | 11:53 / Mətbuatda çıxışlar

Martın 14-də AZTV-nin “Mədəniyyət” kanalında “Vətənim” verilişinin Novruza həsr edilən ilk buraxılışı yayımlanıb.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə Novruz mənşəyinə, tarixinə, adət-ənənələrinə nəzər salınıb.

Akademik R.Hüseynov gecə ilə gündüzün bərabərləşdiyi, bərabərlik və ahəng günü olan Novruzun dünyanın bütün xalqlarında əsl yeni ilin başlandığı gün hesab olunduğunu diqqətə çatdırıb.

“Bayramlar hər bir xalqın ruhunun ifadəçisidir”, - deyən akademik Azərbaycanda da əsrlər boyu saysız bayramların qeyd olunduğunu, lakin Novruzun daim insanların qəlbini işıq salan bayramlardan olduğunu vurğulayıb. Qeyd edib ki, Novruz mahiyyətində olan yeniliyi hər zaman hifz edib saxlayan bayramlardan olub.

Onun sözlərinə görə, müxtəlif dövrlərdə hakimiyyətlər, dinlər, təriqətlər Novruzu öz tərəfinə çəkməyə çalışsa da, Novruz hər zaman sadə insanların bayramı olmuşdur. O, müəyyən zamanlarda Novruza qarşı müəyyən yasaqlar qoyulduğundan, onun təntənəli qeyd edilməsinin qarşısının alındığından bəhs edib.

Baş direktor xalqımızın yaddaşında, salnamələrdə qalmış bayramlardan bəhs edərək Azərbaycan xalqının vaxtilə Mehrican, Azərcan və Sayaçı bayramlarını qeyd etdiklərini xatırladıb, bu bayramların hər birinin xüsusiyyəti haqqında məlumat verib.

Akademik, həmçinin vaxtilə bir çox tanınmış şəxsiyyətlərin də Novruzun əhəmiyyəti haqqında düşüncələrini qələmə aldıqlarını diqqətə çatdırıb.

R.Hüseynov tanınmış filosof-şair, astronom Ömər Xəyyamın Novruza həsr etdiyi “Novruznamə” əsərində Novruzla bağlı tarixi rəvayətlər, hikmətli hekayətlər təqdim etməsi ilə yanaşı, onun mahiyyətinə də böyük diqqət ayırdığını bildirib. Qeyd edib ki, Ömər Xəyyam bu əsərinin girişində Novruzun Yer hadisəsindən daha çox Göy hadisəsi olduğuna diqqət çəkib. Əlavə edib ki, şair qayğısız Abdal isə Novruzun Allahın insanlara bu dünyada göstərdiyi cənnət olduğunu bildirib.

O, vaxtilə Zərdüştlərin Qız Qalasında mavi alov ətrafında Novruz bayramını qeyd etdiklərini, onun ətrafında rəqs etdiklərini, mahnı oxuduqlarını deyib: “Azərbaycan xalqı xoşbəxtdir ki, onun minilliklər ərzində olduğu kimi, bu gün də ucalan və hər Novruzda ətrafına Azərbaycanlıları toplayan Qız Qalası boyda ocağı var”.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook