1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ədəbi-bədii tədbirlə qeyd olunub.
Gənc Alim və Mütəxəssislər Şurasının və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbiri muzeyin baş direktoru, akademik Rafael Hüseynov açaraq balacaları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edən akademik deyib: “Bir neçə gün əvvəl bu binada Azərbaycanın Müstəqillik Gününü qeyd etdik. 28 may və bu bina bizə çox doğma və əzizdir. Çünki 1918-ci ilin sentyabrından başlayaraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, nazirləri bu binada yaşayıb və fəaliyyət göstəriblər, dövlətimizlə bağlı ilk qərarları burada veriblər. Bu gün isə bu binada müstəqil Azərbaycanın uşaqlarının bayramını qeyd edirik. Azərbaycanın sabahı, gələcəyi olan bu balacalar çox xoşbəxtdirlər ki, işğal altında olan torpağın deyil, qalib və müstəqil ölkənin övladıdırlar. Onlar müstəqil Azərbaycanda yaşayırlar”.
Rafael Hüseynov uşaqlara sağlam həyat, xoş, firavan günlər arzulayıb, onlara təhsilli və savadlı olmağı tövsiyə edib.
Tədbirdə müasir uşaq ədəbiyyatının görkəmli nümayəndəsi professor Zahid Xəlil, tanınmış şair və yazıçı Rafiq Yusifoğlu uşaqları bayram münasibətilə təbrik edərək onlara xoşbəxt və təhsilli olmağı arzulayıb, şeirlərini səsləndiriblər.
Bayram tədbirində uşaqlardan bəhs edən videoçarx nümayiş olunub. Balacaların Vətən, təbiət, məktəb və digər mövzularda təqdim etdikləri şeir, mahnı, rəqs və səhnəciklər maraqla qarşılanıb.
Sonda uşaqlara Ədəbiyyat Muzeyi tərəfindən sertifikat və hədiyyələr verilib.