RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov Avropa Şurasını və avropalı parlamentariləri ikili standartlara son qoymağa çağırıb İyun 21, 2022 | 12:26 / AŞPA məruzələr

Pandemiya heyrətli gücü ilə qarşısının alınması çox çətin olan qanunsuz narkotik dövriyyəsinə də mane oldu, terrorizmin irəliləyişinə əngəl törətdi, hətta başqa ölkənin ərazilərini zəbt etmək istəyən işğalçıların niyyətlərini də müəyyən zaman çərçivəsində dayandırdı, separatçıları susdurdu. Hər kəsə sübut etdi ki, dünyada insan həyatından ali dəyər yoxdur. Çox şeyə qalib gəldi, ancaq üstün gələ bilmədiyi bir şey oldu – ikili standartlar. Hətta bəşəriyyət ölüm təhlükəsi ilə üzləşdiyi vaxtda da bu bəd xislətdən can qurtara bilmədi. Adicə koronavirusa qarşı peyvəndi bölüşdürmək məsələsinin həllində ikili standartlar bütün qabarıqlığı ilə yenə özünü göstərdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun yay sessiyasının ilk plenar iclasında Daimi Komitə və Büronun fəaliyyətinə dair hesabatlarla bağlı müzakirələrdə deyib. O, ötən çətin ikiillik dövrdən siyasi nəticələr çıxarmağın vacibliyinə toxunub.

“Zənnimcə, olub-keçənlərdən dərs almaq çox vacibdir. Son iki ilin təcrübəsini yaşayandan sonra nəticə çıxaraq və ən azı iki həqiqətin uğrunda mübarizələrdə daha ardıcıl, daha prinsipial mövqe tutaq.

İnsanları məhrumiyyətlərə, acılara, ölümlərə düçar edənlərə, fəlakətlərə sürüyənlərə qarşı mübarizələrdə əvvəlkindən daha yekdil, daha qətiyyətli, daha güzəştsiz olaq və ən mühümü – hətta pandemiyadan da pis mənada güclü olmağı bacarmış ikili standartlara qarşı bundan sonra bir az da barışmaz olaq”, - deyə azərbaycanlı deputat avropalı həmkarlarını ikili standartlara son qoymağa çağırıb.

Qeyd edib ki, hər yaşanmış dövrün, keçilmiş mərhələnin dəyərləndirilməsinə ehtiyac var. Pandemiya demokratiyadan, insan haqlarından güclü ola bildiyini, hamını asanlıqla öz iradəsinə tabe etməyə qadir olduğunu göstərdi. Müəyyən qadağalar tətbiq olundu, bu qadağalar müzakirələrsiz, etirazsız qəbul olundu. Virusa qalib gəldik İnsanlar bu gün anlayırlar ki, pandemiyadan əvvəl xoşbəxt həyat olub.

“Gəlin virusun kökünü kəsməyə çalışdığımız kimi, Avropa Şurasındakı köhnə xəstəlik olan ikili standartlar məsələsinə də son qoymaq istiqamətində də çalışaq”,-deyə R. Hüseynov bildirib.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook