RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Türkiyə Ukrayna ilə bağlı bir sıra problemlərin həllində böyük rola malikdir Okt 14, 2022 | 14:02 / AŞPA məruzələr

Balanslaşdırılmış mətn hazırlamağa səy göstərdiklərinə, Türkiyənin fəaliyyətindəki müsbət məqamları dolğun işıqlandırmağa cəhd etdiklərinə görə məruzəçilərə təşəkkürümü bildirirəm. Lakin əsas məsələ bütövlükdə Avropa Şurasında Türkiyəyə olan münasibətdir. Təkcə son üç ildə Parlament Assambleyasında təcili müzakirələr xətti ilə bu ölkəyə dair 3 dəfə məruzələr təyin edilib. Monitorinq altında olan üzv ölkələr çoxdur, ancaq etiraf edək ki, belə israrlı diqqət heç də onların hamısına nəsib olmur. 


Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun payız sessiyasında “Türkiyənin Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərinə riayət etməsi”nə dair məruzənin müzakirələri zamanı çıxışında söyləyib. O bildirib ki, Türkiyə bu təşkilata üzv ölkələr arasında xüsusi çəkisi olan ölkədir. Avropa Şurası yaranandan bu təşkilata üzv olan Türkiyənin Avropa Şurasının tarixində, eləcə də Avrasiya regionunda demokratik proseslərin inkişafında xidmətləri əvəzsizdir. Dünya siyasətində Türkiyə bir çox hallarda tənzimləyici rolunu üzərinə götürüb və xüsusilə də, Ukrayna ilə əlaqədar müəyyən gərgin problemlərin məhz Türkiyənin vasitəçiliyi sayəsində həll edildiyi hər kəsə bəllidir. Məruzədə də haqlı olaraq Türkiyənin bu xidmətləri ayrıca vurğulanır, BMT-nin iştirakı ilə cari il  iyulun 22-də Qara dəniz taxıl təşəbbüsünün imzalanmasında Türkiyənin mühüm rolu qeyd edilir. Lakin Türkiyənin Avropa demokratiyası qarşısında xidmətləri yalnız son onillərin hadisəsi deyil, onlar dərin tarixə malikdir. 
“Türkiyəni daxildən laxlatmağa çalışan xarici təsirlər və ölkənin içərisində də onların əli ilə idarə edilən qüvvələr həmişə olub və hələ də olmaqdadır. Türkiyə onun dövlətçiliyini sarsıtmağa çalışan qüvvələrə qarşı ardıcıl və qəti şəkildə mübarizə aparmasaydı, düşmənləri istəyinə çatardı. 
Dövlətinə zədə vurmaq istəyənlərə qarşı apardığın mübarizəni başqa cür mənalandırmaq, daha tolerant olmağa səsləmək isə demokratiya pərdəsi altında həmin əks qüvvələrə havadarlıq etmək anlamına gətirir. Belə yanaşmaların arxasında hansı siyasətin dayandığını dərk etmək üçün çox düşünməyə ehtiyac duyulmur. Türkiyə uzun illərdir ki, terrorizmlə üz-üzədir. Əslində, Türkiyənin qarşılaşdığı terror elə bizim hamımıza qarşı da yönəlib”, - deyə R.Hüseynov vurğulayıb. Qeyd edilib ki, Vətənsiz, milliyyətsiz terrorun, terrorçunun qarşısı qəti şəkildə alınmazsa, bu bəlanın  tezliklə başqa ölkələrə də sirayət etməsi qaçılmazdır. 
“Bəs hamımız üçün terrorizmdən qorunmaqda zirehə çevrilən  Türkiyə üçün dünya nə edib? Dünya, Avropa Türkiyənin bu ortaq şərə qarşı mübarizəsində ona hansı yardımları göstərib? Hansı həlledici addımlar atıb? Heç nə. Ancaq terrorizmə, terrorçuya qarşı daha yumşaq davranmaqda,  daha yumşaq rəftar etməkdə, tövsiyələr və nəsihətlər verməkdə kifayət qədər fəallıq müşahidə edilməkdədir”, - deyə azərbaycanlı deputat diqqətə çatdırıb. 
O bildirib ki, üzv ölkə kimi Türkiyənin Avropa Şurası qarşısında vəzifə və öhdəlikləri var, bunları da ardıcıl olaraq yerinə yetirməyə çalışır. Ancaq Avropa Şurasının da üzv ölkələr qarşısında öhdəlik və vəzifələrini unutmayaq. Həmin səbəbdən də daim Türkiyənin yanında olmalıyıq.

Xalq qəzeti

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook